20 Mart 2019, Çərşənbə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Həyatı və yaradıcılığı gələcək nəsillər üçün örnək olan şəxsiyyətlər arasında Azərbaycan rəssamlığına əvəzsiz xidmətlər göstərmiş Bəhruz Kəngərlinin yaradıcılığı çox zəngin və mövzu etibarilə əhatəlidir. Bəhruz Kəngərlinin sənət irsi Vətən gözəllikləri və taleyinin rəngli təsviri deməkdir. Çünki rəng rəssamın göstərmək istədiyi məqsədlərin qabarıq təqdimidir. Bəhruz Kəngərlinin yaratdığı “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Bahar mənzərələri”, “Qaçqınlar” silsiləsinə daxil olan yurdsuz insanların portretləri, “Elçilik”, “Toy” kimi məişət kompozisiyaları, Naxçıvan teatrında tamaşaya qoyulmuş əsərlərə verdiyi bədii tərtibat və geyim eskizləri Azərbaycan boyakarlıq rəssamlığının dəyərli nümunələrindən hesab olunur. 

Onun dərin həvəslə yaratdığı təbiət mövzusundakı əsərlərində hər cəhətdən zəngin və gözəl ana yurdumuzun füsunkar təbiəti, insanı valeh edən ecazkar gözəllikləri əks olunub. Bu təkrarsız ustad sənətkarın rəsm əsərləri bir tamaşaçı kimi məni də həmişə özünə valeh edib, görkəmli rəsm ustadının zəngin yaradıcılığından doğan təəssüratlarımı bölüşmək istəyimi zərurətə çevirib.

Dərin istedad sahibi, görkəmli rəssam, nadir boyakar Bəhruz Kəngərlinin “Şəlalə”, “Günəş batarkən”, “Dağlıq mənzərə”, “Ağrı dağı” adlı əsərlərində sanki təbiət sənətkarın dərin müşahidələrinin onda yaratdığı təəssüratlar, insan ruhuna bütün valehediciliyi ilə hopan gözəlliklərlə təsvir edilib. Sanki bu qüdrətli qələm sahibi təbiətin poeziyasını fırçanın qüdrəti ilə göz yaddaşımıza köçürüb. Elə bil bizim qəlbimizi riqqətə gətirən gözəlliklər onun nadir fırçasından ərsəyə gələn rəsmlərdə əks edilib. Rəssamın “Dağ mənzərəsi” rəsmində Naxçıvan dağlarının əzəmət və qüdrəti, insana genişqəlblilik, dözümlülük və mübarizlik gətirən xarakterik təəssürat cizgiləri əksini tapıb. Onun yağlı boya ilə çəkilmiş “Mənzərə” şəklində isə hiss olunan isti və quruluğun təsirlərinə baxmayaraq, yaşıllığını qorumağa çalışan, yaşamaq üçün mübarizə aparan və boy atmağa, öz gözəlliyini, mövcudluğunu saxlamağa can atan ağaclar təsvir edilib. “Evlə mənzərə” əsərində obyektlərin planlı şəkildə düzgün təsviri daha aydın sezilir və əsərə cəlbedicilik bəxş edir. Əsərdə dağların əzəməti və üfüqin genişliyi qarşısında evlərin sadə görüntüsü diqqəti cəlb edir. Qarşıdakı gölməçədə isə suların parlaqlığı, xüsusilə bu parlaqlıqda ətraf obyektlərin əks olunması böyük ustalıqla təsvir olunub. Bu sadə evlərin qarşısındakı başqa ağaclara nisbətən tənha bir ağacın da dik duraraq göylərə can atan təsviri rəsmə əlavə məna və məzmun qatır. Sanki bu tənha ağacın təsviri insanı bütün çətinliklərə rəğmən yaşamağa, öz varlığını sürdürməyə, problemlər qarşısında məğrur dayanmağa sövq edir.
Öz Vətənini bütün varlığı ilə sevən və ona bağlı bir sənətkar olan Bəhruz Kəngərlinin əsərlərində Vətən təbiəti, tarixi abidələri özünə əsaslı yer tutub. Bununla bərabər, Vətəninin başına gələn müxtəlif hadisələrdən doğan təəssüratlar da onun əsərlərinin əsas təsvir obyektləri olub. Bəhruz Kəngərlinin böyük yanğı və ustalıqla yaratdığı “Qaçqınlar” silsiləsindən olan əsərlərinə həyəcansız baxmamaq olmur. “Tərk edilmiş ev”, “Yurdsuz ailə”, “Papaqlı oğlan”, “Naxçıvanda xaraba qalmış evlər”, “Qaçqın qadın”, “Qaçqın oğlan” və sair əsərlər indi bizim sənət incilərimizin ən gözəl örnəkləri olaraq bizlər üçün yaddaş rolunu oynayır. Xüsusilə bu əsərlərdə görkəmli rəssamın doğma Vətəni olan Naxçıvanda xəyanətkar ermənilərin yaratdığı faciəli hadisələr əsaslı yer tutub. Həmin əsərlərdə azərbaycanlıların başına gələn bəlalar, doğma yurdundan didərgin düşmüş insanların taleyi, vəziyyəti, dağıdılmış və tərk edilmiş yurd yerləri və sair öz təsvirini tapıb. Bu baxımdan mövzu aktuallığına və ideya məzmununa görə görkəmli rəssamın “Qaçqınlar” silsiləsinə daxil olan portretləri bugünkü erməni vandalizmi ilə də səsləşməklə bərabər, canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə də fərqlənir. 1914-1921-ci illərdə bədnam erməni daşnaklarının xalqımızın başına gətirdikləri faciəli, tükürpədici hadisələr gənc rəssamı sarsıdıb, onun yaradıcılığında dərin iz buraxıb. Bəhruz Kəngərli böyük yanğı ilə o dövrdə həmvətənlərinin, sadə insanların, dinc əhalinin başına gətirilən müsibətləri olduğu kimi, real boyalarla təsvir edib.
Onun əsərləri sırasında, təsirliliyi və tarixiliyi ilə mühüm əhəmiyyət kəsb edən rəsm əsərlərindən biri də 1920-ci ildə çəkilmiş “Minarəsi dağılmış məscid” əsəridir. Bu əsər, hər şeydən əvvəl, öz qəribəliyi və sadəliyi ilə seçilir. Rəsmdə minarəsi dağıdılmış, daha doğrusu, minarəsinin ortası yarılmış bir məscid təsvir olunub. Bu sadə və olduqca adi bir rəsm əsəri olsa da, görkəmli fırça ustası Bəhruz Kəngərlinin “Qaçqınlar” silsilə əsərlərindəki kimi, Vətəninin, xalqının başına gətirilən erməni vəhşiliklərinin real tarixi əksi olaraq yaradılıb. Erməni yaraqlılarının vaxtilə Naxçıvana hücumlarını xatırladan dövrü əks etdirən bu əsərdə Azərbaycan-müsəlman əhalisinin etiqad yeri olan, iman səsi eşidilən məscid minarəsinin topla dağıdıldığı təsvir olunub. Əslində, elə rəssam təkcə əsərdə görünən bir təsvir obyektini deyil, həm də onun yaratdığı təəssüratları da təqdim edib. Rəsmdə əks olunan dağılmış minarənin bu tərəfindən, yəni məsciddən baxdıqda sonsuz göylərin ilahi səltənəti olan fəza bir zülm pəncərəsindən görünən kimi təsvir olunur. Ustad rəssam hücum və dağıntıların bir təəssüratı kimi minarənin üzərindəki əbədi səadət və barışı təmsil edən ayparanın da əyilib düşdüyünü təsvir edib.
Böyük rəssamın vətənpərvərliyi sayəsindədir ki, onun ustalıqla yaratdığı əsərlərdə Naxçıvanın tarixi və görkəmli abidələri də xüsusi yer tutur. Vətənin tarixi abidələrinə həssas münasibətinin əyani ifadəsi idi ki, bu görkəmli boyakar Nuhun türbəsi kimi dəyərli tarixi abidəyə 6, Naxçıvanın tarixi simvoluna çevrilən Möminə xatın türbəsinə və İmamzadəyə 4 əsər həsr edib. Köhnə qala və Yusif Küseyir oğlu türbəsi kimi abidələri rəssam gözüylə təsvir edib. Hər rəsmdə abidənin bir qədər söküntüyə, uçquna məruz qaldığı görünür. Rəssam məhz abidənin baxımsızlıq və laqeydlikdən aram-aram necə uçulub-söküldüyünü diqqətə çatdırmaq istəyir. Bu əsərlər bu gün muxtar respublikada mənəvi dəyərlərimizə qayğını, tarixi abidələrimizin bərpası istiqamətində görülən məqsədyönlü işləri keçmişlə müqayisə şəklində aydın dərk etmək baxımından da böyük əhəmiyyət kəsb edir. Bunu da, xüsusilə əlavə etmək olar ki, Naxçıvanda dövlət qayğısı ilə tarixi abidələr təmir-bərpa edilərkən bu görkəmli sənət adamının əsərləri həmin abidələrin yeri və vəziyyəti haqqında mükəmməl məlumat verib.
Beləliklə, hansı zamandan və şəraitdən baxırsansa, bax Bəhruz Kəngərli yaradıcılığı Azərbaycan xalqına böyük xidmətlər göstərmiş milli rəssamlıq nümunəsidir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradıcılıqda püxtələşməyə başlayan, hətta sovet dövründə belə, yaradıcılığı ilə sərgilərə çıxaraq diqqətləri cəlb edən, Azərbaycan rəssamlığının yüksək mövqeyində dayanan Bəhruz Kəngərli milli müstəqilliyimizi bərpa etdiyimiz müasir dönəmdə rəsm sənətinin zirvəsində dayanaraq xalqımıza böyük şöhrət gətirməkdədir. Göstərdiyi xidmətlərə görə xalqımız bu görkəmli rəssamın xatirəsini daim əziz tutub. İstedadlı sənətkarın yaradıcılığı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də həmişə diqqət və qayğısı ilə əhatə olunub.
Naxçıvan şəhərində Bəhruz Kəngərli muzeyinin, adını daşıyan Rəssamlar Parkının yaradılması, parkda onun abidəsinin ucaldılması, 2012-ci ildə rəssamın 120 illik yubileyinin qeyd olunması görkəmli sənətkarın irsinə göstərilən diqqətin, muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin ifadəsidir.
Azərbaycan incəsənətinin tarixində özünəməxsus xidmətləri ilə yaşayan Bəhruz Kəngərli kimi sənətkarlar bəşəri ideyalı insanlar olublar. Cəmi 30 illik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli həmişə müasirimiz olaraq bizimlə bərabər gələcəyə addımlayır.

Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru, dosent

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3782772
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
834
1827
5322
47089
3782772

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter