24 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Orijinallığı, bənzərsiz naxışları, heyrətamiz rəng çalarları, kompozisiya zənginliyi ilə seçilən Naxçıvan xalçaları... Hər bir ilmə, hər bir naxış milli mədəniyyətimizin qədimliyindən, xalqımızın tarixindən, onun düşüncə tərzindən, adət-ənənəsindən, məişətindən xəbər verir. Xalçalarımız təkcə bədii estetik zövqün daşıyıcısı deyil, həm də milli və mənəvi dəyərlərin, mədəni təşəkkülün, xalq təfəkkürünün ilmələrdə pıçıltısıdır. Evləri bəzəyən min bir naxışlı xalçalarda ömrünü ilmələrə calayan el sənətkarlarının ürəyinin əksini görmək olar. Bu ilmələri vuran, naxışların harmoniyasını quran insanların əziyyətləri min bir rəngin parıltısında sanki öz dincliyinə qovuşur. 

Boyalarının tükənməz zənginliyi, naxışlarının əsrarəngiz gözəlliyi, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə seçilən bu sənət nümunələri xalqımızın yaşı minilliklərlə ölçülən zəngin mədəniyyətinin ən dəyərli incilərindən sayılır. Bu xalçalarda nəsillərin bir-birinə ötürdüyü ornamentlər, xalqın təfəkkürü yaşayır. Xalçaçı qadınlarımız əl işləri ilə özləri də çox vaxt fərqində olmadan keçmişlə gələcək arasında əlaqələndirici rolunu oynamışlar. Ona görə də Naxçıvan xalçaçılıq sənətinin bənzərsiz örnəkləri olan bu el sənəti nümunələrinin öyrənilməsi olduqca əhəmiyyətlidir.

Şahbuz rayonunun kəndlərini gəzsək, çox qeyri-adi gözəlliklərin şahidi olar, min bir çeşidli xalq sənəti nümunələrinə rast gələ bilərik. Yerlərdə “gəbə” deyib əzizlənən, bəzən “ana yadigarıdır” deyib göz bəbəyi kimi qorunan, “sanki övlad böyüdürmüş kimi nazını çəkib toxumuşam” deyən əlləri məharətli, zövqləri incə el sənətkarlarımızın əməyi olan xalçalarımızın sorağı ilə rayonun Yuxarı Qışlaq kəndinə üz tutduq. Yolumuzu əbəs yerə bu kənddən salmadıq. Öyrəndik ki, vaxtilə bu sənətin geniş inkişaf tapdığı Yuxarı Qışlaq kəndi hələ qədimdən çeşidli xalça növləri ilə seçilib. Bu yurdun xalça ustaları tarixi ilmə-ilmə xalçalara həkk edib, öz məişətini, məşğuliyyətini, tarixini xalçalarda yaşadıb. Yerli sakinlərdən eşitdiyimizə görə, o vaxtlar bu kənddə bütün evlərdən həvənin, kirkitin səsi eşidilərmiş. Xalçaçılıq bu yurdun insanlarına öz ulularından qalan qiymətli bir mirasdır. Bu kənddə toxunan xovlu və xovsuz xalçalar bədii tərtibatı, rəng çalarları ilə bu günə qədər göz oxşayır. Neçə-neçə arzunun, ümidin bəhrəsi olan bu dəyərli sənət nümunələrinin yaradıcılarından biri kəndin 82 yaşlı sakini Güllər Qaybalıyevadır. Gözünü açıb əsrarəngiz xalça aləmində böyüyən, hələ gənc yaşlarından xalçaçılıqla məşğul olan Güllər nənə o illəri belə xatırlayır: “Xalça tək bir insanın işi deyil, qonum-qonşu cəm olub bir yerə, başlayardıq ilmələri vurmağa. O vaxtlar bu kənddə kilim toxuyan da vardı, gəbə, garbıt, cecim, şəddə toxuyan da. Kirkitimiz, həvəmiz, cəhrəmiz, darağımız – hər ləvazimatımız olurdu. Gecədən səhərə qədər həvəslə cəhrə əyirir, yun darayırdıq. Lampa işığına toxumuşuq bu xalçaları, o qədər həvəsimiz vardı”.
Bu yurdun xalçalarının araya-ərsəyə gəlməsində xanımlarla yanaşı, kişilərin də rolu böyük olub. Güllər nənənin 60 illik ömür-gün yoldaşı, hələ uşaq vaxtlarından sirli-sehrli xalça aləmində böyüyən, 84 yaşlı Allahverdi baba o illərdən bizə həvəslə danışdı: “Yaxşı yadımdadır, o zaman balaca uşaq idim. Gözümü açıb görmüşəm ki, analarımız, nənələrimiz xalçaçılıqla məşğuldur. Palazlar, kilimlər, gəbələr, garbıtlar, cecimlər toxuyurdular. Heyvanlarımızın yununu yun daraqlarından keçirər, cəhrədə ip əyirərdilər. Soğan qabığından, boyaq otlarından və təbiətimizdə bitən digər bitki və otlardan elə gözəl rənglər əldə edərdilər ki, insan valeh olardı. Sonra həmin ipləri o rənglərlə boyayardılar. Bizim xalçalarımızın bu gün öz rəngini, təravətini qoruyub saxlamasının sirri məhz o təbii boyalardır. Kişilər isə yunun qırxılmasında, hananın qurulmasında qadınlara kömək edərdilər. Bu xalçalar üzərində zəhmətimiz çox olub. Ona görə də bunlar bizim üçün çox qiymətlidir”.
Xalça min illərin yolçusu olan, əsrlərdən, qərinələrdən keçib gələn, özü ilə min bir sehr gətirən qeyri-adi, sehrkar bir canlıdır sanki. Onun öz dili, öz səsi, öz taleyi, alın yazısı var. Yerli sakinlərin dediyinə görə, əvvəllər bu kənddə hər bir evdə, hər bir ocaqda ən azından bir xalçaçı olardı. Onların toxuduqları xalçaların bədii-estetik görünüşü, ordakı naxışlar, təsvirlər bu gün də valehedici gözəlliyi ilə diqqəti cəlb edir. Nələr-nələr dil açıb danışır bu xalçaların naxışlarında. Hər kəs öz ovqatını, daxili aləmini, içində kök salan hisslərini xalçalara həkk edərdi. Ona görə də xalçalarımız başdan-başa tarixdir, hər ipi, hər çeşnisində, hər ilməsində bir ürək döyüntüsü var. Sənətə dərindən bələd olan xalça ustalarımız bu nümunələrdə elə təsvirlər, elə formalar işləyiblər ki, bu gün də onlar sirliliyini qoruyur. Elə Yuxarı Qışlaq kəndinin vaxtilə məşhur xalçaçılarından sayılan 68 yaşlı Sona xanımın da çox xatirəsi bu xalçalarda əbədiləşib. Öz əllərinin zəhməti ilə daradığı, cəhrədə əlçim-əlçim əyirdiyi bu xalçalar indi Sona xanımın göz bəbəyi kimi qoruduğu bir əşya, onun hisslərinin, duyğularının, sevincinin, kədərinin yoldaşına çevrilən sənət nümunələri kimi qiymətlidir. O, bu kəndin xalçaçılıq ənənələri ilə bağlı yaddaşında yaşayanları bizimlə paylaşdı: “Gündüz ev işləri ilə məşğul olub, gecələr isə çırağı qoyurduq yanımıza, onun işığında bu xalçaları toxuyurduq. Xalça kəsiləndə o evdə toy-bayram olardı. Sevinirdik ki, bir xalçanı toxuyub başa çatdırdıq və artıq qışa hazırıq”.
Kəndin 88 yaşlı sakini Səkinə Cəfər­ovanın gənclik illərinin izləri yaşayan bir xalça nümunəsində maral və quş təsvirləri əks olunub. Məlumdur ki, xalçalarımız üzərində tətbiq olunan hər bir naxış, ornament kimi heyvan təsvirlərinin də öz mənası, anlamı var. Naxçıvan xalçalarında tez-tez rast gəlinən maral bütün türklərin eyni rəmzi mənası olan ümumi totemdir. Türkdilli xalqların təsəvvüründə maral yüksəliş rəmzi və böyük güc nişanəsidir. Maralın ağacabənzər buynuzları cavanlaşdırma, daim təzələnmə və zamanın gedişini genişləndirmə rəmzi kimi yozulur. Xalçalardakı quş motivləri isə müqəddəsliyi, həsrəti, intizarı ifadə etməklə yanaşı, xalçanın bədii məzmunundan asılı olaraq həm də mistik dünya ilə yaşanan həyat arasında elçi funksiyasını ifadə edir.
Yuxarı Qışlaq kəndinin xalçaları geniş naxış müxtəlifliyinə malikdir. İlk baxışda qonşu kəndlərdə toxunan xalçalara bənzəsə də, diqqətlə baxdıqdan sonra əmin olursan ki, bəzi ornamentlər sırf bu bölgənin özünəməxsus elementləridir. Belə ki, bu xalçalarda əks olunan və xalçaçıların özlərinin belə adlandırdığı “əl-ələ”, “kərpicgöl”, “mərcangölü”, “qaragöl”, “yaşılgöl”, “midaxil” kimi naxış adları Yuxarı Qışlaq kəndinin özünəməxsus ornamentlərindən sayılır.
Xalı-xalçalarımıza baxanda söz sənətimizin inciləri olan bayatılarımız yada düşür. Axı bizim xalçalarımız nənə-babalarımızın dilində olan bayatılarla, şeirlərlə uyğunlaşdırılıb toxunmuş və nəsillərdən-nəsillərə ərməğan edilmişdir. Xalçaçılardan eşitdiyimizə görə, elə ki, iplər hazır oldu, hana qurulur, dilləri bayatılı, nəğməli gəlinlər-qızlar sözün ilməsini xalçanın ilməsinə bənd edərmişlər. Kəndin bir vaxtlar məşhur xalçaçılarından olan Zəhra nənənin yaddaşında söz incilərimiz bu günə qədər yaşayır:

Marallar düzə gəlsin,
Otlasın, düzə gəlsin.
Kim belə kilim toxusa,
Durmasın, bizə gəlsin.

İqlim şəraiti ilə əlaqədar olaraq bu kənddə daha çox xovlu, yəni yun xalça toxunuşuna üstünlük verilib. Lakin bu faktor da, güman ki, bədiilik hissi, gözəllik duyğuları, insanın həyatda yaratdığı hər bir əşyada əbədiliyi görmək istəyi xalq ustalarını məcbur edib ki, naxışların zərif nüanslarını verməyə imkan yaradan, təbiətin zəngin boyalarını, rəng çalarlarını canlandırmağa qadir olan, əşyaya davamlılıq keyfiyyəti gətirən toxunuş üslubu axtarıb tapsınlar. Xovlu xalçaların yaranması da məhz bununla bağlı olub.
Xalça yolgöstərəndir, himayəçidir, onu toxuyanın gizli sirlərinin kodlarını əks etdirən müdriklərin yazdığı kitabdır. Xalça bitib-tükənməyən bir nəğmədir, oxunduqca maraqlı gəlir. İnsan nə qədər həyəcanlı, narahat olsa da, əlini xalçaya sürtsə, canında bir rahatlıq, əhvalında bir duruluq hiss edər.
Xalça başdan-başa hissiyyatdır. Burada nənə-babalarımızın ruhu ilə danışırsan sanki. Hər xalça çeşnisi bir yurdun, bir elin, bir məkanın melodiyasıdır, təfəkkür tərzimiz və tariximizdir. “Xalçam harda, yurdum orda”, – deyib babalarımız. Xalça yurd, torpaq qədər əziz və toxunulmaz olub bu yerlərdə. Bu sənət nümunələri, keçmişimizin yadigarları Yuxarı Qışlaq kəndində bu gün ən qiymətli sərvət kimi qorunur. İnanırıq ki, bundan sonra da qorunub yaşadılacaq.

Sahilə ARİFQIZI

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4829664
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10787
17982
28769
364724
4829664

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter