23 Sentyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Musiqi sənəti hər bir xalqın mədəniyyət tarixinin tərkib hissəsini təşkil edir. Bu sənətin kamala yetməsində başlıca rol oynayan musiqi alətlərinin yaranması da, təbii ki, çox qədim dövrlərə gedib çıxır. Musiqi alətləri ilk əvvəllər ibtidai formada olub, insan cəmiyyətinin sonrakı mərhələlərində mədəniyyətin, musiqi və ifaçılıq sənətinin inkişafı ilə əlaqədar böyük bir təkamül yolu keçib. Musiqi alətlərinin meydana gəlməsi ilə bağlı bir sıra fərziyyələr mövcuddur. Belə ehtimal olunur ki, ilk əvvəl onlar siqnal alətləri rolunu oynayıb, bu və ya digər dərəcədə ibtidai insanın əmək prosesi ilə bağlıdır. Lakin arxeoloji qazıntılar sübut edir ki, hələ insan cəmiyyətinin erkən inkişaf mərhələsində sırf estetik funksiyaları yerinə yetirən musiqi alətləri də mövcud olmuşdu. Bəzi musiqi alətlərimiz öz qədim forması ilə bu günümüzə gəlib çıxdığı halda, bəziləri inkişaf prosesi keçərək xeyli dəyişib. 

Musiqi alətlərini şərti olaraq xalq çalğı alətlərinə və professional musiqi alətlərinə ayırırlar. Bu məqalədə xalq çalğı alətləri haqqında danışacağıq. Onlar xalq tərəfindən hazırlanıb məişətdə, o cümlədən bayramlarda, toylarda, müxtəlif mərasimlərdə geniş işlədilir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş materiallar respublikamızın ərazisində çox qədimdən musiqi alətlərinin istifadə olunduğunu sübut edir. Azərbaycanın qədim musiqi alətləri haqqında məlumatlara orta əsr şairlərinin əsərlərində də rast gəlirik. Nizami Gəncəvinin məşhur “Xəmsə”sində musiqi yaradıcılığının ayrı-ayrı janrları, müxtəlif çalğı alətləri və ifaçılıq sənəti haqqında maraqlı fikirlər vardır. Onların bəziləri ilə yaxından tanış olaq.
Tar əsas Azərbaycan xalq çalğı alətlərindən biridir. Bu alətin xalq arasında geniş şöhrət qazanması milli musiqimizin zənginliyi, qədimliyi və musiqi sənətimizin klassik janrı olan muğamın varlığı ilə sıx bağlıdır. Xalq təfəkkürünün, arzu və istəklərinin poetik ifadəsi şəklində təzahür edən muğamlar inkişaf etdikcə, tar da təkmilləşərək və bugünkü səviyyəyə gəlib çıxıb.

Əvvəllər tar 5 simli olub, diz üstündə ifa edilərdi. XIX əsr Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi Əsəd Mirzə Sadıq, el arasında Sadıqcan kimi tanınan şəxs bu alətin konstruksiyasını elmi-akustik prinsiplər əsasında köklü surətdə təkmilləşdirərək, onun simlərinin və pərdələrinin sayını artırıb, sinə üstündə ifa etmək üsulunu tətbiq edib. Sadıqcanın bu islahatı qısa zamanda Orta Asiya tarzənləri tərəfindən qəbul edilib.
Hazırda tar 11 sim və 22 pərdəli musiqi alətidir. Onda rəngarəng və ritmik melodiyalar, habelə texniki passajlar ifa etmək mümkündür.
Onu da qeyd edək ki, tarın ifaçılıq imkanları təkcə xalq çalğı alətləri orkestri ilə məhdudlaşmır. Professional musiqimizin banisi Üzeyir Hacıbəyov bunu nəzərə alaraq “Koroğlu” operasında onu ilk dəfə simfonik orkestrə daxil edib.
Azərbaycan bəstəkarları öz yaradıcılıq təcrübəsində doğma musiqi ənənələrinə, onun janr və formalarına istinad edərək tarın ifaçılıq imkanlarını yüksək qiymətləndirmiş, öz əsərlərində bunu təbliğ etmişlər. Belə əsərlərə misal olaraq H.Xanməmmədovun “Tar ilə simfonik orkestr üçün konsert”, S.Rüstəmov və S.Ələsgər­ovun bəstələdikləri tar ilə xalq çalğı alətləri orkestri üçün konsertləri, A.Rzayevanın “Tar üçün pyeslər” və sairi göstərmək olar.
Kamança zəngin melodik imkanlara malik musiqi alətidir. Nizaminin “Xosrov və Şirin” poemasından məlum olur ki, bu alət hələ o dövrdə Azərbaycanda geniş yayılıbmış.
Qədim kamança cəmi bir simdən ibarət olub. Üçsimli kamançanın tarixi isə XVII əsrə təsadüf edir. Hazırda istifadə edilən kamança 4 simlidir. Ondan xalq çalğı alətləri orkestrində və ansambllarda əsas melodiyanı aparan solo alət kimi istifadə edirlər. Dahi bəstəkarımız Üzeyir Hacıbəyov kamançaya yüksək qiymət verərək yazırdı: “ Uzun səsli, telli musiqi alətlərinin yeganə nümayəndəsi kamançadır. Kamançada ifa olunan musiqi səscə daha mükəmməl və insanın səsinə daha yaxındır. Kamança melodik alətlərdən ən gözəlidir”.
Kamança böyük səs əlvanlığına malikdir. Simlərin hər birində özünəməxsus səs çaları var. Bəzi xalq çalğı alətlərimizdə ştrixlərin səsləndirilməsi üçün mizrab üsullarından istifadə edildiyi halda kamançada kamandan istifadə olunur. Bu alət orkestrdə, demək olar ki, tar aləti ilə bərabərhüquqludur. Uzun illər boyu Azərbaycan xalq çalğı alətləri orkestrinə dirijorluq etmiş bəstəkar Süleyman Ələsgərov orkestr üçün yazdığı bir sıra əsərlərində kamançanın ifaçılıq imkanlarını nəzərə alaraq ifadəli kamança partiyaları yaratmağa nail olub.
Qanun ifaçılıq imkanlarına görə orkestrdə mühüm yer tutan musiqi alətlərindən biridir. O, peşəkar musiqiçilərin alətidir. Virtuozluq tələb edən əsərlər bu alətdə xüsusilə böyük ustalıqla ifa olunur. Onu ifa etmək, ilk baxışda göründüyü kimi də asan deyil. Mahir qanun ifaçısı olmaq üçün onun ifaçılıq texnikasının incəliklərini mənimsəmək başlıca şərtdir. Əsasən müşayiətçi alət olan qanunda solo ifa çalğıçıdan böyük zəhmət və virtuozluq tələb edir. Musiqişünasların fikrincə, qanun onun tembrinə uyğun alətlərlə – saz, ud və sair ilə birlikdə ifa ediləndə səslənmə yaxşı alınır.
Nizami Gəncəvi, Əssar Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər klassiklərin əsərlərində qanundan bəhs edilir. XII əsrdə yaşayıb-yaratmış şairə Məhsəti Gəncəvi bu alətin mahir ifaçısı olub.
Qanun dərsləri Naxçıvanda uşaq musiqi məktəblərində, kolleclərdə, eləcə də ali musiqi təhsili ocaqlarında tədris edilir.
Ud. Uzunömürlü musiqi alətlərindən biri də uddur. Bu alət qədim zamanlardan başlayaraq bir sıra Şərq ölkələrində də geniş yayılıb. Ud haqqında ilk məlumatlara o dövrün alimlərindən olan İshaq İbrahim oğlu və Əbu Nəsr Fərabinin əsərlərində rast gəlinir. Qədim udun 4 simi olub. Müasir udun isə 5 cüt, 1 tək olmaqla, cəmi 11 simi var. Alətin qolunda pərdələr yoxdur. O ifa olunarkən sinəyə sıxılır, çanağının kənarı isə dizə söykənir.
Musiqişünas Səfiəddin Urməvi isə bu aləti təkmilləşdirib, onun ifaçılıq imkanlarını genişləndirib. O, həmçinin dövrünün mahir ud ifaçısı kimi də tanınıb.
Saz. Xalqımızın xoş duyğularının, zərif və kövrək hisslərinin tərcümanı olan sazın əsl ifaçıları aşıqlardır. O, əsasən, solo-vokal ifasını müşayiət edən musiqi alətidir. Saz türk dünyasının rəmzlərindən biridir. Qədim türkdilli xalqlarda ozan, varsaq kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılır. Eləcə də Nizami Gəncəvinin əsərlərində adıçəkilən setar bu alətin sələfi hesab edilir. Xaqani Şirvaninin əsərlərində birsimli, Füzulinin “Leyli və Məcnun” poemasında isə ikisimli sazdan bəhs olunur. Belə sazların quruluşu çox sadə olub. Bu alət, əsasən, tut və qoz ağacından, mizrabı isə gilas ağacının qabığından hazırlanır.
Saz uzun müddət orkestrlərdə çox nadir hallarda çıxış edib. Səbəb isə həmin illərdə saz ifaçılarının Avropa not sisteminə öyrəşə bilməməsi idi. Buna görə də bəstəkarlarımız orkestr üçün əsərlər yazarkən saz partiyasından çox az-az istifadə edirdi. Yalnız 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə “Arşın mal alan” musiqili komediyasını müşayiət edən xalq çalğı alətləri orkestrində ilk dəfə olaraq saz not dilində danışdı və orkestrə yeni təravət gətirdi. Bundan sonra isə bəstəkarlar öz partiyalarında bu alətə yer verməyə başladılar. Hazırda da bu ənənə davam etməkdədir.
Dəf Azərbaycanın qədim zərb alətlərindəndir. Bu musiqi alətindən hələ XII- XIII əsrlərdə şənlik məclislərində istifadə olunması bədii ədəbiyyatdan da məlumdur. Bununla yanaşı, Təbriz miniatür məktəbi rəssamlarının musiqi məclislərini təsvir edən əsərlərində də dəf alətinə rast gəlinir.
Dəf aləti bir üzü açıq, o biri üzünə dəri çəkilmiş dairəvi ağac gövdədən ibarətdir. O, xüsusilə ritmik muğamların ifasında təsnif zamanı nisbətən sərbəst rola malik olur, yəni solo aləti kimi çıxış edir.
Tütək. Vaxtilə ancaq çobanların, sonralar isə həvəskarların sevimli musiqi aləti kimi şöhrət qazanmış tütək indi peşəkar ansambl və orkestrlərdə özünə layiqli yer tutub. Keçmişdə Azərbaycanın şəhərlərində tütəkdə çalan peşəkar ifaçıların kiçik ansamblları mövcud idi. Onlar müxtəlif bayram şənliklərində iştirak edirdilər. Bir çox küçə tamaşaları, xalq oyunları tütəklə müşayiət olunurdu. Sirk tamaşalarının başlanmasını da tütəklə xəbər verirdilər.
İbtidai tütək barmaq dəlikləri olmayan adicə borudan ibarət olub. Sonralar insanlar heyvanların sümüklərindən, dişlərindən də tütək düzəltməyə başlayıblar. Dulusçuluq sənətinin inkişafı ilə əlaqədar olaraq tütəklərin yandırılmış gildən düzəldilməsi də tarixə məlumdur. Zaman keçdikcə ifaçılar bu alətdən istifadə edərkən qarşıya çıxan çətinlikləri aradan qaldırmaq zərurəti ilə qarşılaşıblar. Beləliklə, burada müxtəlif yüksəklikdə səslər əldə etmək məqsədilə yeni üsullar axtarır, nəhayət, tütəkdə dəliklər açılır. Zamanla bu dəliklərin sayı 7-yə çatır.
Musiqi alətlərimizdən tutmuş adət-ənənələrimizə kimi nə varsa hamısı bizim mədəniyyət nümunələrimiz, mənəvi sərvətimizdir. Əsas, bu sərvətə sahib olmaq deyil, ona sahib çıxmaqdır. Zəngin musiqi irsimiz, dəyərli xalq çalğı alətlərimiz lazımi səviyyədə təbliğ edilməsə, ifaçılıqda istifadə olunmasa, bu, zaman-zaman onların unudulması ilə nəticələnə bilər. Bu baxımdan qeyd etmək lazımdır ki, notlu orkestr yarandığı gündən xalq çalğı alətlərindən istifadə Azərbaycan bəstəkarlarının diqqət mərkəzindədir. Onların əksəriyyəti orkestr üçün əsərlər yazıb, yazmağa da davam edirlər. Görkəmli bəstəkar Dmitri Şostakoviç Azərbaycan bəstəkarlarının xalq çalğı alətləri orkestri üçün bəstələdikləri əsərlərə yüksək qiymət verərək yazırdı: “Sevindirici haldır ki, Azərbaycan bəstəkarlarının yaradıcılığına xas olan zövq zənginliyi və əsl bədiilik kimi gözəl məziyyətlər xalq çalğı alətləri orkestrində də öz əksini tapmışdır”.

 Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4347958
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3580
17506
82515
336322
4347958

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter