19 İyul 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Beləcə, bir ömrün son mənzilinə, Azəri torpağı, sən ötür məni... Şair ömrünün sonuncu günü – 1 dekabr 2004-cü il. Qələminin qüdrəti və sözünün gücü ilə yaddaşlara əbədilik yazılan Xalq şairi Məmməd Arazın vəfatından 13 il ötür. Unudulmaz şairin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Şairlər xalqının səsidir, – deyirlər. Asan deyil axı həm xalqın ağrısını, acısını çəkəsən, həm də onu qələmə alasan, elə hey yazasan, dağürəkli, daş­ürəkli olasan gərək. Elə onun da bəxtinə xalqının səsini ucaldanlardan olmaq yazılmışdı. “Yazda ölüm asan olur, Allah, yaza saxla məni”, – deyirdi Məmməd Araz. Kim bilir, bəlkə, elə dərdləri özündən daha böyük olan dünyanı son dəfə gözəl görmək üçün idi bu arzu.
Payızda gəlmişdi dünyaya, 84 il bundan öncə, bir oktyabr günü. Bəlkə də, elə o vaxt “kimdənsə tez durub kiminsə uşağı qulağına daş atmışdı qoca dünyanın. Və elə oradaca pıçıldamışdı: dünyaya yeni bir dünya doğuldu”. Gündoğandan günbatana yayılmışdı bu xəbər. Arazlar, Həkərilər səsindən səs vermiş, qayalar məğrurluğundan, ildırımlar inadından pay vermişdi. Və hansısa bir qarı bu xəbəri elə-obaya yaymışdı. Və beləcə, İnfil kişinin bir oğul övladı dünyaya gəlmiş, adını da Məmməd qoymuşdular.
Söz yolunda fəhlə idi əli qabar, dili qabar. Şum yerindən yığılmışdı misraları qabar-qabar. O, şeirin, şeir onun özü idi. O, “mən də şeirin xidmətçisi, mən də şeirin yiyəsiyəm”, – deyən Məmməd Araz idi.

Vətən dərdini gündoğandan günbatana hayqıranda dizi büdrəmiş, yazının yaddaşına köçürmək istəyəndə əli əsmişdi. Ona görə də “Ölə-ölə yazmadın, yaza-yaza öldün”, Məmməd Araz! Əslində, sənin ölümün ölümsüzlüyün ömrünü bir az daha uzatmaq üçün idi.
Səndən yazmaq istəyirəm. Baxışlarım dolaşır misralarının arasında. Şeirlərin hər bəndində, hər bərəsində çırpıntıları, harayı, arzuları duyuram. “Mən üsyandım, indi dözüm olmuşam”, – deyən Arazın dözümünün səddini görürəm. Hədər yerə söyləməyiblər ki, şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşən şair deyəndə, ağıla ilk gələnlərdəndi Məmməd Araz. Həyatının bütün ağrı-acısını ucqar bir dağ kəndində yaşayan o qarayanız uşağın xalqın sevimli şairi mərtəbəsinə yüksələnə qədər yaşadıqları, uğradığı haqsızlıqlar, umu-küsü necə də sıralanıb bölgülərə, vəznlərə.
“Bir şairin əsl bioqrafiyası şeirləridi”, – deyirdin, şair. Kim daha yaxşı tanıdar səni şeirlərindən özgə...

Xəyanət nə, badalaq nə-tanımadım,
Qibtələr nə, həsədlər nə-uzaq, uzaq.
Paxır nədi, paxıllar nə-heç görmədim –
Və bunların hamısına qoşul deyən
Təriflərə yem olmadım.

Bir şairin həyat və yaradıcılıq qayəsi bundan daha tutarlı necə köçürülərdi şeirin yaddaşına. “Bu torpağın yumruq boyda daşı” olan şairin ürəyində, fikrində hansı hisslər, hansı fikirlər əbədilik daşlaşmadı ki... “Fikrimin çəkisi çəkimdən ağır, dartmaq da çətindir, atmaq da çətin”. O fikirlər səni nə yazmağa, nə də rahat yaşamağa qoydu, şairim! “Ağır bir sənətə könül bağladın, bəxtinə dərdin də ağırı düşdü”. O dərdin adı sənin bənd-bənd, misra-misra dilə gətirdiyin Vətən dərdi idi. Bəlkə, elə bunun üçün “bu torpağa səpilməyə dən kimi acdın, bu torpağın dan yerində dəfn olunmağa bu qədər möhtac”.
“Mən sevgi səpmiş idim bu torpağa, bir ürəyə düşdümü heç bircə dənim?” nigarançılığı var idi şair Arazın. O sevginin adı Vətən, torpaq, yurd, el-oba idi. Ancaq bütün bunların içindən bir sevgi də öz ünvanına baş qaldırdı. İnsanların qəlbində əbədilik şeir-söz-Məmməd Araz sevgisi cücərdi. “Nə vaxtsa dünyanın duru dəmində yenidən dünyaya qayıdacağam” əminliyi vardı əkilmiş o misralarda. Səsi torpağın səsinə köklənmişdi, öz ömrünə, həyatına deyil, xalqının, Vətəninin taleyi ilə birləşmişdi şair qələmi. O, artıq bir əşya deyil, “ox”, “nizə”, “söz yoldaşı”, “mübarizə”nin adı idi. Bəzənsə, qələmi rəssam fırçasından daha yatımlı olurdu, şeirləri canlı tabloları əvəz edirdi. Nahaqdan deməyiblər ki, Məmməd Araz şeir yazmır, təbiətin şəklini çəkirdi...

Gündoğandan günbatana qolumu açam.
Deyəm: indi qalan ömrü zərrəsinəcən.
Ölümlərə
baş əymədən yaşayacağam...

– deyirdi, yaşadı da. Bir tək sözün qulluğunda durdu, bir tək poeziyaya baş əydi. Şeir yazmadı, şeirin özü oldu. “Yanın, işıqlarım”ı, “Sevgi nəğməsi”ni götürüb çıxmışdı bu dəvə yalın belinə. Ancaq özü də anlamışdı, bu yorğun yolçunun yolu yoxuşdu. Eləcə üzü qüruba getmişdi, üzü əbədiyyətə doğru. Xətainin qılıncından yoğurulmuşdu qələmi, söz-söz, kitab-kitab dirçəlirdi. 30-a yaxın kitab, çoxsaylı publisist yazılar, tərcümələr və ömrünün 30 ilini bağışladığı “Azərbaycan təbiəti” jurnalı şair ömründə geridə qalanlar sırasına yazıldı.
Söz yolunda ömür tükədən şairin ünvanına qibtələr də, həsədlər də az deyildi. Hər kəsin deyə bilmədiyini deməyin “cəzası” idi, bəlkə də, bu. Adını, imzanı asanlar, kölgəni qılınc­layanlar, rəddini qazanlar vardı, şair. Və sən bunların fərqində idin. Sən öz dünyana – Məmməd Araz dünyasına qapıldın. O dünya ki onun ocağında bişən nemətlərdən sənin payına tüstü, his düşürdü. Ancaq sən yenə də Vətən torpağına sığınırdın. “Kürək söykəyənin ana torpağa, haqqı yox ayrı bir təltif istəsin!” Qələmini gözünə çıraq eləmişdin, şair Araz. “Sapanda qoyulan beş-on illik daşdın, düyünlənib yönəlmişdin yad əməllərə”.
Vaxtın o vaxtı oldu ki, “Vaxt olur götürüb kağız-qələmi, qaçmaq istəyirəm yer kürəsindən” hissinə qapıldın. Ancaq o anlarda belə, üz tutduğun tək ünvan ana yurdun idi. Hədər yerə yazılmamışdı “Ana yurdum, ağuşuna tələsdim”. Tələsdin, elə dünyadan köçməyə də.
Şair qələmindən süzülən sözlər hələ mürəkkəbi qurumadan şeirsevənlərin ürəyinə hopdu məlhəm kimi. Ən çətin zamanlarda belə, insanlar sənin şeirinlə silahlandı. Sənin şeirin “bir əsgər, bir general” ola bildi. Səsin bu torpağın səsinə köhləndi, şeirlərin vətəndaşlıq andı oldu, “gözün yatsa, kirpiyini oyaq saxla”, – deyib səngər, sərhəd oldun, yurda əl uzadan məkrli qüvvələrə. “Ayağa qalx, Azərbaycan!” nidası vardı şeirlərində. Xatırladırdın, şair: “bunu bizə zaman deyir, məzarından baş qaldıran babam deyir”. Və şair özündən əvvəl və sonra gələcək bütün nəsillərə səslənirdi, hayqırırdı, “səndən qeyri biz hər şeyi bölə billik, səndən qeyri biz hamımız ölə billik”. Özü hakim, özü dustaq olurdu, əli çatmayanda, ünü yetməyəndə özünü günahkar sayırdı, özünə hesabat verirdi, “Məni bağışlayan olarmı? Çətin”.
Böyük insan, dahi şair, şeirimizin vətənpərvərlik məktəbi, Nəsimi harayının əks-sədası, Sabir cəsarətli, Nizaminin, Füzulinin “qoşunlarını” gələn nəsillərə çatdırmağa çalışan böyük söz ustadı, saç ağartdın, ömür tükətdin söz yolunda.
Xalq şairimiz haqqında yazılmış xatirələri, şairin publisistik yazılarını, əlyazmalarını vərəqləyirəm. Bir yazı diqqətimi çəkir, Məmməd Arazın əlyazmalarının içərisindən. “Əgər bir ölkənin başçısı sözü uca tutursa, yaradıcı insanların əməyini dəyərləndirirsə, onda həyatın, yaşamağın mənası daha da artır”. Söhbət ədəbiyyatımızın böyük hamisi və bilicisi ulu öndər Heydər Əliyevdən gedir. Fikrin davamında yazır: “Qollarımdan əlli min dost əli yapışıb. Onlardan ən güclüsü, ən xeyirxahı məhz ölkə başçısı cənab Heydər Əliyevin əlidir”. Xalq şairinin həm şəxsiyyətinə, həm də yaradıcılığına böyük diqqət göstərən ulu öndər 1995-ci ildə şairi ömür-gün yoldaşı ilə birgə dövlət hesabına Almaniyaya müalicəyə göndərmiş, şairi Vətənin ən ali mükafatına “İstiqlal” ordeninə layiq görmüşdü. Məmməd Arazın yaşayışını, həyat tərzini daha da yaxşılaşdırmaq üçün yeni müasir mənzil ilə təmin etmişdir. Ancaq Xalq şairinin həyatına, yaradıcılığına olan diqqət hər gün bir az da artdı. Bu gün istər ölkə başçısı, istərsə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən şairin yaradıcılığına böyük ehtiram var. Xalq şairinin yaradıcılığına göstərilən dövlət qayğısının ən bariz nümunəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə şairin dünyaya göz açdığı Nursu kəndində onun gözoxşayan ev-muzeyi tikilərək Məmməd Araz ziyarətçilərinin istifadəsinə verilmişdir.
Paytaxt Bakıda, həmçinin çox sevdiyi Naxçıvanda adının əbədiləşdirildiyi ünvanlar var.
“Mən uca dağlara babam demişəm,
Ərköyün balayam dağlar yanında”, – deyən Məmməd Araz bu dağların ətəyində ünvan tapdı. Qələm dostuna müraciətlə yazdığı “Şair, qayalara, dağlara söykən”, əslində, özünə məsləhəti idi. “Körpülənin, ay Arazlar, məni qoymayın təklənəm”, – deyib söykəndiyi yer də bura oldu. Və bu ad şair qələminə qoşuldu. Nursu öz şair oğlu ilə dünyanı gəzdi, dünya Nursunu Məmməd Arazın ürəyində, sənətinin sehrində gördü, tanıdı. Bəzən düşünürəm ki, ən böyük ekspozisiya zalı elə təbiətdi, ən dəyərli eksponat elə şairin bənd-bənd, misra-misra şeirləridir.
“Əgər gücüm çatsa, bu torpağı çiynimə alıb dünyanın sənət sərgilərinə çıxarardım, onda bu torpağın rəngləri ilə dünyanı heyrətləndirərdim”, – deyirdi xalqın şairi. Məmməd Araz bu torpağı çiyninə alıb dünyanın şeir sərgilərinə çıxardı, sözün, fikrin gücüylə bu torpağın xəritəsini çəkdi. “Ürəyimi bu torpağa dəfn etdim, demək, nə zamansa, bu torpaqda söz göyərəcək”, – deyirdi şair Araz. Yeni sözlər, yeni fikirlər göyərəcək. Ancaq hər zaman ilk xatırlanan məhz elə Məmməd Araz olacaq.
Məmməd Araz özündən əvvəl və özündən sonra yazan nəsil üçün poetik körpü oldu. Şairin şeirlərinə yazılmış şeirlər və şəxsiyyətinə həsr olunmuş məqalələr, bəlkə də, elə şairin özünün yazdığı qədərdir. Gələn nəsillər üçün bir növ ilham çırağı oldu şairin qələmindən süzülənlər. Sadəcə, şairlərin, yazıçılarınmı? Ürəyinin səsini dinləməyə çalışan hər kəsin. Daha neçə şair, rəssam, heykəltəraş Məmməd Arazdan bəhrələnəcək. Hələ biz Məmməd Araz dühasının izlərini çox görəcəyik, eşidəcəyik. Ancaq nə zamansa, hansısa bir rəssam sözün şəklini çəkməyə çalışsa, mütləq o tablodan Məmməd Araz boylanacaqdır.
Vətəndən ilham aldı, Vətəndən yazdı, yazıb-yaratdıqları da Vətənə qaldı. “Vətənə qaldısa, yada qalmadı”, – dedi şair Məmməd Araz.
“Əsl poeziya oddu”, – deyirlər. Od oldu, su oldu ədəbiyyatda. Yazıb-yaratdıqları ilə özünə əbədilik yaşamaq haqqı qazandı. 

Fizzə BAĞIROVA
Naxçıvan Dövlət Televiziyasının əməkdaşı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2751928
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3386
5250
18979
93167
2751928

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter