23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Xəbər verdiyimiz kimi, Rusiyanın Xalq artisti, tanınmış xoreoqraf Dikalu Muzakayev ötən həftə Naxçıvanda səfərdə olub. Səfərin son günü Şərurda yallı ansambllarının və folklor qruplarının rəqslərini izlədikdən sonra onunla görüşüb təəssüratlarını öyrəndik:

– Səhv etmirəmsə, bu, sizin Naxçıvana ilk səfərinizdir. Buraya gəlməmişdən əvvəl Naxçıvan haqqındakı təsəvvürləriniz necə idi?
– Buraya səfər etməmişdən Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı düşdüyü, buranın xüsusi statusu, yəni muxtariyyəti haqqında məlumatım var idi. Həmçinin Naxçıvan adının Nuh Peyğəmbərlə bağlı olan maraqlı tarixi mənim diqqətimi cəlb edib. Diyarınız çox maraqlıdır. Xüsusən buradakı mədəni inkişafın səviyyəsi çox yüksəkdir. Əlbəttə, hər bir insanın təbiətində onun xalqına yüksək hörmət bəslənilməsi istəyi vardır. Bu, təbiidir. Amma deyə bilərəm ki, bunun yolu mədəni əlaqələrdən keçir. Məhz başqa xalqların mədəniyyətinin öyrənilməsi və öz mədəniyyətinin digər xalqlara tanıdılması bunun ən asan yoludur. Bu mənada, bir çox mədəniyyətlərin kəsişdiyi bir nöqtədə region ölkələrinə Azərbaycanın milli mədəniyyətinin tanıdılması baxımından Naxçıvanın mövqeyini yüksək qiymətləndirirəm. Mədəniyyət baxımından Naxçıvanın blokadada yaşamadığını düşünürəm. Naxçıvanlılar niyə blokadada yaşamalıdırlar? Bu, tarixi ədalətsizlikdir.

– Səfərinizdən hansı nəticələr əldə etdiniz?
– Əvvəlcə onu qeyd edim ki, çoxdan bəri görmək istədiyim mənzərələrlə tanış oldum. Ənənəvi mədəniyyətin qorunub saxlanılmasını nəzərdə tuturam. Bilirsiniz, yaxşı mühafizə olunmuş mədəniyyət istənilən vaxtda mütəxəssislərin onu yüksək səviyyədə inkişaf etdirməsinə imkan yaradır. Ona görə də bir mədəniyyət xadimi kimi hesab edirəm ki, müasir mürəkkəb dövrdə bizim qarşımızda xalqın yaratdığı mədəniyyətin ilkin formasının qorunub saxlanılması, daha sonra onun inkişaf etdirilib yayılması, üçüncü və dördüncü mərhələlərdə isə mədəniyyətin inteqrasiya olunması vəzifəsi durur.
Bu səfərimizdən çox şey qazandıq. İndiki dövrdə mədəniyyətin, xüsusilə rəqsin xarici təsirlərə çox məruz qaldığını müşahidə edirik. Doğrudur, bunun da öz səbəbləri vardır. Amma buna yol vermək olmaz. Nə qədər çətin olsa da, hər bir xalqın mədəniyyətini qorumaq lazımdır. Biz Şərurda olarkən gördüklərimizlə bunun mümkün olduğuna inandıq. Azərbaycanın minillik keçmişini olduğu kimi yaşadan “Yallı” rəqsləri öz bənzərsizliyini qoruyub saxlayıb. Şərur yallısını onun öz yerində izləmək mənə zövq verdi. Burada yallını uşaqlar da yaşlılar kimi eyni ustalıqla ifa edirlər. Təəssüf hissi ilə qeyd etməliyəm ki, müasir dünyada belə nümunələrə çox az rast gəlirik. Hər bir janrın öz orijinal inkişaf yolu və təqdimat üsulu vardır. Ancaq görünür ki, dünyada saf xalq mədəniyyəti elementləri daşıyan folklor nümunələri sürətlə azalmaqdadır. Bu baxımdan Şərur yallısını Azərbaycanın milli sərvəti kimi qorumaq lazımdır. O təkcə bir rəqs növü deyildir. Yallı xalqın özünü­ifadəsinin, qədim mədəniyyətinin dünyaya tanıdılması yoludur. Belə rəqslər Yaradanın bir hədiyyəsidir. Poeziya, rəsm, əl işləri nümunələri kimi unikaldırlar.
– Mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran mühüm körpüdür. Bu baxımdan rəqs sənəti haqqında nə deyə bilərsiniz?
– Rəqs özünəməxsus mədəniyyət nümunəsidir. Mürəkkəb element­ləri, texnikası, üslubları vardır. Amma musiqi kimi o da canlıdır. Dili olmasa da, onları hamı başa düşür, sevir, qiymətləndirir. Rəqslər sayəsində insanlar qovuşur, bir-birinə hörmət edir, humanitar duyğular bəsləyirlər. Rəqslər həm də insanlarda vətənpərvərlik hissləri oyadır, onları coşdurur, müsbət enerji yaradır. Azərbaycanın zəngin mədəniyyətini bütün dünya tanıyır. Sizin muğamınız, aşıq sənətiniz, xalçalarınız dünyaca məşhurdur. Ölkənizdə çox gözəl rəqs mütəxəssisləriniz vardır. Mən də Bakıya dəvət alıb onlarla birlikdə işləməkdən zövq alıram. Artıq il yarımdır ki, Azərbaycandayam. Düşünürəm ki, Azərbaycan rəqsləri daha geniş, daha peşəkar təqdimata layiqdir. Dünya inkişaf edir. Rəqsləri də inkişaf etdirib irəliyə aparmaq lazımdır. Çalışıram ki, biliklərim və təcrübəmlə bu məqsədlərə xidmət edim. Bizim qarşımıza böyük vəzifələr qoyulub. Hər bir işdə irəliyə getmək, inkişaf etmək və mükəmməl olmaq kimi müxtəlif hədəflər vardır. Biz də çalışırıq ki, rəqs və xoreoqrafiya sahəsində Azərbaycanda bir zamanlar mövcud olmuş yüksək inkişaf səviyyəsinə çataq. Bunun üçün ilk olaraq regionlarda mövcud olan milli rəqs nümunələrini öyrənib üzə çıxarmalıyıq. Onların Azərbaycana yaxın bölgələrdə – Türkiyədə, Rusiyada və daha sonra Qərbdə tanıdılması kimi işləri görməliyik. Düşünürəm ki, bu işdə Naxçıvanda qorunub saxlanılmış folklor nümunələri bizim üçün çox dəyərli olacaq.
– Bu soyuq yanvar günlərində səfər etdiyiniz Naxçıvandan hansı təəssüratlarla ayrılırsınız?
– Bir fikrimi dərhal deyim ki, əgər səyahətçi getdiyi yerdə xoş qarşılanırsa, sərt hava şəraiti onu üşütməz. Naxçıvanda rastlaşdığım insanlardakı səmimilik və gülər­üzlülük hər bir qonağı qəlbən isidir. Çox yerlərdə olduq. Buranın təbiəti çox zəngindir. Heydər Əliyev Muzeyinə, Naxçıvanqalaya ziyarətimdən dərin təəssürat aldım. Duzdağ və Əlincəqalanın böyük turizm potensialı vardır. Möcüzəli yerlərdir. Şərt deyil ki, gəlir qazanmaq üçün hər şeyi istehsal edəsən. Turizm ən gəlirli sahələrdəndir. Bugünkü turistlər nə istəyir? Təhlükəsizlik, rahatlıq, gözəllik, müasir xidmət, yerli camaatın həssaslığı. Bütün bunlar əsas cazibə qüvvəsidir. Hamısı da Naxçıvanda vardır.
– Naxçıvandan qayıtdıqda dost-tanışlarınıza bura ilə bağlı nə danışacaqsınız?
– Evə qayıdanda bir daha Naxçıvana səyahət etmək istədiyimi bildirəcəyəm. Qoy gələn dəfə bu, yazda, ya da yayda olsun. İstənilən vaxtda Naxçıvana səyahət etmək gözəldir. Burada hər bir ölkənin vətəndaşı, hər bir peşə sahibi, hər bir yaradıcı insan üçün nəsə qiymətli bir şey vardır. Dostlarıma deyəcəyəm ki, maraqlı qış lövhələri, möhtəşəm tarixi abidələr, qədim folklor nümunələri görmək istəyirsinizsə, Naxçıvana səyahət edin. Burada yaşamaq, yaratmaq çox gözəldir. Sizə də uğurlar arzu edirəm.
– Müsahibə üçün sağ olun.

 Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3055495
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2689
3998
32727
106826
3055495

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter