15 Noyabr 2019, Cümə

O, bir anlıq işindən ayrılıb pəncərənin önünə yaxınlaşdı. Təbiətinə, insanlarına aşiq olduğu diyarın mənzərəsinə baxaraq düşüncələrə daldı. Vahid müəllim ömrünün ən gözəl çağlarını burada yaşamışdı. Əldə etdiyi hər şey üçün özünü qədim diyara borclu sayır və bu borcu ödəməyə çalışırdı. İllərdən bəri gözlədiyi an gəlib çatmışdı. O, düşüncələrində burada yaşadığı hər bir anı gözdən keçirdi. Çünki görəcəyi işdə onun həyatına xoşbəxtlik qatan bütün xoş anları yaşatmaq istəyirdi...

Vahid müəllim artıq 3 gün idi ki, iş otağında fasiləsiz çalışırdı. Ömür-gün yoldaşı Dilbər xanım həmin günə qədər onun belə ara vermədən çalışmağını görməmişdi. Elə buna görə də bütün ailə üzvləri onun iş otağına saatlarla qapılmasından narahat idilər. Sən demə, Əliheydər həkim 3 gün öncə Vahid müəllimi görməyə gəlmiş və ona əl yazısı ilə bir neçə bəndlik şeir yazılmış vərəq vermişdi. Bundan sonra o, öz iş otağına çəkilmiş və işə başlamışdı. Vahid müəllimin bu “yoxluğuna” hövsələ edə bilməyən Dilbər xanım ehmalca qapını açıb otağa daxil oldu. O, iş masasının üstünə dağılmış vərəqlərə, otaqdakı səliqəsizliyə və masanın üzərindəki bir neçə saat öncə gətirdiyi, hələ də dolu olan çay stəkanına nəzər yetirdi. Anladı ki, Vahid müəllim illərdir, səliqə-sahmanın hökm sürdüyü iş otağında nəinki səliqəyə, hətta çay içməyə vaxt ayırmadan həvəs və şövqlə işini bitirmək istəyindədir. Dilbər xanım sakitcə dayanıb həyat yoldaşının musiqi parçalarını ifa edib not dəftərinə qeydlər aparmasını bir neçə dəqiqə seyr etdi. Daha sonra Vahid müəllim son qeydlərini apararaq dərindən nəfəs aldı və əlindəki tarı masanın üstünə qoydu. Dilbər xanıma sevincdən buludtək dolan gözləri ilə baxaraq: “Səni mənim taleyimə bəxş edən Naxçıvana bir ərməğanım olacaq, demişdim, yadındadırmı? Bax, o ərməğan bu vərəqlərin üzərindədir”, – dedi...
İllərdir, hamının sevə-sevə dinlədiyi, toylarımızın, el şənliklərimizin, konsert pro­qramlarının bəzəyi olan “O, Naxçıvandır” mahnısı beləcə ərsəyə gəldi...

Ardını oxu...

Böyük şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasından 137 il ötür

Dünya nizamındakı gərginlikdən doğan hadisələrlə zəngin XX əsrin əvvəlləri həm də türk millətinin sınağa çəkildiyi illər idi. Türk dünyasının nəhəng simalarından olan İsmayıl bəy Qaspıralının “İşdə bir, fikirdə bir, əməldə bir”, Əli bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” çağırışları öz bəhrəsini tədricən versə də, görüləsi işlər hələ çox idi. Belə bir dövrdə, eləcə də Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonrakı illərdə yazıb-yaratmış Hüseyn Cavid milli şüurumuzun oyanmasında mühüm rol oynayıb.

Bu gün dahi şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasından 137 il ötür.

Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində dünyaya göz açıb. Musiqini, muğamatı yaxşı bilən, məlahətli səsi ilə tanınan atasının qəzələ vurğunluğu gələcəyin söz ustadı Hüseynə də keçib. O, əvvəlcə mollaxana, sonra Naxçıvan rus-tatar məktəbində (Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə”sində), Təbrizin “Talibiyyə” mədrəsəsində, İstanbul Universitetində təhsil alıb. İstanbuldan yazdığı məktubunda “Əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir” fikri Hüseyn Cavidin düşüncələrindən xəbər verir. Bu həqiqət və məhəbbətin mənasını isə onun vətənini, millətini azad və xoşbəxt görmək arzusu təşkil edirdi.

İstanbuldan qayıdan Hüseyn Cavid Naxçıvanda, Bakıda, Gəncədə, Tiflisdə müəllimlik edib, habelə bədii yaradıcılıqla məşğul olub. İlk kitabları olan “Ana” və “Keçmiş günlər” Tiflisdə çıxıb. 1918-ci ilin mart hadisələrindən sonra Təbrizə gedən şairin Şeyx Məhəmməd Xiyabaninin “Təcəddüd” qəzetində şeiri dərc edilib. Naxçıvana qayıdan Hüseyn Cavid Mişkinaz xanımla evlənib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hüseyn Cavidin Abdulla Şaiqlə birgə yazdığı “Ədəbiyyat dərsləri” ortaq türk ədəbiyyat tədrisinin yaradılması istiqamətində atılan ilk addımlardandır.

Sovet hakimiyyətinin ilk illərində tale ustad sənətkarı sanki sınağa çəkirdi. Qardaşını, qızını itirir. Xanımı cərrahiyyə əməliyyatı olunur. Ehtiyac ucbatından şəxsi kitabxanasındakı kitabları, dolabındakı paltarları satır... Ədəbi tənqid isə bu dövrü 40 yaşlı Hüseyn Cavidin yaradıcılığında “məfkurəvi tərəddüd və böhran” adlandırıb. Halbuki o, bu illərdə “Peyğəmbər” və “Topal Teymur” əsərlərini yazıb.

1937-ci il iyunun 4-ü və ondan sonrakı hadisələr dahi sənətkarın ideya-məfkurə istiqamətini zərrə qədər də dəyişə bilməyib.

Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlıdır. Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müsadirə olunub.

“Mənim Tanrım gözəllikdir, sevgidir”, - deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb. Onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasının 137-ci ildönümünə həsr edilmiş “Hüseyn Cavid irsi və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli açaraq böyük söz ustadının zəngin yaradıcılığı barədə ətraflı məlumat verib, Cavid şəxsiyyətinə və irsinə göstərilən dövlət qayğısından söz açıb.

Ardını oxu...

Hüseyn Cavid ədəbiyyatımızda romantizm ədəbi cərəyanının, milli romantik şeirin və mənzum faciənin banisi, böyük şair, yazıçı və dramaturqdur. Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan ədib mənzum faciələri və tarixi dramları ilə tanınıb. Ümummilli liderimiz Heydər Əliyev deyib: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu, bəlkə də, Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”. 

Hələ 30-cu illərin əvvəllərində adı dillər əzbəri olan Cavid 1937-1956-cı illər arası, hətta 1981-ci ilə qədər böhtan və iftiralara məruz qalır. Həqiqətən, ulu öndər Heydər Əliyevin imzası ilə 1981-ci il iyul ayının 21-də Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında verilən qərar böyük ədibə əsl bəraət qazandırır. Onun ədəbi irsinin toplanıb nəşr olunması, əsərlərinin müxtəlif teatrlarda tamaşaya qoyulması, Cavidə həsr edilmiş monoqrafiyaların, əsərlərinin 4 cilddə, habelə rus dilində 2 cilddə, ərəb əlifbası ilə 1 cilddə nəşr olunması, Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidə abidə ucaldılması, ev-­muzeylərinin yaradılması və digər işlərin həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin dahi şairə olan sonsuz məhəbbətlə imzaladığı qərarda öz əksini tapıb.
Qərardan sonra Naxçıvanda Cavidin vaxtı ilə qədim Əlixan məhəlləsində bazar çayının kənarındakı yaşadığı evdə yaradılan ev-muzeyi nəinki cavidsevərlərin, bütünlükdə ədəbiyyatsevərlərin sevimli ziyarətgahıdır. 1982-ci ildə totalitar sovet rejimi dövründə Hüseyn Cavidin nəşinin qalıqlarının Uzaq Sibirdən vətəninə gətirilməsi Cavid irsinə marağı daha da artırdı.
Ulu öndərin şəxsi təşəbbüsü, qayğısı və göstərişi əsasında Cavidin nəşi onun doğulduğu qədim Naxçıvanda torpağa tapşırıldı. Uzaqgörən siyasətçinin bu addımı onun adının əbədiləşdirilməsinə xidmət edirdi. Xalqımızın böyük oğlu hələ Naxçıvanda Ali Məclisin Sədri işləyərkən, ən ağır və çətin dövrlərdə belə, Cavidi unutmadı və onun 110 illik yubileyinin muxtar respublika səviyyəsində qeyd olunmasını təşkil etdi. Yubiley tədbirində yaddaqalan çıxışı ilə ­Cavidə, onun irsinə yüksək dəyər verdi: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, bütün Türk dünyasının ən görkəmli bir simasıdır, təkrar­olunmaz bir şəxsiyyətdir, bir şairdir, bir yazıçıdır. Onun yaratdığı əsərlər böyük çətinliklərdən keçərək indi artıq hamımız üçün dərslik olubdur və dərslik olmalıdır”.

Ardını oxu...

Dünən sakinlər tərəfindən Naxçıvan Dövlət Xalça Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, cecim, kilim, palaz olmaqla, 15 eksponat təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova muzeylərimiz üçün maddi mədəniyyət nümunələrinin toplanmasının daim diqqətdə saxlanıldığını və bu işdə muxtar respublika sakinlərinin yaxından iştirak etdiklərini bildirib.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR