21 Avqust 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Azərbaycanın məşhur kəndlərinin birindən reportaj (I yazı)

...Bu evi kəndin o zaman ən varlı adamlarından olan Hacı Məhəmməd tikdirib. Onun Arazın üstündəki körpünün yanında dükanı vardı. İrandan mal gətirib satardı. O dövrdə bu cür 6-7 otaqlı, ikimərtəbəli belə mülk tikdirmək hər kəsin işi deyildi. Bu binanın qarşı tərəfində də 4-5 otaqlı bir ev tikdirmişdi. Ancaq sonradan həmin evin otaqlarını sökdülər. 20 sota yaxın ərazisi var bu həyətin. Görürsünüz də, binanın fasadındakı “prikaz” mətni, rusca hərbi şüarlar sovet əsgərlərindən qalma yadigarlardır. Evin birinci giriş qapısı üzərindəki daş kitabədə oyularaq həkk olunmuş beşguşəli ulduz, “1909” və ərəb qrafikası ilə əski əlifbaya uyğun hərflərlə sözlər yazılıb. Tərcüməsini bilmirəm, indiyə qədər bura baxanlar çox olub. Ancaq onu bilirəm ki, bu ikimərtəbəli ev 1901-ci ildə tikilib. İkinci mərtəbəyə qalxan pilləkənlər də böyük sal daşlardan yonularaq düzəldilib. Ağsaqqallarımız belə rəvayət edirlər ki, burada o dövrdə dəmir yolunun tikintisində çalışan yunanlar işləyiblər. Hacı Məhəmməd onlara yaxşı pul verirmiş, yerli adamlardan da işləyənlər varmış. Allah sovetlərin evini yıxsın, heç qoymadılar Hacı bu evdə rahat yaşasın. Sovet hakimiyyəti qurulandan sonra bu binanı rus hərbçilərinin yerləşdirildiyi komendaturaya çevirdilər (bəzi məlumatlara görə isə II Dünya müharibəsi dövründə sovet qoşunlarının İrana dislokasiya olunmuş hissələri müvəqqəti burada yerləşdirilib). Hacını isə evini tərk etməyə məcbur etdilər. Müharibədən sonrakı dövrlərdə bu ikimərtəbəli ev gah dövlət idarəsi, gah da uşaq bağçası kimi istifadə olundu. Nəhayət, 1975-ci ildə Hacı Məhəmmədin oğlu bu ata mülkünü bizə satdı. Biz isə burada 2004-cü ilə qədər yaşadıq. İndi isə gördüyünüz kimi heç kim yaşamır...

Bu söhbəti bizə 62 yaşlı kənd sakini Cəbi Həsənov danışır. Ümumiyyətlə isə kənddə bu cür tarixi tikililər bir çox yerdə var. Onların bəziləri sökülüb-dağılsa da, yaşayış yeri kimi istifadə olunanları da var. Ancaq bu mövzuya bir azdan qayıdacağıq...
İndi isə orta əsrlər Naxçıvanında karvan yolları üzərində yerləşən, Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Araz çayı kənarında çoxsaylı ticarət obyektlərinə malik olan, hazırda da keçid məntəqəsi kimi istifadə olunan məşhur Azərbaycan kəndi – Şahtaxtıdan bəhs edəcəyik. O kənd ki təkcə tarixi ilə deyil, həm də yerləşdiyi coğrafi mövqeyə, yetirdiyi yüzə yaxın elm adamına görə digərlərindən fərqlənir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Şahtaxtı dünyada məşhur Azərbaycan kəndlərindən biri kimi tanınır. Bu kənd ona görə tanınır ki, böyük şəxsiyyətlər yetişdirib. Həmin şəxsiyyətlərin Azərbaycan dövlətçiliyinin qorunmasındakı xidmətləri, muxtar respublikamızın ictimai-siyasi həyatında yaxından iştirakı, ölkəmizdən kənarda siyasi fəaliyyətləri Şahtaxtını məşhurlaşdırıb”.
Beləliklə, budəfəki yazımızda daha çox Şahtaxtının dünəninə nəzər salacağıq...
Naxçıvanımızın elə bir bölgəsi, elə bir yaşayış məntəqəsi yoxdur ki, qədim tariximizin müəyyən bir parçasını özündə yaşatmasın. Ancaq elə yaşayış məntəqələrimiz də var ki, bu ərazilər nə qədər öyrənilsə də, öz sirrini saxlayaraq yeni tədqiqatların aparılmasını zəruri edir. Tarix faktlara söykənəndə maraqla oxunur. Lakin tarix rəvayətləri, xalq dilini də sevir. Çünki rəvayətlər də heçdən yaranmır, həm də xalqın dilindən səslənir. Elə biz də Şahtaxtıda bu dəfə gördüklərimizi xalq dilində çatdırmağa çalışacağıq...
Sovetlər Birliyi dövründə ozamankı Şərur, indi isə Kəngərli rayonunun kəndlərindən 18 yaşı tamam olan kənd cavanlarının hamısının yolu bu kənddən düşərdi. Hətta indiki Şərur rayonunun yaxın kənd­lərindən də bura gələnlər az deyildi. Yox, o zamanlar sərhədlər bağlı idi, heç bir xarici dövlətə keçmək mümkün deyildi. Ancaq hərbi xidmətə yolu düşən gənclərin yaxınları üçün yolasalma mərasiminin sonu Şahtaxtıdakı dəmiryol vağzalının həyətində sona çatardı. Buna görə də çağırış dövründə vağzalın yan-yörəsi adam əlindən dolub-daşardı. Çoxlarımız üçün dövlət sərhədi ilə, Araz çayı ilə yaxından tanışlıq da buradan başlanardı. Bir sözlə, o zamanlar yük maşınlarının kuzovuna doluşaraq buradakı dəmiryol vağzalına yolu düşən gənclərin bir çoxu kimi mənim də Şahtaxtı kəndi ilə tanışlığım belə başlamışdı.
Mərhum alim, filologiya elmləri doktoru Adil Bağırov “Naxçıvan oykonimləri” kitabında “Şahtaxtı” sözünün xalq etimologiyasına görə, “şahın taxtı”, “şahın oturduğu yer” mənasında olduğunu göstərməklə, “şah” sözünün (hündür, yüksək, ən birinci) “taxt” sözü (dağ döşündə düzənlik) ilə birləşərək “hündür yerdə olan taxt, düzənlik” mənasını verdiyini qeyd edir. Kəndin adına müxtəlif tarixi mənbələrdə rast gəlinsə də, bu sahədə dəqiq araşdırmalar hələ də yolunu gözləyir. Çünki hələ də tədqiqatçılar arasında dağlıq ərazidə yerləşməyən kənddə taxtın hansı şahla bağlı olması haqqında fərqli fikirlər mövcuddur. Ancaq bütün bunlara baxmayaraq, Şahtaxtı kəndi bir çox maraqlı tərəfləri ilə seçilir. Birinci ona görə ki, kənd çox qədim tarixə malikdir və burada aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri bunu bir daha sübut edir. Alimlərin gəldiyi qənaət budur ki, Şahtaxtı hələ bizim eradan əvvəl VI-IV minilliklərdən başlayaraq intensiv istifadə olunan, eradan əvvəl II min­illikdən isə ətrafı qala divarlarıyla möhkəmləndirilmiş yaşayış məskəni olub. İkinci tərəfdən, Şahtaxtı kəndi coğrafi mövqeyinə görə indi olduğu kimi, keçmişdə də mühüm əhəmiyyət daşıyıb. Kənd orta əsrlərdə şimal-cənub və şərq-qərb istiqamətində ən çox istifadə olunan karvan yolunun üzərində yerləşib. Bu qədim yaşayış məntəqəsi elə bir coğrafi nöqtədə qərarlaşıb ki, cənubdan Araz çayını keçib şimal istiqamətində hərəkət edən karvan Şərqdən Qərbə uzanan Böyük İpək Yoluna çıxmaq üçün mütləq şəkildə buradan keçməli idi. Məsələnin digər maraqlı tərəfi isə ondan ibarətdir ki, Şahtaxtı kəndi tarixin bütün dövrlərində tanınmış şəxsiyyət­lər yetişdirib. Xüsusiləşdirməyə çalışmasaq da, Kəngərlilər dövrünün tayfa başçılarından, sərkərdələrindən tutmuş, ölkəmizin son 200 ildə ictimai, siyasi, mədəni həyatında mühüm rol oynamış bir çox tanınmış şəxsiyyətləri məhz bu kəndin yetirmələri olub...
...Kəndin tarixi tikililərindən danışırdıq axı. Girişdə bəhs etdiyimiz Hacı Məhəmmədin evi haqqında kənd sakini, 1925-ci il təvəllüdlü Məşdi Hüseynov da maraqlı məlumatları bizimlə bölüşür. Yaşına görə çox qıvraq görünən bu ağsaqqal həmsöhbətimiz deyir ki, kənddə Hacı Məhəmmədin, Kərbəlayı Salmanın və digərlərinin tikdirdiyi evləri ağlı kəsəndən belə görüb. Məlumat verir ki, Hacı Məhəmmədin evi repressiya dövründə dövlət idarəsi kimi istifadə olunub. 1938-ci ildə kənddə atası Hüseynov Cavad Kərbəlayı Əhməd oğlunu, Qazıbəyov Əbül Məşədi Əli oğlunu, Seyidov Mirqasım Mirəziz oğlunu və Mahmudov Məşədiqasım Kərbəlayı Məhəmməd oğlunu həmin binada mühakimə ediblər. Atasını 1938-ci il martın 29-dan 30-na keçən gecə güllələyiblər, digərlərini də həmin mart ayında güllələmə ilə cəzalandırıblar... Sonra bizə bir qəzet gətirir. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin “Sərhəd” qəzetinin 1 nömrəli xüsusi buraxılışında “Yaddaşın bərpası” adlı siyahıda yuxarıda adıçəkilən şəxslərin ölüm hökmü haqqında əmrlərini, mühakimə olunduğu tarixləri bizə göstərir. Nəşr tarixi heç bir səhifədə göstərilməsə də, kiril əlifbası ilə dərc olunmuş qəzetin müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf etdiyini öyrənirik. Məşdi Hüseynov atasının bəraəti ilə bağlı 1962-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinə yazılı müraciətindən sonra ona göndərilən bəraət sənədini də qəzetlə birlikdə saxlayır. Deyir ki, Şahtaxtıdan o zaman sürgünə göndərilən, repressiyaya məruz qalan, sovet hakimiyyəti qurulan zaman sərhədi adlayaraq o taya keçən xeyli kənd sakini olub.
Kənddə Hacı Məhəmmədin evindən bir az aralıda zahiri görünüşü ilə ilk baxışdan diqqəti cəlb edən daha bir tarixi bina yerləşir. Bu bina digəri kimi ikimərtəbəli olsa da, otaqlarının sayı azdır. Hazırda burada yaşayış da mövcuddur. İbrahim İbrahimov uzun illər kənddə müəllim işləyib, indi isə təqaüddədir. Ailəsi ilə bu evdə yaşayır. Deyir ki, bu evi babası Kərbəlayı Salman tikdirib. Hər mərtəbəsində 3 otağı olan evin divarlarının eni birinci mərtəbədə 1 metr, ikinci mərtəbədə isə 80 santimetrə çatır. Müsahibimiz bizi evə baxmağa dəvət edir. İbrahim müəllim məlumat verir ki, babasının dediyinə görə, evi 1867-ci ildə tikdirib. Evin tikintisində digər tikililərdə olduğu kimi, Şahtaxtının yonulmuş yerli daşlarından istifadə olunub. O dövrə məxsus evlərdə olduğu kimi, buradakı otaqların divarlarında da müxtəlif əşyaların saxlanılması üçün taxçalar yerləşir. Evin tavanında istifadə olunan ağac dirəklər isə bir-birinə 20-30 santimetr yaxınlıqda, otağın mərkəzi hissələrində isə yanaşı olaraq qoyulub. Maraqlı odur ki, 150 yaşlı evin dam örtüyündə indiyədək qoruyucu şifer materialından istifadə olunmayıb, ancaq heç bir yağıntı da bu günədək otaqlara təsir etməyib. Ev sahibi bunu dam örtüyünün yerli möhrə palçığı ilə suvanması ilə izah edir. Yerli ustaların zəhməti sayəsində ərsəyə gəlmiş evin fasadında, ən yuxarı hissədə isə daş kitabədə saat cizgilərini xatırladan oyma xətlər və əski əlifba ilə yazılmış yazılar diqqəti cəlb edir. Bu haqda tam məlumat ala bilməsək də, deyilənlərə görə, kitabədə gün saatı və evi tikən ustanın və ya ev sahibinin adı həkk olunub.
Şahtaxtı qeyd etdiyimiz kimi, bir çox tarixi şəxsiyyətlərin doğulub boya-başa çatdığı kənddir. Burada indiyədək 76 nəslin nümayəndəsi qeydə alınıb ki, onlardan 69-nun davamçıları hazırda da kənddə yaşayırlar. Bu məlumatı isə kənd ziyalısı, hazırda təqaüddə olan coğrafiya müəllimi Seyid Zamin Mirnəzir oğlundan alırıq. Yaşadığı kəndin tarixinə məxsusi sevgisi ilə seçilən ağsaqqal ziyalımız artıq bir neçə ildir, bu sahədə araşdırmalar aparıb, uzun müddət Azərbaycanın dövlət arxivlərində 1831, 1842, 1852 və 1873-cü illərin kameral siyahılarını tədqiq edərək yuxarıda qeyd etdiyimiz faktları əldə edib. Sonra həmin illərdən Şahtaxtıda yaşayan nəsillərin şəcərəsini müasir dövrədək qruplaşdıraraq bu haqda yeni kitab nəşrə hazırlayır. İndiyədək 6 akademikin, yüzə yaxın elmlər doktoru və elmlər namizədinin yetirdiyi kəndin coğrafiyası haqqında da bizi məlumatlandıran müsahibimiz deyir ki, Şahtaxtı kəndi bir çox maraqlı tərəfləri ilə diqqət çəkir. Məsələn, bu kənddə vaxtilə xeyli sayda göl olub. Yəni bu göllər bizim elmi şəkildə qəbul etdiyimiz ərazicə böyük göllər deyil, kəndin müxtəlif əkin sahələrinin suvarılmasında istifadə olunan kiçik sututarlarıdır. Böyük göl, Baş göl, Sadıx gölü, Molla Abdulla gölü, Əhməd gölü, Şivli göl, Məmmədcəfər gölü, Şəril gölü, Qoşa göl, Lələ göl və adını sadalamadığımız 45 belə göl Şahtaxtı kəndində həyətyanı sahələrin, eləcə də kənddən aralıdakı əkin sahələrinin suvarılmasında mühüm rol oynayıb. Təəssüf ki, indiyədək bu göllərin sayı azalıb, amma onların adları kənd sakinlərinin yaddaşında indi də ­yaşayır.
Kənddə məhəllə adları da xalqın dilində işlək termin kimi qorunur. Seyidlər, Hamam, Cırbıtlı, Qala, Nəcəfabad, Əliş məhəllələri ilə yanaşı, Rus diki, Yuxarı Meydan, Aşağı Meydan kimi ərazilər də sakinlər tərəfindən gündəlik işlənilən terminlərdəndir. Bu yer adları içərisində daha çox diqqətimizi çəkən Rus diki olur. Nə üçün belə adlandırıldığını soruşuruq. Seyid Zamin bildirir ki, Şahtaxtı kəndi Çar Rusiyası dövründən diqqət mərkəzində olub. Ötən əsrin əvvəllərindən burada ilk dəmir yolu salınıb, sonralar İranla əlaqələr üçün gömrük postu yaradılıb. Gömrükdən keçidə, təbii ki, rus əsgərləri nəzarət edib. O zamanlar rus zabitləri (xüsusilə nəzarətçi zabitlər) indi kənddə İmam Zeynalabdin məscidinin yerləşdiyi yerin yaxınlığındakı dik təpədən həmin Arazboyu sərhəd ərazilərinə davamlı olaraq nəzarət edirmişlər. Elə ərazinin adı da o vaxtdan kənd əhalisinin dilində Rus diki kimi qalıb.
Şahtaxtı kəndində maraqlı tarixi ərazilər və onlarla bağlı deyimlər, rəvayətlər çoxdur. Kənddə digər müsahiblərimizlə də söhbətimiz maraqlı alınır. Onlarla məşhur Şahtaxtı yemişindən tutmuş kənddə tikilmiş ilk zemstvo məktəbinədək, ­görkəmli Şahtaxtinskilər nəslinin nümayəndələrindən tutmuş XVII əsr hamamınadək və nəhayət, iqtisadi və mədəni əlaqələrin kəsişmə nöqtəsində yerləşən Şahtaxtının müasir gününədək xeyli mövzularda söhbətimiz oldu. Bu haqda isə növbəti ­yazımızda...

Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3839093
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1015
13316
1015
293310
3839093

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter