15 Avqust 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Nəcib duyğu və arzuları, mübarizə və qələbəni tərənnüm edən çoxəsrlik Azərbaycan xalq musiqisi öz dərin rişələri üzərində qidalanaraq cilalanmış və Yer üzünün, demək olar ki, hər yerində səslənərək özünə layiq bir yer tutmuşdur. Xalqın ürəyində döyünən musiqimiz xalq qəhrəmanlarımızın gücünə güc qatmış, əzmkarlıq və cəsarət dərsi oxumuş, ana-bacılarımıza mətanət, ismət və qeyrət çələngi toxumuşdur. Cəmiyyət inkişaf etdikcə sadədən mürəkkəbə doğru özünün milli xüsusiyyətlərini saxlamaqla inkişaf etmiş Azərbaycan xalq musiqisi gözəl və təkraredilməz milli xüsusiyyətlərinə görə başqa xalqların musiqisindən fərqlənir. 

İlk dəfə səsləndirilən cəng, budaqda nəğmə oxuyan bülbülün cəh-cəhini kəsərək onu utandıran ud, feodal müharibələri, daxili çarpışma və vuruşmalar zamanı fəğan qoparan təbil, “musiqi alətlərinin müəllimi” hesab edilən tənbur, təbiətində həssaslıq, zərif və incəlik olan, taleyini qadın nəvazişinə bağlayan qanun, tamlığın və bütövlüyün cəmi, sazla qaynayıb qovuşan, sirli, sehrli hikmət sayılan qopuz, şairlərin könül həmdəmi rübab, sinifli cəmiyyətin ilk dövrlərində meydana gələn tulum, qulaq batıran, boğucu və dəhşətli səsə malik olan kərənay və başqa qədim musiqi alətləri folklorumuzun zəngin incilərindəndir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamında qeyd olunduğu kimi: “Qədim rəqs və musiqi mədəniyyəti ilə sıx bağlı olan, vaxtilə geniş yayılmış qədim çalğı alətlərimizin də bu gün geniş təbliğinə və gənc nəslə, eləcə də beynəlxalq ictimaiyyətə tanıdılmasına ciddi ehtiyac vardır. Cəng, ud, təbil, tənbur, qanun, qopuz, rübab, tulum, kərənay, ney, zurna, balaban kimi çalğı alətlərimizin adlarına musiqi tarixinə dair mənbələrdə, “Kitabi-Dədə Qorqud”, “Kor­oğlu” dastanlarında, eləcə də klassik şairlərimizin əsərlərində rast gəlinir. Qədim xalq çalğı alətlərinin bir çoxu bərpa olunmuş və yenidən musiqi alətlərinin sırasına daxil edilmişdir. 
Xalqımızın müstəqillik yoluna qədəm qoyduğu indiki şəraitdə xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir”.
Müşahidələr göstərir ki, Azərbaycanın digər regionları ilə müqayisədə muxtar respublikamızda qədim simli, nəfəsli və zərb musiqi alətləri daha geniş yayılmış, bu musiqi alətlərində ifa edən görkəmli sənət ustaları yetişmiş, müstəqillik qazandığımız illərdə həmin alətlərin xalqımıza qaytarılması, gələcək nəsillərə ərməğan olunması istiqamətində bir sıra məqsədyönlü işlər görülmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yuxarıda adı qeyd olunan sərəncamı da bu istiqamətdə atılan mühüm addımlardan olmuş, qədim musiqi alətlərimizin yenidən bərpasına, milli-mənəvi dəyərlərimiz olan xalq mahnı, muğam və təsniflərin, rəqslərin qədim milli musiqi alətlərində müşayiət olunmasına marağı daha da artırmışdır. Həmin sərəncamda göstərilən müddəaların icrasının təmin olunması məqsədiləTədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planında icrası nəzərdə tutulan məsələlərdən biri də qədim xalq musiqi alətlərinin istehsalı üçün şəraitin yaradılması, onların tədrisinin və satışının təşkil olunmasıdır.
Bu məqsədlə Naxçıvan Musiqi Kollecinin müəllimi İxtiyar Seyidov qədim musiqi alətlərinin istehsalı və təmiri üçün dövlət qayğısı sayəsində ayrıca emalatxana yaratmışdır. İxtiyar müəllim 1998-ci ildə Bakı şəhərində “Xalq yaradıcılığı milli sərvətimizdir” devizi altında keçirilmiş “Xalq sənətkarlarının əl iş­lərinə I respublika baxış-müsabiqəsi”nin qalibi olmuşdur. Milli-mənəvi sərvətin yaşadılmasına olan sonsuz məhəbbəti onu 2005-ci ildə Naxçıvan Musiqi Kollecində qədim xalq çalğı alətləri ansamblını yaratmağa sövq etmişdir. Tərkibi qopuz, rübab, tənbur, dilruba, çəğanə, ud, ney, balaban, tütək, qanun, tar, kamança, bəmtar, cürə saz, qaval və digər Azərbaycan qədim musiqi alətlərindən ibarət olan ansamblın bədii rəhbəri İxtiyar Seyidov həmin musiqi alətlərinin əksəriyyətini özü hazırlamışdır. Ansambl xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Xalq yaradıcılığımız bu gün” adlı muxtar respublika folklor festivalında iştirak etmiş, festivalda fərqləndiyinə görə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomuna layiq görülmüşdür. Onu da qeyd edək ki, İxtiyar Seyidov həm də muxtar respublikamızda fəaliyyət göstərən mədəniyyət və incəsənət müəssisələrində istifadə üçün qədim xalq çalğı alətlətini hazır­layır. Bu sırada Naxçıvan Dövlət Uşaq Filarmoniyasının və muxtar respublika uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin adlarını çəkmək olar.
İxtiyar Seyidovun çalışdığı qədim musiqi alətlərinin istehsalı və təmiri emalatxanasına yollandıq. Ondan milli musiqi alətlərini necə və nədən hazırladığını öyrənmək istədik. Bildirdi ki, həmin musiqi alətlərinin bəzilərini heç bir dəzgahdan istifadə etmədən, yerli tut, cəviz, ərik və armud ağaclarının materiallarından istifadə edərək elmi məqalələrə əsaslanmaqla hazırlayır. Bundan başqa, klassik Azərbaycan şairlərindən Qətran Təbrizinin, Nizami Gəncəvinin, Xaqani Şirvaninin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin və başqalarının əsərlərinə çəkilmiş mini­atürlərdəki musiqi alətlərinə də əsaslanaraq onlara yeni həyat verdiyini söyləyən İxtiyar müəllim emalatxanada səliqə ilə düzülən musiqi alətlərindən birini götürərək bizə göstərdi. Şəxsi təxəyyülünün məhsulu olan bu musiqi alətinə “ovuc neyi” adını verməsi təsadüfi deyildir. Həmin musiqi aləti bir ovucun içərisinə yerləşdirilərək ifa edilir. Digər maraqlı nümunə isə “tənbur” adlandırdığı alətdir ki, onu həm saz, həm tənbur, həm də cəng musiqi aləti kimi ifa etmək mümkündür. 2013-cü il İxtiyar Seyidovun sənət dünyasına yeni izlər salmışdır. Ötən müddət ərzində rübab, qopuz, cəng və qabaq kaman kimi musiqi alətlərini hazırlamışdır. Qədim musiqi alətlərinin istehsalı və təmiri ilə məşğul olan İxtiyar Seyidovun düzəltdiyi qədim milli musiqi alətlərinə baxdıqca qürur hissi keçirdik. Belə dəyərli milli-mənəvi sərvətimizi bu gün də qoruyub gələcək nəsillərə çatdıran sənətkara uğurlar arzulayırıq. Məhz belə sənətkarlar və onlara dövlət qayğısı sayəsində qədim milli musiqi alətlərimiz yaşadılır, nəticə etibarilə, xalqımız böyük bir dəyərinin bir daha şahidi olur.

Bəli, sevindirici haldır ki, muxtar respublikamızda qədim musiqi alətlərimizə yeni həyat bəxş olunur. Unudulmaqda olan, itib-batmaq təhlükəsi ilə üzləşən bu musiqi alətləri özümüzə qaytarılır. Əsrlərin sınağından keçərək bizə ərməğan qalmış bu dəyərli sərvətlər bizim tariximiz, kimliyimizdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Təcrübə göstərir ki, xalq öz milli-mənəvi dəyərlərinə sahib çıxmasa, onlar başqa xalqlar tərəfindən özününküləşdirilir, mənimsənilir. Ona görə də biz milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, yaşatmalı və təbliğ etməliyik”.

Nizami ƏZİZƏLİYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2875097
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
233
4386
8786
61791
2875097

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter