26 May 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

May 2017
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Müxtəlif təyinatlı tarix-memarlıq abidələri ilə çox zəngin olan Naxçıvanda orta əsrlər zamanı yaradılan memarlıq nümunələrindən biri də hamamlardır. İslam qanunlarına görə bir insanın girdiyi suya başqa bir insanın girməsi xoş qarşılanmır.  İslam şəriətində axar suda yuyunma, paklanma, dəstəmazalma bəyənilir və təqdir olunur. Buna görə də orta əsrlər zamanı digər Şərq ölkələrində olduğu kimi, Azərbaycanın da əksər iri yaşayış məskənlərində hamamlar inşa olunurdu. 

Keçmişdə hamamların funksiyası təkcə insanların yuyunma yeri olmaqla məhdudlaşmırdı. Onlar həm də insanların dincəlmək, söhbət etmək, görüş yerləri idi. Bütün bunları əsas götürərək etnoqraf-alim, tarix üzrə elmlər doktoru Şirin Bünyad­ova yazır ki, ictimai hamamlar özünəməxsus funksiya (gigiyena, müalicə, mərasimlər keçirilməsi) daşımaqla yanaşı, həmçinin informasiya mübadiləsinin gerçəkləşdiyi görüş yeri kimi də mahiyyət kəsb edirdi. Bir sıra xəstəliklərin (soyuqdəymə, yel və sair) müalicəsində, əsəblərin sakitləşməsində mühüm rol oynayan hamamlar, ümumiyyətlə, insanların, bütövlükdə, cəmiyyətin həyatında xüsusi rola malik idi. Ona görə də orta əsrlər zamanı hamamlar üçün möhtəşəm, memarlıq baxımından çox gözəl binalar inşa edirdilər. Bu iş Səfəvi hökmdarı I Şah Abbasın zamanında xüsusilə geniş miqyas almış, bir sıra şəhərlərdə hamamlar inşa etdirilmişdir. O zaman Azərbaycanın şəhər və kəndlərində də çoxlu hamamlar meydana gəlmişdi. Təkcə Təbriz şəhərində XVII yüz­illikdə “Leyli və Məcnun”, Kəcilbaşı, Pəsə Kuşək, Boz, Cahanşah kimi çox məşhur hamamlar, Dəvəçilər məhəlləsi, Rey darvazası, Xiyaban məhəlləsi, Surxab məhəlləsi, Öküz bazarı hamamları, çoxlu sa­ray hamamları fəaliyyət göstərirdi. Hamamların tikintisində məscidlərin memarlıq üslubundan istifadə edilir, hətta onlar üçün bir neçə günbəz də qoyulurdu.

Tarixi abidələrin indiyədək qalan nümunələrinə əsasən deyə bilərik ki, Azərbaycanın qədim və iri mədəniyyət mərkəzlərindən olan Naxçıvan da hamamların geniş yayıldığı ərazilərdən olmuşdur. Azərbaycanda, bütünlükdə, Şərqdə olduğu kimi, burada da hamamlar yerüstü və yeraltı olmaqla, əsasən, üç hissədən ibarət idi: 1. Suyun qızdırılması yerləri; 2. Soyunma yerləri; 3. Yuyunma yerləri. Tədqiqatçılar qeyd edirlər ki, Azərbaycan üçün günbəzli, səkkizbucaqlı salonlardan ibarət olan giriş və yuyunma otaqları, kiçik yerləşgələri, yuyunma yerində “xəznə”ləri (soyuq və isti su olan yer), “külxan” adlanan qızdırılma kamerası olan hamamlar xarakterik idi. İnşaat mədəniyyətinin mühüm elementi olan hamamlar dərinlikdə tikilirdi və müxtəlif mərasimlərə xidmət edirdi.
Bizə qədər gəlib çatmış qaynaqlarda Naxçıvanda olan hamamlar haqqında maraqlı məlumatlar vardır. XVII əsr türk səyyahı Övliya Çələbi Naxçıvan şəhəri haqqında bəhs edərkən yazır ki, “Cənabi hamamı son dərəcə gözəl və işıqlıdır. Qapı və divarı şirəli kaşıdan və döşəmələri isə ağ mərmər daşdandır. Hamam məhrəbaları şahmat naxışı ilə bəzədilmişdir. Mehmanxanamıza yaxın Zal paşa hamamı vardır. Onun bütün qapı və divarı şirəli kaşılarla örtülmüşdür. Döşəməsi başdan-ayağa boz, sumağı və tünd-qırmızı mərmər daşlardandır. Elə işıqlı hamamdır ki, onun bütün pəncərələri büllurdandır. Həyətin ortasında böyük bir hovuz var. Xülasə, gözəl havası olan bu hamamın tərifi, təmizliyi və gözəlliyini şərh etməkdə qələm belə, acizdir”. Ö.Çələbidən bir neçə il sonra, 12 aprel 1673-cü ildə Naxçıvanda olmuş fransız səyyahı Jan Şarden də Naxçıvan şəhərində çoxlu hamamların olduğunu qeyd etmişdir. Təəssüf ki, bu səyyahların Naxçıvan şəhərində gördüyü hamamlardan heç biri günümüzədək gəlib çatmamışdır.
Bununla belə, orta əsrlər zamanı Naxçıvan diyarının müxtəlif yaşayış məskənlərində fəaliyyət göstərmiş bəzi hamamlar yarımuçuq vəziyyətdə olsa da, zəmanəmizədək gəlib çatmışdır. Buna Ordubad rayonunun Üstüpü, Gənzə, Darkənd, Yuxarı Əylis, Vənənd, Şərur rayonunun Yengicə, Kəngərli rayonunun Şahtaxtı və digər kəndlərindəki hamam­ları misal göstərmək olar. Burada bir cəhəti xüsusi vurğulamaq lazımdır ki, Naxçıvan hamamları da bir sıra Şərq ölkələrindəki hamamlar kimi xarici görünüşcə diqqəti çox cəlb etməsələr də, daxili hissələri çox gözəl olmuş, orada insanların rahatlığını təmin edən hər cür şərait yaradılmışdı.
Naxçıvan ərazisində indiyədək salamat və ya yarımuçuq vəziyyətdə gəlib çatmış hamamların bir xüsusiyyəti də odur ki, bu hamamların bir hissəsi yaşayış məskəninin əsas məscidinin yaxınlığında, bəzi hallarda isə məscidə bitişik şəkildə inşa olunmuşdur. Görünür, bu, məscidə gələnlərin burada yuyunub paklanması və yaxud dəstəmaz alması zərurətindən irəli gəlmişdir.
Orta əsrlər zamanı Naxçıvanın nəinki şəhərlərində, hətta kəndlərində də möhtəşəm hamamlar inşa olunaraq əhalinin istifadəsinə verilmişdir. Tədqiqatçılar Naxçıvan ərazisində inşa edilən hamamları 2 tipə ayırır: birinci tipə sadə planlaşma həlli olan düzbucaqlı, bir-biri ilə əlaqədar olan bir neçə otaqlı hamamlar aiddir. Şahtaxtı və Xok hamamları bu tipə aiddir. İkinci tipə giriş otağı səkkizbucaqlı planda tikilmiş hamamlar aiddir. Bu otaq ayrı-ayrı qrup otaqların mərkəzində yerləşir. Naxçıvan şəhərində Şərq hamamı, Ordubad şəhərində, Ordubad rayonunun Vənənd kəndində, Şərur rayonunun Yengicə kəndində tikilən hamamlar bu tipə aiddir.
Yengicə kəndi Şərur rayon mərkəzindən 2 kilometr cənub-qərbdə yerləşir. Qədim və böyük yaşayış məskənlərindəndir. Kəndin yaxınlığında yerləşən orta əsrlərə aid Yengicə yaşayış yerindən əldə olunan maddi-mədəniyyət nümunələri təsdiq edir ki, kənd orta əsrlərdə inkişaf etmiş yaşayış məskənlərindən olmuşdur. Vaxtilə kənddə üstüörtülü çarşı, buzxana və karvansaray fəaliyyət göstərmişdir. Qalıqlarına əsasən demək olar ki, binaların tikintisində tağbənd və günbəzlərdən istifadə edilmişdir. Arxeoloji və etnoqrafik materiallara əsasən XIII-XIX əsrlərə aid edilən və çox böyük sahəni əhatə edən yaşayış yerində sənətkarlara məxsus məhəllələr olmuşdur. Həmin məhəllələrdən biri hazırda əhali arasında “Çölməkçilər məhəlləsi” adı ilə qalmaqdadır.
“Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin elmi katibi Mirbağır Mirheydərzadənin 1928-ci ildə və həmin cəmiyyətin üzvü M.Rəsizadənin 1930-cu ildə verdikləri məlumatlardan aydın olur ki, “həmin vaxt Yengicə kəndində əhali 3 tayfadan ibarət olmuşdur: Talıbxanlı, Sadaxlı, Çəçənni. Kəndin Zərtukən, Dəvəğğuz, Bərə, Heybət arxı, Keçi budağı, Qumnax, Ding arxı, Kərpicli, Qazılı, Cilovxanlı adlı kövşənlərində əhali pambıq, taxıl və çəltik əkməklə məşğul olmuşdur”.
Haqqında bəhs olunan hamam kəndin mərkəzində böyük bir ərazini tutan Çarşıbazarın başlanğıcında inşa olunmuşdur. Şərq memarlığı üslubunda inşa edilmiş bu hamam yerli əhalinin fikrincə, XVIII əsrdə əslən Şahtaxtı kəndindən olan Tovuz xanım adlı qadın tərəfindən tikdirilmişdir. Deyilənlərə görə, Tovuz xanım Şərurun daha iki kəndində də hamam tikdiribmiş. Yengicə hamamı müəyyən dağıntılara uğrasa da, zəmanəmizədək qismən salamat vəziyyətdə gəlib çatmışdır. Hamamın ümumi sahəsi 650 kvadratmetr, içərisinin sahəsi 545 kvadratmetrdir. Bina 19x19x5 santimetr ölçüdə bişmiş kərpiclə əhəng məhlulu istifadə olunmaqla tikilmişdir. Divarları qalındır. Hamam binası düzbucaqlı formada olmaqla, iki səkkizbucaqlı zala və onlara bitişik iki köməkçi otağa bölünür. Zalları örtən sferik günbəzlər, girişdəki sadə formalı baştağ və digər xidməti otaqlar qismən dağıntıya məruz qalsalar da, hamamın daxili planı yaxşı vəziyyətdədir. Bu da hamamın ilkin quruluşunu hərtərəfli bərpa etməyə imkan verir.
Hamamın mərkəzi hissəsi yerin səviyyəsindən 1,5-2 metr dərinlikdə inşa edilmişdir. Ona görə də bura gələnlər hamama daş pillələrlə enib səkkizbucaqlı şəkildə inşa olunmuş soyunma zalına girərmişlər. Mürəkkəb formalı günbəzlə tamamlanan zalın şimal divarında soyuq aylarda zalı qızdırmaq üçün buxarı düzəldilmişdir. Bu zaldan ensiz keçidlə yuyunma salonuna daxil olurlarmış. Kənd əhalisinin məlumatına görə, zalın mərkəzində iki hovuz varmış. Hovuzların birində isti, digərində soyuq su saxlanırmış. Hamamda masajdan sonra insanlar müalicəvi əhəmiyyət daşıdığı üçün əvvəl isti, sonra isə soyuq su olan hovuza girirmiş. İki zalın arasında yerləşən köməkçi otaqların qapıları yuyunma zalına açılır. Hamamın ocaqxanası cənub hissədə yerləşir. Hamama daxil olan su saxsı borular vasitəsilə divarboyu keçərək “xəznə”də toplanır, orada qızdırılaraq xüsusi adamlar tərəfindən uzun qulplu çömçə ilə qablara doldurularaq yuyunma salonuna verilirmiş. Hamamın yuyunma salonu döşəmənin altında yerləşdirilmiş içərisindən isti hava axan saxsı borular vasitəsilə qızdırılırmış. Binanın işıqlandırılması günbəzin mərkəzində yerləşən baca və divarlarda açılmış kiçik pəncərələr vasitəsilə həyata keçirilirmiş.
Toplanmış etnoqrafik materiallara əsaslanaraq demək olar ki, XX əsrin ortalarına qədər hamamdan Yengicə kəndi ilə birlikdə ətraf kəndlərin də əhalisi istifadə etmişdir. Bu hamam da digər Şərq hamamları kimi qoyulan qaydaya uyğun olaraq həftənin müəyyən günləri kişilərə, müəyyən günləri isə qadınlara xidmət etmişdir. Hətta hamamda yaşlı müştərilər üçün ayrıca otaqlar nəzərdə tutulmuş, onların istirahəti, namaz qılması, çay içməsi, qəlyan çəkməsi üçün şərait yaradılmışdır.
Yengicə hamamı üçün maraqlı məqamlardan biri də “Bəy hamamı” mərasimidir. Yaşlı əhalinin dediyinə görə, keçmişdə bir çox adamlar hama­ma faytonla getməyə üstünlük verdiyi halda, toyu olan bəy yaxınları və musiqiçilərin müşayiəti ilə hamama piyada gedərmiş. Hamama gedən yolun ətrafında yerləşən evlərdə yaşayan adamlar onlara şirniyyat, meyvə, bəzi hallarda süd verərlərmiş. Bu adət qonşu kənd­lərdən bəy hamamına gələn bəylər üçün daha təmtəraqlı olarmış. Bəylərin isə verilən nemətlərdən istifadə etməsi, ən azından, dadması hədiyyə verənlərə hörmət əlaməti kimi qiymətləndirilirdi və xoş qarşılanırdı. Keçən yüzilliyin sonlarından etibarən Yengicə hamamı fəaliyyətini dayandırmış, tədricən unudulmuş və müəyyən dağıntılara məruz qalmışdır. Bu səbəbdən də onun bərpa və təmirinə ehtiyac yaranmışdır.
Məlumdur ki, Naxçıvan Muxtar Respublikasında 1996-cı ildən başlanan genişmiqyaslı abadlıq və quruculuq işləri sırasında tarix-mədəniyyət abidələrinə, ümumiyyətlə, keçmiş irsə diqqət və qayğı xüsusi yer tutur. Son iyirmi il ərzində muxtar respublikada bu sahədə böyük işlər görülmüşdür. Yüksək dövlət qayğısı sayəsində muxtar respublika ərazisindəki daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınaraq pasportlaşdırılmış, çoxlu ümumiləşdirici əsərlər, monoqrafiyalar, kitablar, elmi məqalələr yazılaraq nəşr etdirilmiş, xalqımıza və beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Həmçinin zaman keçdikcə güclü aşınmaya məruz qalmış 60-dan artıq müxtəlif təyinatlı tarix-memarlıq abidəsi, o cümlədən türbələr, məscidlər, xanəgahlar, hamam­lar, buzxanalar orijinallığı saxlanmaqla yüksək səviyyədə bərpa olunaraq xalqımıza qaytarılmışdır. Bu iş indi də davam etdirilməkdədir. Təkcə 2016-cı ildə Culfa rayonundakı iki abidədə – xalqımızın məğlub­edilməzlik rəmzinə çevrilmiş Əlincəqalada və Şərq memarlığı incilərindən olan Gülüstan türbəsində bərpa işləri başa çatdırılmışdır. Kəngərli rayonunun Qarabağlar kəndindəki Türbə Kompleksində bərpa işləri aparılır.
Məqsədyönlü və sistemli şəkildə aparılan bu işlər Şərur rayonunun Yengicə kəndindəki qədim hamamı da əhatə etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yengicə hamamının müasir vəziyyəti ilə yerindəcə tanış olmuş, onu memarlıq-konstruktiv cəhətdən möhtəşəm bir abidə, Azərbaycan memarlığının gözəl nümunəsi kimi dəyərləndirmişdir. Ali Məclisin Sədri sistemli tədqiqata ehtiyacı olduğunu nəzərə alaraq abidənin və ətrafının tədqiqi və hamamın bərpa olunması ilə bağlı aid təşkilatlara tapşırıqlar vermişdir. Ali Məclis Sədrinin tapşırığına əsasən AMEA Naxçıvan Bölməsində Yengicə hama­mı və çevrəsində elmi tədqiqatların aparılması məqsədilə mütəxəssislərdən ibarət tədqiqat qrupu yaradılmışdır. Tədqiqat qrupu elmi-bərpa və tədqiqat işlərinin vaxtında icra olunması üçün qüvvələrini səfərbər edəcək və səylə çalışacaqdır.

Fəxrəddin Səfərli
AMEA Naxçıvan Bölməsi Tarix,
Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2472254
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11105
16737
73819
411817
2472254

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter