21 Avqust 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Ərazicə kiçik, mənəviyyatca böyük olan Naxçıvan Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir. Burada insanlar sivilizasiyanın başlandığı tarixdən etibarən – 500-300 min il bundan əvvəl yaşamışlar. Beş min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması Azərbaycanın bu qədim torpağında sivilizasiyanın inkişafının ən mühüm göstəricisi hesab olunur. Naxçıvan həm də Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr vermiş, Azərbaycan türkləri min illər boyu burada ardıcıl həyat sürmüş, böyük dövlətçilik ənənələrinin əsasını qoymuşlar.

Naxçıvan antik və orta əsrlər dövrünə aid mədəniyyət nümunələri və tarixi abidələrlə – qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir.
Azərbaycan türkləri İslam dinini qəbul edənə qədər Naxçıvanda böyük mədəniyyət və özünəməxsus adət-ənənələr sistemi yaratmışlar. İslam dininin qəbulundan sonra isə Naxçıvan memarları İslam memarlıq ənənələrindən də bəhrələnmiş, bir-birindən dəyərli türk-islam mədəniyyəti nümunələri ilə tarix və mədəniyyətimizi daha da zənginləşdirmişlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamı­na uyğun olaraq son illər muxtar respublikada 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Bu abidələrdən 70-ə yaxını əvvəlki görkəmi saxlanılmaqla bərpa olunmuşdur. Möminə xatın və Gülüstan türbələrinin, Xanəgah Memarlıq Kompleksinin, Ordubad Qeysəriyyəsinin, Came məscidinin, Şərq hama­mının, Zaviyə-Mədrəsə binasının, Xan sarayının, imamzadələrin və buzxanaların tarixi görkəmi özünə qaytarılmışdır. Hazırda türk-islam mədəniyyətinin nümunələrindən olan Qarabağlar Türbə Kompleksində, Yengicə hamamında və Nehrəm İmamzadəsində bərpa işləri aparılır.
Naxçıvanı qarış-qarış gəzdikcə bu yurdda ucaldılan saysız-hesabsız mədəniyyət nümunələrinin, türk-islam mədəniyyətinin daşıyıcısı olan abidələrin şahidi olursan. Belə abidələrdən biri Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Nax­çıvan şəhərinin cənub-şərq tərəfində 1162-ci ildə inşa edilən Yusif Küseyir oğlu türbəsidir. El arasında “Atababa günbəzi” kimi də tanınan abidə yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Naxçıvanın türk-islam mədəniyyətinin ən dəyərli nümunələrindən olan Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvarı türbələri içərisində yeganə abidədir ki, üst piramidal örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatmışdır. Məqbərənin qurşağında “Qurani-Kərim”in “Ali İmran” surəsindən 15-17-ci ayələr, tağı üzərində isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılmışdır.
XII əsrdə böyük memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin Atabəy Eldənizin xanımı Möminə xatının şərəfinə ucaltdığı türbə isə Şərq memarlığı tarixində qızıl səhifədir. Yüz illər boyunca bu qızıl səhifə səyyahları, salnaməçiləri, Monpere, Fren, Yakobstal kimi məşhur memar və şərqşünasları düşündürüb. Möminə xatın həm də qadın, ana adının ucalığında dayanan zərif bir məhəbbət əfsanəsi, sevgi dastanıdır. Ona görə də akademik Alpatov “Ümumdünya incəsənəti tarixi” adlı monoqrafiyasında Möminə xatın türbəsini monumentallıqla zərifliyin möcüzəsi adlandırıb və memarlıq tarixində tutduğu mövqeyi yüksək qiymətləndirərək yazıb: “Qeyri-adi memarlıq duyğusuna, kompozisiyasının klassik kamilliyinə və işlənməsinə görə XII əsrdə Avropada belə abidəyə təsadüf etmək mümkün deyil. Naxçıvan türbəsindən klassik Şərq ədəbiyyatının ən yaxşı əsərləri – Firdovsinin “Şahnamə” epopeyasında, Nizaminin “Leyli və Məcnun” poemasında olduğu kimi insanpərvərlik nəfəsi gəlir”.
Qədim köklərə, ulu qaynaqlara malik Naxçıvan memarlıq məktəbi XII əsrdə inkişaf edərək əsl sənət zirvəsinə ucalıb. Həmin dövrdə Əcəmi sənəti bütün dünyaya səs salmış,Yaxın Şərq və Orta Asiya memarlıq sənətinin inkişafına mühüm töhfələr vermişdir. Əcəmi qüdrətinin bəhrəsi olan Möminə xatın türbəsi mükəmməl sənət nümunəsi kimi dünya memarlığında silinməz iz qoymuşdur. Türbəyə “Qurani-Kərim”dən ayələr həkk olunub. “Biz gedirik yalnız qalır ruzigar, biz ölürük əsər qalır yadigar” sözləri isə Möminə xatın türbəsinin baştağında əbədiləşən dərin bir hikmətdir.
Belə uğurlu sənət yolu Naxçıvan ərazisində abidə-abidə, qala-qala irəliləyir, xalqımızın daş yaddaşına çevrilir, elimizin-obamızın könül mahnısı, ürək döyüntüsü kimi əbədiləşir. Qədim qala divarları, daş sədlər, bürclər, səmanın qəlbini dələn minarələr xalqımızın əyilməz vüqarı kimi yüksəlir.
XII əsrdə Culfa yaxınlığında ucaldılan Gülüstan türbəsi xüsusilə diqqət çəkir. Əcəmi ənənələrini davam etdirən bu nadir sənət incisi naxış kompozisiyasının kamilliyi, özünəməxsusluğu ilə heyrət doğurur.
Orta əsrlər Azərbaycan tarixinin əvəzsiz yadigarı olan Qarabağlar türbəsi memarlıqda uğurlu yol, yeni nəfəsdir. Bu orijinal sənət əsəri kompozisiya dinamikliyi, monumentallığı, işıqlı və zərif naxışları, dekorativliyə ciddi meyli ilə sənətşünasları həmişə düşündürüb.
Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində orta əsr Azərbaycan memarlığının nadir nümunələrindən sayılan buzxanaların da xüsusi yeri var.
Özünəməxsus memarlıq xüsusiyyətləri ilə seçilən belə abidələrdən biri Naxçıvan şəhərinin cənub tərəfində, İmamzadə kompleksinin yaxınlığında yerləşən XII-XIV əsrlərə aid buzxanadır. Bununla yanaşı, XIV əsr abidəsi olan Ordubad şəhər buzxanası və tarixi XIX əsrə aid edilən Cəlilkənd buzxanası keçmişdə havaların isti vaxtlarında əhalinin buza olan tələbatını ödəmişdir. Bu buzxanalar ötən əsrdə məişətdə soyuduculardan istifadənin genişlənməsi nəticəsində fəaliyyətini dayandırmışdır. Zaman keçdikcə güclü aşınmaya məruz qalmış buzxana kompleksləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və qayğısı ilə bərpa olunmuşdur.
Naxçıvan Muxtar Respublikası ərazisində inşa olunmuş türk-islam mədəniyyəti abidələrinə mülki tikililər, o cümlədən saraylar da daxildir. Belə saraylardan biri Naxçıvan xanlarının yaşayış evi – Xan sarayıdır. Sarayı XVIII əsrin sonlarında Naxçıvan xanı, görkəmli dövlət xadimi Kalbalı xan Kəngərli tikdirib.
VII əsrdən sonra Naxçıvan ərazisində müxtəlif sufi təriqətlərinə mənsub mərkəzlər, o cümlədən zaviyələr, həmçinin savadlı kadrlara olan tələbatı ödəmək məqsədilə mədrəsə binaları da inşa olunmuşdur. Zaviyələr həm ibadət və zikr yerləri, həm də təhsil mərkəzləri olduğundan Zaviyə-mədrəsə binaları da yaradılırdı. Naxçıvanda xüsusi memarlıq üslubunda inşa edilən Naxçıvanın türk-islam mədəniyyəti nümunələri sırasında özünəməxsus memarlıq xüsusiyyətlərinə malik olan Zaviyə-mədrəsə binası xüsusi yer tutur.
Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılan dini-memarlıq abidələri sırasında sufiliklə bağlı mərkəzlər – xanəgah kompleksləri də mühüm əhəmiyyətə malikdir. Belə komplekslərdən biri XII əsrə aid Xanəgah Memarlıq Kompleksidir. Həmin abidə-kompleks Culfa rayonunun Xanəgah kəndindən şimal-şərq tərəfdə Əmir Teymura qarşı müqavimətin əsas istinadgahı olan Əlincəqalanın yaxınlığında yerləşir. Kompleks türbə, məscid və digər tikililərdən ibarətdir. Türbə memarlıq quruluşuna görə XII əsrə aid edilir. Türbədəki qəbirdə XIV əsrdən etibarən Azərbaycanda geniş yayılan hürufilik təliminin banisi Fəzlullah Nəimi dəfn edilmişdir.
Türk-islam mədəniyyəti abidələrinin özünəməxsus nümunələrindən biri də hamamlardır. Naxçıvan şəhərinin mərkəzində yerləşən Şərq hamamı XVIII əsrdə Şərq memarlığı üslubunda inşa edilib. Şərur rayonundakı XVIII əsrə aid edilən Yengicə hamamı, eyni zamanda XVIII-XIX əsrlərə məxsus Ordubad hamamı əhalinin həyatında mühüm rol oynamış, paklanma yeri olmaqla bərabər, həm də insanların görüş, söhbət, istirahət və müalicə yerinə çevrilmişdir.
Naxçıvanda yaradılan memarlıq abidələrindən böyük bir qismini ibadət yerləri – məscidlər təşkil edir. Müsəlmanların ibadət və təhsil yerləri kimi yaranan dini ocaqlardan biri də Naxçıvan şəhər Came məscididir. İslamın əvvəllərindən mövcud olan və XVIII əsrdə Məhəmməd Təqi tərəfindən təmir olunan, xalq arasında “Şəhər məscidi” kimi tanınan Came məscidi sovet hakimiyyəti illərində, ateizm təbliğatına geniş rəvac verildiyi bir dövrdə Naxçıvanda fəaliyyət göstərən yeganə məscid olub. Ordubad Came və Qırx Kimsənə məscidləri, Babək rayonunun Cəhri kəndindəki Cilovxanlı məscidi də sovet hakimiyyətindən əvvəlki dövrlərdə bölgənin sosial-siyasi və ideoloji həyatında mühüm rol oynamışdır. Müstəqillik dövründə Heydər məscidi, Nehrəm kənd məscidi, Şərur məscidi, Əbrəqunus və hazırda Naxçıvan şəhərində tikintisi davam edən yeni məscid kompleksi islami dəyərlərə olan bağlılığı nümayiş etdirir.
Muxtar respublikada tarixi abidələrin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən ardıcıl tədbirlər də artıq öz bəhrəsini verir, Naxçıvan dünyada ilkin yaşayış məskənlərindən biri kimi qəbul edilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ”, 2016-cı ildə “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzularında beynəlxalq simpozium və konfransların keçirilməsi, bu mənada, mühüm əhəmiyyətə malikdir. Bu elmi tədbirlər alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, beşminillik tarixə malik Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilmişdir. Aparılan tədqiqatların nəticəsi və elmi sübutu olaraq nəşr olunan minlərlə kitab və ensiklopediyalar da Naxçıvan tarixi ilə yanaşı, həm də bu qədim diyardakı abidələrin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə Azərbaycan və ingilis dillərində nəşr olunan “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” kitabları Naxçıvandakı türk-islam mədəniyyəti abidələri haqqında dolğun məlumat verən dəyərli elmi ədəbiyyatlardır.
Naxçıvanın türk-islam abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasına xidmət edir. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər üzrə səyahət turizminin ən ideal məkanlarındandır. Naxçıvana kimin ayağı dəyirsə, ilk ifadələri bu olur: Yurdunuz memarlıq muzeyidir. Türbələr, məscidlər, Əlincə qüdrətli qalalar. Xudafərin ümidli körpülər, XII-XIV əsrləri əhatə edən qədim imamzadələr, karvansaralar... Yaddaşımızın heykəlləri olan bu abidələrlə göz-gözə dayananda miniatür qəlbli, xalça duyğulu naxışlarına, rənglərinə baxanda yüz illərin, min illərin xatirəsinə dalırsan.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.
Bir sözlə, Naxçıvanda tarix təkcə öyrənilmir, həm də qorunaraq yaşadılır. Tarixi yaşadanları isə tarix də yaşadacaqdır.

Vaqif AĞALAROV
Naxçıvan televiziyasının baş redaktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3839121
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1043
13316
1043
293338
3839121

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter