15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvanın görkəmli maarifpərvər ziyalıları müəllim əməyinə yüksək qiymət vermiş və böyüyən nəslin təlim-tərbiyəsində müəllimin rolunu yüksək dəyərləndirmişlər. Müəllim zəhmətinə yüksək qiymət verən Məhəmməd Tağı Sidqi yazırdı ki‚ “Məktəb bir cismə bənzər ki‚ onun ruhu müəllimdir”. M.T. Sidqinin fikrincə‚ müəllim təlim-tərbiyə işində böyük qüvvədir‚ müəllim uşaqlara bilik verir‚ ona görə də savadlı olmalıdır. Savadsız müəllimdən uşaqların təlim və tərbiyəsini gözləmək dəmirçidən saatsazlıq tələb etmək kimidir. 

XX əsrin əvvəllərində görkəmli Naxçıvan ziyalıları müəllim kadrlarının hazırlanması ilə bağlı mətbuatda tez-tez çıxış edirdilər. Onlar öz yazılarında ana dilində dərs deyə bilən müəllimlərin hazırlanmasını dövrün əsas tələbi kimi qarşıya qoymuşlar. Bu sahədə Eynəli bəy Sultanov, Əliməmməd Xəlilov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Süleymanov, Məhəmməd ağa Şahtaxtlı, Sadıq Xəlilov, Məmmədqulu bəy Kəngərli, Əbülqasım Sultanov, Qurbanəli Şərifov, Əliqulu Qəmküsar, Mirzə Cəlil Şürbi və başqaları xüsusilə fərqlənirdilər.
XX əsrin əvvəllərində Naxçıvanda maarifin inkişafını ləngidən əsas məsələlərdən biri bölgələrdə müəllim kadrların çatışmazlığı idi.

1921-ci ildən Xalq Maarif Komissarlığının nəzdində qısamüddətli kurs təşkil edilmişdir. Bakıda və digər şəhərlərdəki kurslarda təhsil almaq üçün müdavimlər göndərilirdi. Məsələn, bu dövrdə Qori Müəllimlər Seminariyasında azərbaycanlılardan çox az müəllim hazırlanmışdı. 1920-ci ilə kimi keçən 50 il ərzində Qafqazda 262 nəfər azərbaycanlı müəllim hazırlanmışdı ki‚ bunun da 63 nəfəri İrəvan Müəllimlər Seminariyasında təhsil almışdı.
Naxçıvanda 1920-ci ilə qədər cəmi 4 kişi müəllimin – Cəfər Məmmədovun, Mirzə Ələkbər Süleymanovun, Mirzə Kazımbəyovun, Həsən Qazıyevin və 2 qadın müəllimin – Nazlı Nəcəfova-Tahirovanın və Xədicə Səfər­əliyevanın olduğu qeyd edilir. Naxçıvan Xalq Komissarları Sovetinin 22 dekabr 1922-ci il tarixli dekreti ilə başqa sahələrdə işləyən müəllimlər Xalq Maarif Komissarlığının sərəncamına göndərilmiş, bütün müəllimlər hərbi mükəlləfiyyətdən azad edilmişdilər. 1922-ci il avqust ayının 28-də Naxçıvan şəhərindəki teatr binasında keçirilən Naxçıvan Müəllimlərinin I Qurultayında Naxçıvanda müəllim çatışmazlığı ciddi müzakirə edilmiş və 1 noyabr 1922-ci ildə Naxçıvan Müəllimlər Seminariyası açmaq haqqında qərar qəbul olunmuşdur. Bir neçə aylıq müəyyən hazırlıq işlərindən sonra seminariyanın açılması üçün maddi-texniki baza yaradılmış və seminariya fəaliyyətə başlamışdır. Naxçıvan üçün kadr hazırlığında çox mühüm rol oynayacaq Naxçıvan Müəllimlər Seminariyasına Xəlilağa Hacılarov ilk direktor, Əbdüləzim Rüstəmov onun köməkçisi və coğrafiya müəllimi təyin olunmuşlar. Seminariyanın müəllimləri sırasında Həsən Səfərov, Əbdüləzim Rüstəmov, Həsən Qazıyev, İbrahimxəlil Axund­ov, Əli Xəlilov və başqaları var idi.
Naxçıvan Müəllimlər Seminariyası bir il fəaliyyət göstərəndən sonra pedaqoji texnikuma çevrilmiş və 1923-cü ilin dekabrından Ordubad şəhərində fəaliyyət göstərməyə başlamışdır. Texnikumda pedaqoji şura, metodik təşkilatlar, tələbə komitəsi, müxtəlif fənn dərnəkləri yaradılmışdı. Bu pedaqoji texnikumda 1925-1926-cı tədris ilində 119 nəfər tələbə təhsil alırdı. Növbəti ildə texnikumun ilk buraxılışı olmuşdur ki, bu zaman 18 nəfər məzun müəllimlik diplomu alaraq muxtar respublika məktəblərində işləməyə başlamışdır. Bunların sırasında Zəngilandan Əkbər Abbasov, Vedibasardan Abdulla Kərimov, Eynalı Əlizadə, Ordubaddan Mirəhməd Seyidzadə, Mirmehdi Seyidzadə, Naxçıvan şəhərindən Əkbər Fərəcov, Əli Fərəcov, Əli Axundov, Aqil Mirişli, Kazım Talıbov, Nemət Novruzov, Əbdüləli Tahirzadə, Səməd Seyidli və başqalarının adlarını çəkmək olar. 1938-1939-cu tədris ilində isə Naxçıvan Pedaqoji Texnikumunu 92 nəfər gənc bitirərək pedaqoji fəaliyyətə başlamışdır. Bu gənclər sonralar Azərbaycanda ictimai-siyasi fikrin və xalq maarifinin inkişafında mühüm rol oynamışlar. Həmin məzunlar arasında dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyev də var idi. Ulu öndər 25 iyun 1939-cu il tarixdə həmin texnikumu bitirmiş və ona 2027 №-li diplom verilmişdir. 1941-ci ildə isə Naxçıvan Pedaqoji Texnikumu ləğv edilərək Ordubad Pedaqoji Texnikumuna birləşdirilmişdir. Bu texnikum muxtar respublika üçün müəllim kadrların hazırlanmasında böyük rol oynamışdır. Yarandığı gündən 1941-ci ilə qədər texnikumda 1071 nəfər müəllim hazırlanmışdır ki, onlardan 182 nəfəri qadın olmuşdur.
Bu qərarın qəbul edilməsinin əsas səbəbi Naxçıvan şəhərində yeni təhsil ocağının, yəni Müəllimlər İnstitutunun yaradılması olmuşdur. Naxçıvan MSSR-də pedaqoji məktəb olan Müəllimlər İnstitutu muxtar respublika Xalq Komissarları Sovetinin 14 avqust 1939-cu il tarixli qərarı ilə yaradılmış və həmin il sen­tyabrın 15-də iki fakültə ilə fəaliyyətə başlamışdır. Bu instituta ilk qəbulda 180 nəfər tələbə kontingenti nəzərdə tutulsa da, cəmi 129 nəfər tələbə qəbul edilmişdir. Onlardan cəmi 31 nəfəri qız olmuşdu. Növbəti 1940-1941-ci tədris ilində Naxçıvan Müəllimlər İnstitutunda artıq 4 fakültə – Dil-ədəbiyyat, Fizika-riyaziyyat, Təbiət-coğrafiya və Tarix fakültələri açılmışdı ki, bu fakültələrdə, ümumilikdə, 230 nəfər tələbə oxumuşdur. Lakin I kursa qəbul edilənlərin bir hissəsi sovet ordusuna səfərbər edildiyindən bir qism tələbə təhsilini başa vura bilməmişdir. 1941-ci ildə institutun ilk məzunlarının sayı cəmi 65 nəfər təşkil etmişdir. Onların 52 nəfəri Dil-ədəbiyyat, 13 nəfəri Fizika-riyaziyyat fakültələrini bitirmişdir. İlk məzunlardan Qəzənfər Əkbərov, Nazlı Tahirova, Mahmud Axundov, Qasım Hacıyev, İsmayıl Sadıqov, Yunis Qasımov, Salman Ağayev və başqalarının adlarını çəkmək olar. İnstituta qəbul isə partiya və komsomol təşkilatlarının zəmanəti ilə aparılmışdır. İnstitutun professor-müəllim heyətinin formalaşdırılmasında, həmin heyətin təşkilində və idarə olunmasında institut rəhbərliyinin, xüsusən direktor Lətif Hüseynzadənin mühüm xidmətləri olmuşdur. Mikayıl Müşfiq, Əhməd Cavad və digər görkəmli ziyalılarla eyni sinifdə təhsil alan Lətif Hüseynzadə 1934-1935-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda müəllim, sonralar dərs hissə müdiri işləmiş, 1952-­­1953-cü tədris ilində isə artıq Naxçıvan Müəllimlər İnstitutuna direktor təyin olunmuşdu.
Naxçıvan müəllimlərinin qurultayının qərarına uyğun olaraq, 1924-cü ilin oktyabrında Naxçıvan Muxtar Respublikasında qadın seminariyası fəaliyyətə başlamışdır. Seminariyaya rəhbərlik N.Nəcəfovaya tapşırılmışdır. 1925-1926-cı tədris ilində seminariya Qadın Pedaqoji Texnikumuna çevrilmişdir. Texnikumun ilk direktoru Fatma Əlizadə olmuşdur. Həmin ildə texnikumda 80 nəfər qız təhsil almışdır. Bu texnikumda Xədicə Yusifbəyli, Şövkət Mahmudbəyova, Sabirə Güləhmədova və digər tanınmış qadın müəllimlər dərs demişlər.
XX əsrin əvvəllərində Naxçıvanda qadın müəllimlərin hazırlanması üçün qadın pedaqoji kursları da fəaliyyət göstərmişdir. İlk belə kurs 1922-ci ilin noyabrında açılmış və orada 60 nəfər qadın müəllim hazırlanmışdır. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin qərarı ilə 1928-1929-cu tədris ilində kişi və qadın texnikumları birləşdirilmişdir. Bu isə, öz növbəsində, yüksək səviyyədə müəllim kadrların hazırlanmasına rəvac vermişdir. Həmin ildə Naxçıvan MSSR-dəki bu texnikumda 411 nəfər tələbə oxuyurdu ki, onlardan 71 nəfəri qadın idi.
XX əsrin əvvəllərində Naxçıvanda müəllim hazırlığının digər forması naxçıvanlı gənclərin Azərbaycanın və SSRİ-nin ali məktəblərinə göndərilməsi olmuşdur. 1922-1923-cü tədris ilində 110 nəfər gənc müxtəlif ali məktəblərə göndərilmiş və onlara təqaüd verilmişdir. Bütün bu tədbirlər qısa müddətdə öz bəhrəsini vermişdir. Məsələn, 1913-1914-cü illərə nisbətən Naxçıvanda müəllimlərin sayı 1924-1925-ci tədris ilində 125,4, 1925-1926-cı tədris ilində isə 171,4 faiz artmışdır. 1921-1922-ci illərdə Naxçıvanda 86 nəfər (onlardan 2 nəfəri qadın idi), 1924-1925-ci illərdə 154 nəfər (4 nəfəri qadın idi), 1930-1931-ci illərdə isə 277 nəfər (72 nəfəri qadın olmuşdur) müəllim çalışmışdır. Müəllim hazırlığını genişləndirmək məqsədilə 1937-1938-ci tədris ilində artıq Ordubad şəhərində də pedaqoji texnikum açılmışdı ki, bu texnikumun ilk direktoru vəzifəsinə Mehdi Mehdiyev təyin edilmişdi. Texnikuma birinci ildə 7 nəfər qız olmaqla, 57 nəfər qəbul olunmuşdu. Növbəti tədris ilində isə onların sayı 213 nəfərə çatdırılmışdı.
Təhsil sahəsində həyata keçirilmiş bu mütərəqqi tədbirlər Naxçıvanda maarifçilik ideyalarının inkişafına və yerli ziyalı sinfinin formalaşmasına təkan vermişdir. Həmin dövrdə maarif və mədəniyyətdə əldə edilmiş nailiyyətlər gələcək uğurların əsasını qoymuşdur.

Taleh XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin baş metodisti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275713
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1155
4179
13482
60359
3275713

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter