11 Dekabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Bəzən biz yolu seçirik, bəzən də yol bizi. Hər iki halda heç kim bu yolun uğursuzluğunu istəmir. Elə 1892-ci il yanvarın 22-də Naxçıvanda öz dövrünün qabaqcıl ziyalılarından sayılan Şirəli bəy Kəngərlinin ailəsində dünyaya göz açan oğlana Bəhruz adı verəndə də, heç kəs adı “Xoş gün” kimi tərcümə olunan uşağın otuz ildən sonra məşhur rəssam kimi gözlərini əbədi yumacağını bilmirdi. Hələ körpəlikdə anasını itirən, 9 yaşından isə səhhətində problem yaranan gənc rəssam təhsil sonrası davam edən cəmi 7 illik yaradıcılığı ilə adını Azərbaycanın sənət tarixinə yaza bildi. Məşhur Kəngərlilər nəslinin nümayəndəsi olan görkəmli rəssam Azərbaycan gerçəkliyində ömrün mənasının onun uzunluğundan asılı olmadığını əyani olaraq təsdiqlədi, – desək, heç də səhv etmərik.

Etiraf edək ki, Bəhruz Kəngərli zamanında təkbaşına bütöv bir yaradıcı nəslin görə biləcəyi işləri həyata keçirib. Onun özünün firavanlıqdan uzaq bir durumda yaratdığı “Qaçqınlar” qrafik silsiləsi vətənpərvər sənətkar-vətəndaş mövqeyinin təzahürü kimi qəbul olunur və dəyərləndirilir. Bəhruz Kəngərli erməni təcavüzündən bəhs edən “Qaçqınlar”ı ilə yurdun ən çətin anlarında XX əsr Azərbaycan təsviri sənətinin mənəvi yükünü daşımalı olan, amma bunu sona qədər edə bilməyən rəssamların üzünü ağartdı, – desək, yanılmarıq. Onun bu silsiləsi mənfur ermənilərin əsl xislətini ifşa edən təkzibolunmaz bədii sənədlərdir...

Onun çox da uzun olmayan tərcümeyi-halını xronoloji ardıcıllıqla vərəqləsək, ilk növbədə, uşaq yaşlarında eşitmə qabiliyyətini itirən Bəhruz Kəngərlinin təhsil aldığı rus-tatar məktəbindən uzaqlaşmağa məcbur olduğunu deməliyik. Bundan sonra o, təhsilini evlərində atası Şirəli bəyin köməyi ilə alıb. Həmin ağır illərdə lap uşaq yaşlarından həvəs göstərdiyi rəssamlıq onun sevimli məşğuliyyətinə çevrilib. Bir müddət keçəndən sonra o, qəti olaraq rəssamlıq təhsili almaq qərarına gəlir və atasından onu Tiflisə oxumağa göndərməsini xahiş edir. Şirəli bəy isə oğlunun uzaq bir yerdə rəssamlıq məktəbində oxuya biləcəyinə inanmadığından tərəddüd edir. Lakin Tiflisdə dostlarının olması və Bəhruzun öz qüvvəsinə inamı, oxumağa olan sonsuz həvəsi Şirəli bəyi buna razılıq verməyə məcbur edir. Beləliklə, 1910-cu ildə 18 yaşlı Bəhruz rəssamlıq təhsili almaq üçün Tiflisə yollanır və imtahan verir, o vaxtlar Zaqafqaziyadakı yeganə rəssamlıq məktəbinə qəbul olunur. 1915-ci ilə kimi burada təhsil alan, dövrünün tanınmış fırça ustalarından sənətin sirlərini öyrənən gənc rəssam təhsilini başa vurduqdan sonra doğma Naxçıvana qayıdır.
Onun cəmisi yeddi il davam edən yaradıcılığı kifayət qədər zəngin olub. Bəhruz Kəngərlinin bu müddətdə 2 minə yaxın rəngkarlıq, qrafika və teatr-dekorasiya əsəri yaratdığı məlum olsa da, bizim dövrə onların 500-ə qədəri gəlib çatıb. Bu əsərlərdə həyata və gördüklərinə onun fərdi, heç kimə bənzəməyən baxışlarını duymaq mümkündür.
Zəngin bədii irsi ilə Azərbaycan təsviri sənətinə yeni nəfəs bəxş edən Bəhruz Kəngərli, heç şübhəsiz, məşhur nəslin şöhrətini Naxçıvan çərçivəsindən uzaqlara yayan sənətkarlardan olub. XX əsr Azərbaycan təsviri sənətində yenicə formalaşmağa başlayan bir çox janrların inkişafında görkəmli rəssamın əvəzsiz rolu vardır.
Onun yaradıcılığı janr əlvanlığı ilə seçilir. Ancaq bizə yadigar qoyub getdiyi bədii irsdə portret və mənzərələr çoxluq təşkil edir. Hələ tələbə ikən Naxçıvanda ilk fərdi sərgisini təşkil edən (1914) rəssam insanların məhz həmin janrlara olan marağını görüb “Naxçıvan yadigarı” albomunda mənzərələrə və portretlərə geniş yer verib.
Bu məqamda deyək ki, əgər Bəhruz Kəngərlinin müxtəlif janrlı əsərlərinin yalnız az bir hissəsi insan və təbiət gözəlliyini vəsf edirsə, əsərlərin çoxu rəssam tərəfindən gördüyü və yaşadığı tarixi olduğu kimi əbədiləşdirmək, başqa sözlə desək, gələcək nəsillərə çatdırmaq üçün işlənilib.
Bəhruz Kəngərlinin portretlər qalereyası kifayət qədər zəngindir. Burada, əsasən, rəssamla birlikdə doğma şəhərdə yaşayan müxtəlif yaşlı insanların, eləcə də erməni təcavüzündən xilas olmuş qaçqınların obrazları yer alıb. Onun kömür və karandaşla çəkdiyi “Azərbaycanlı qadın” (1913), “Rus dili müəllimi Mirzə Məhəmməd Zamanbəyovun portreti” (1917), eləcə də yağlı və sulu boya ilə işlədiyi “Şirniyyatçı Kərbəlayı Heydərin portreti” (1919), “Tatar kişinin portreti” (1920), “Peyğəmbər” (1920), “Oğlan por­treti” (1917), “Kişi portreti” (1919), “Avtoportret” (1920) və sair por­tretlər rəssamın insan psixologiyasına dərindən nüfuzetmə bacarığını əks etdirir.
Görkəmli rəssamın “Qaçqınlar” silsiləsinə otuza qədər sulu boya ilə çəkilmiş əsər daxildir. Həmin rəsmləri əsrlərin qovşağında çəkilmiş ürəkağrıdan kinokadrlarla, fotoşəkillərlə tutuşdursaq, kifayət qədər oxşar cəhətlər taparıq. Bəhruz Kəngərli 1918-1921-ci illərdə Qərbi Azərbaycandakı öz dədə-baba yurdlarından qovulub Naxçıvana pənah gətirmiş qaçqın soydaşlarımızın portretlərini yaddaşımızın korşalmaması üçün işləyib. O, böyük vətənpərvərlik nümunəsi göstərərək başımıza gələnlərin bədii salnaməsini (“Qırmızı yaylıqlı qız”, “Qaçqın qadın”, “Qaçqın İmran çanta ilə”, “Canfəda kəndindən qaçqın oğlan”, “Avşar kəndindən qaçqın qız Cümsün” və sair) yaradıb. Əminik ki, rəssam Canfəda, Avşar və digər kəndlərdən, bölgələrdən olan qaçqınların tükürpədici zahiri görkəmini, gözlərindəki ümidsizlik notlarını əbədiləşdirməklə sanki bizə bunları unutmamağı vəsiyyət edib.
Bəhruz Kəngərlinin yaradıcılığı janr etibarilə rəngarəng olsa da, bu zənginlikdə mənzərənin say etibarilə çox olması kifayət qədər görünəndir. Bu mənzərələr arasında Naxçıvan təbiətini vəsf edən əsərlərlə yanaşı, yaşanan tarixi hadisələrin gələcək nəsillərə çatdırılmasına xidmət edən nümunələr də az deyil. Bu mənada, əgər onun “Minarəsi zədələnmiş məscid” (1920), “Tərk edilmiş ev” (1921), “Naxçıvanda xarabalıqlar” (1921), “Eylabat kəndində viran olmuş darvazalar” (1919), “Möminə xatın türbəsi” (1919), “Əshabi-Kəhf dağı” (1921), “Nuhun qəbri” (1920) və sair əsərləri tarixi durumun əbədiləşdirilməsinə xidmət edirsə, “Ağaclar” (1917), “Dağ mənzərəsi” (1918), “Albalı ağacları” (1916), “Qarlı dağlar” (1916), “Cənuba görünüş” (1921), “Dağın zirvəsi” (1918), “Ayın çıxması” (1919), “Payız” (1921) və sair əsərlər doğma yurdun təbiətinə xas olan gözəllikləri üzə çıxarmaq, qürur qaynağına çevirmək üçün işlənilib.
Mənzərə və portretlərə nisbətən rəssamın natürmortları çox azdır. Onun yaratdığı natürmortların hamısı bizim dövrə gəlib çatmayıb. Cəmisi beş natürmort yadigar qalıb. Həmin əsərlərdən birini o, 1916-cı ildə (“Qızıl güllər”), qalanlarını isə (“Mavi rəngli dolça”, “Çıraq”, “Naxışlı mis cam”, “Mürəkkəb qabı”) ölümündən bir il əvvəl – 1921-ci ildə çəkib. Bu əsərlərdə rəssamın onu əhatələyən maddi-mədəniyyət nümunələrinə xas olan tarixiliyi, gül-çiçəklərin daşıdığı gözəllik qaynaqlarını üzə çıxarmaq, estetik qaynağa çevirmək istəyi qabarıqdır.
Görkəmli rəssamın yaradıcılığında teatr-dekorasiya sənəti ilə bağlı gördüyü işlər də xüsusi yer tutur. Naxçıvan teatrında rəssam kimi fəaliyyət göstərən Bəhruz Kəngərli bir sıra tamaşalara (“Ölülər”,“Pəri-cadu”, “Dağılan tifaq”, “Arşın mal alan”, “Müsibəti-Fəxrəddin”, “Nadanlıq” və sair) milli koloritdə zəngin səhnə tərtibatı verib, forma və məzmun vəhdəti ilə seçilən dekorasiyalar, müxtəlif rəng çalarlarında gözəl pərdələr, tamaşaların ruhunu əks etdirən geyim eskizləri və səhnənin cazibəsini artıran pannolar hazırlayıb.
Azərbaycan təsviri sənət tarixində adı həm də tez-tez çox məhsuldar rəssam kimi xatırlanan Bəhruz Kəngərli 1922-ci ilin 7 fevralında dünyaya əlvida dedi. Əslində, gələcəkdə bütün Azərbaycanın fəxri olacaq rəssamı lap uşaqlıqdan müxtəlif xəstəliklər izləyirdi və gənc rəssam da çox vaxt yalnız özünə bəlli olan bu əzablara qatlaşa-qatlaşa sanki anbaan ölümünə doğru gedirdi. Amma yaratmağından da qalmırdı. Odur ki, bəlkə də, bir soyuq fevral günü dünya ilə vidalaşanda Bəhruz Kəngərli qoyub getdiklərindən narahat deyildi. Yaratdıqlarının bu gün hər birimizə qürurverici qəbul olunması da bunu təsdiqləyir. Dəfn günü onu son mənzilə yola salmağa gələn insan axınının nəhayətsizliyi isə sübut edirdi ki, Naxçıvan kimi itirdiyini yaxşı bilir...
Bəhruz Kəngərli yaradıcılığına və şəxsiyyətinə ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında böyük ehtiram göstərilir. Naxçıvan şəhərində Bəhruz Kəngərlinin muzeyinin, adını daşıyan Rəssamlar Parkının yaradılması, parkda onun abidəsinin ucaldılması, 2012-ci ildə rəssamın 120 illik yubileyinin qeyd olunması görkəmli sənətkarın irsinə göstərilən diqqətin, muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin ifadəsidir.
Azərbaycan incəsənətinin tarixində özünəməxsus xidmətləri ilə yaşayan Bəhruz Kəngərli kimi sənətkarlar bəşəri ideyalı insanlar olublar. Cəmi 30 illik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli həmişə müasirimiz olaraq bizimlə bərabər gələcəyə addımlayır.

Ziyadxan Əliyev
Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3390869
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5485
5214
10699
50036
3390869

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter