23 Sentyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Hər bir xalq özünün milli və mənəvi dəyərləri, adət-ənənələri ilə yaşayır və tanınır. Odur ki, bu sərvətlərin qorunub gələcək nəsillərə ərməğan olunması mühüm rol oynayır. Azərbaycan xalqı da tarixən qədim, eyni zamanda zəngin milli və mənəvi dəyərlərə malik olub. Bədii irsimizin daşıyıcısı olan xalq yaradıcılığı da əsrlər boyu formalaşıb və daha da inkişaf edərək bu günümüzə gəlib çatıb. 

Bu gün milli adət-ənənələrin qorunub saxlanılması ən vacib məsələlərdən biridir. Bu istiqamətdə muxtar respublikada da ardıcıl işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalq yaradıcılığının öyrənilməsinə, onların geniş şəkildə təbliğinə əsaslı töhfədir. Sərəncamda adıçəkilən dekorativ-tətbiqi sənətin əsas növlərindən biri də zərgərlikdir. Qeyd edək ki, zərgərlik sənəti zəngin ənənəyə malikdir. Qədim dövrlərdən Azərbaycan zərgərlərinin yaratdıqları gözəl və nəfis sənət nümunələri dillərdə əzbər olub. Bədii gözəlliyi ilə seçilən milli zərgərlik nümunələri səyyahların, tacirlərin, şairlərin zövqünü oxşayıb.
Aparılan araşdırmalara əsasən demək olar ki, Azərbaycanda zərgərliyin tarixi eradan əvvəl II min­illiyə dayanır. Bunu müxtəlif bölgələrdən tapılmış arxeoloji qazıntılar da təsdiq edir. Tədqiqatçılar Azərbaycan zərgərlik sənətinin ilk mərhələsini Naxçıvan Muxtar Respublikasının Kültəpə yaşayış məntəqəsində və Gəncəçay vadisində aşkar olunmuş bəzək nümunələrində müşahidə etdiklərini bildirirlər.

Azərbaycan zərgərliyi sadədən mürəkkəbə doğru inkişaf yolu keçib. Eradan əvvəl XIII-XI əsrlərə aid olan tunc bəzəklər daha incə, sadə həndəsi naxışlarla bəzədilib. Bəzək mədəniyyətinin sonrakı inkişaf mərhələsini eramızdan əvvəl XI-X əsrlərə aid tunc xəncərlərdə müşahidə edirik. Eramızdan əvvəl VII-VI əsrlərin tunc bəzəkləri yerli ənənələr əsasında hazırlanıb, eramızdan əvvəl IX-VII əsrlərin zərgərlik nümunələri bu sənəti yüksək bədii mərhələyə qaldırıb. Antik və orta əsr abidələrindən tapılmış geniş çeşiddə zərgərlik məmulatları mürəkkəb kompozisiyaya malik olub. Daha sonralar isə qiymətli daşlarla bəzədilməyə başlanılıb ki, buna da “qaş” deyilir. Məhz bu səbəbdən zərgərlik sənəti təkcə qiymətli metalların istehsalını deyil, habelə qiymətli daşların, başqa sözlə, ləl-cəvahiratın işlənmə texnikasını da əhatə edir.
Əsrlər boyu insan gözəlliyinə xidmət edən, onun məişətinə rövnəq verən zər-zivərin əsas kütləsini qadın zinətləri təşkil edib. Aparılan tədqiqatlardan məlum olub ki, bu zinətlər arasında baş bəzəkləri (cığcığa) üstün yer tutub. Baş zinətlərinin Azərbaycanda müxtəlif növlərinə təsadüf edilir. Bunun “alınlıq”, “başlıq”, “qabaqlıq” (Qərbi Azərbaycan), “cütqabağı”, “gəlintac”(Şirvan-Abşeron), “qarabattaq” (Naxçıvan), “araqçın”(Ordubad) və sair adlarla geniş yayılmış xüsusi növləri yaranıb.
Boyun bəzəkləri metal (əsasən qızıl) və qiymətli daşlardan (inci, mərcan, mirvari, kəhrəba və sair) olmaqla iki növdə hazırlanıb. Muncuq boyunbağıların hazırlanması ilə bilavasitə cəvahirsazlar məşğul olublar. Firuzə, yaqut, zümrüd, ləl, büllur, əqiq, kəhrəba qaşlı üzüklər xüsusilə cəvahirsazlığın meydana gəlməsindən sonra geniş yayılıb. Nişan (bəlgə) üzüyü sayılan bu üzüklər ailə münasibətlərinin meydana gəlməsindən sonra dəbə düşüb.
Arxeoloji materiallardan o da bəlli olur ki, orta əsr Azərbaycan zərgərləri bəzək əşyaları istehsal edərkən qiymətli metallarla – qızıl və gümüşlə yanaşı, həm də mis və tuncdan istifadə ediblər. Arxeoloji qazıntıların nəticələri zərgərlik məmulatları arasında baş, qol-bilək, barmaq, sinə, bel bəzəklərinin üstünlük təşkil etdiyini göstərir. Bəzək əşyaları məmulatın növündən, bədii məziyyətlərindən asılı olaraq istehsal texnikasına görə sadə və ya mürəkkəb quruluşda hazır­lanıb. Yerli zərgərlər iş prosesində əritmə, döymə, burma, oyma, cızma, yonma, lehimləmə kimi texniki üsullardan geniş istifadə edirdilər. Məmulatın növündən asılı olaraq bəzək əşyaları nəbati və ya zoomorf motivli naxış elementləri ilə bəzədilirdi. Kütləvi məhsul istehsalına imkan verən qəlibkarlıq texnikasından da kifayət qədər geniş istifadə edilirdi.
Zərgərlik məmulatlarının hazırlanmasında istifadə edilən üsullardan biri də şəbəkə üsuludur. Bu üsulun ən çox inkişaf etdiyi bölgələrin Təbriz, Bakı, Qarabağ, Şəki olduğunu bildirən tədqiqatçılar bu sırada Naxçıvanın da adını xüsusi qeyd edirlər. Daha bir üsul isə xatəmkarlıqdır. Xəncər, qılınc və müxtəlif bədii sənət nümunələrini bu üsulla bəzəyən Naxçıvan zərgərləri istənilən əşyanı üzdən yüngülcə deşib, sonra bu deşik­ləri qızıl, gümüş və başqa rəngli metal ərintisi ilə doldurublar. Bunun ardınca əşyanın üstü hamarlanıb və müvafiq rəsmin əsasında düzülmüş rəngli, qiymətli metallar gözəl bir mozaika təsiri bağışlayıb.
Naxçıvan zərgərlik sənətində minasazlıq üsulu da geniş yer tutur. Minasazlığın ən çətin və maraqlı sahələrindən birinin pərdəli mina olduğunu qeyd edən tədqiqatçılar bu cür işlərin ən çox Naxçıvanda yayıldığını və yerli zərgərlər tərəfindən inkişaf etdirildiyini bildirirlər.
Qədim diyarda zaman-zaman yaşadılan zərgərlik sənəti nümunələrinin texniki cəhətləri ilə yanaşı, bədii xüsusiyyətləri və məzmunu da diqqəti cəlb edir. Bu, onun ornamenti ilə əlaqədardır. Ornament tətbiq olunduğu sənət nümunəsini bəzəməklə bərabər, həm də onun məzmununun üzə çıxarılmasına xidmət edir. Naxçıvan zərgərlərinin hazırladıqları məmulatlar üzərində digər ornamentlərlə yanaşı, həndəsi ornamentlərin də təsvirinə rast gəlinir. Məlumdur ki, uzaq keçmişdə həndəsi naxışlar ibtidai insanlar arasında ilk yazı, yəni izahat forması olub.
Qeyd etmək lazımdır ki, həndəsi ornamentlərdən bir zamanlar geniş istifadə edilib. Azərbaycan dekorativ-tətbiqi sənətinin elə bir örnəyi yoxdur ki, orada emblem və rəmzi mahiyyətli bəzək və rəsmlərə rast gəlməyəsən. Məsələn, dekorativ-tətbiqi sənətin müxtəlif sahələri üzrə hazırlanan bəzi nümunələr üzərindəki aypara və ya ayparalı ulduz rəsmini göstərmək olar. Məlumdur ki, aypara rəsmi qədim insanların astral dini təsəvvürləri ilə əlaqədar olduğu üçün xalq sənəti nümunələrində, o cümlədən qadın bəzək əşyası olan boğazaltıda daha çox istifadə edilib.
Qədim Azərbaycan zərgərlərinin əl işləri bu günümüzə qədər gəlib çatıb. Araşdırmalar göstərir ki, o dövrdə ustalar yalnız bəzək əşyası düzəltməklə kifayətlənməyib, həm də müxtəlif çeşidli gümüş qablar hazırlayıb və bəzi məmulatları bəzəməklə də məşğul olublar. Bundan başqa, zərgərlərimiz qiymətli daşları (yaqut, dağ bülluru) işləmə, cilalama, oyma kimi mürəkkəb texniki üsullar vasitəsilə bacarıqla icra edə biliblər. Bu daşlarla bəzədilmiş bəzək məmulatları indi də diqqəti cəlb edir. Bunların içərisində başları qoç formasında düzəldilmiş bəzəkli gümüş qolbağı və eramızın I əsrinə aid olan ucları ilan başı formasında hazırlanmış qolbağı göstərmək olar. Çox maraqlıdır ki, aypara, altı-səkkizguşəli qədim qadın sırğaları sonrakı dövrdə Nizaminin “Yeddi gözəl” əsərində təsvir edilir. Zərgərlik sənəti sonrakı dövrlərdə də öz inkişafını davam etdirib, tarixin bütün mərhələlərində ictimai-iqtisadi münasibətlərin təzələnməsi ilə müəyyən dəyişikliyə uğrayıb və zənginləşib. Bu, özünü daha çox zinət əşyalarının formalarında və bəzəklərin müxtəlifliyində büruzə verir.
Bir sözlə, zərgərlik Azərbaycan xalqının ən qədim el sənətlərindəndir. Bu sənət nümunələrini qoruyub yaşatmaq hər birimizin borcudur. Unutmayaq ki, müasir dövrdə qloballaşma prosesi gedir. Yəni xalqlar və ölkələr sürətlə bir-birinə inteqrasiya edir. Belə bir şəraitdə hər bir xalqın öz milli kimliyini qoruyub saxlaması, başqa xalqların onun mədəniyyət nümunələrini mənimsəməsinin qarşısını alması əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Təcrübə göstərir ki, xalq öz milli-mənəvi dəyərlərinə sahib çıxmasa, onlar başqa xalqlar tərəfindən özününküləşdirilər, mənimsənilər. Ona görə də biz milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, yaşatmalı və təbliğ etməliyik”.

Nuray ƏSGƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4347937
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3559
17506
82494
336301
4347937

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter