07 Dekabr 2021, Çərşənbə axşamı

Bunu Naxçıvan Dövlət Universitetinin timsalında daha aydın görmək mümkündür

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin ali təhsil müəssisələri sırasında özünəməxsus yeri olan Naxçıvan Dövlət Universiteti haqqında dediyi sözlər hər birimizdə qürur hissi yaradır: “Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik Naxçıvan diyarında yüksəkixtisaslı kadrların yetişdirilməsinə, elmi mühitin formalaşdırılmasına və bütövlükdə, regionun tərəqqisinə öz müsbət təsirini göstərmişdir. Onun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsinə layiqli töhfələr verirlər”.

Bu gün Naxçıvan Dövlət Universiteti, sözün həqiqi mənasında, ölkənin ən nüfuzlu, qabaqcıl təhsil ənənələrinə malik tədris ocaqlarından biridir. Universitetin müasir inkişaf mərhələsi, fəaliyyət istiqamətləri, yeni infrastrukturunun qurulması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun digər sahələrdə olduğu kimi, təhsilin inkişafında da ümummilli lider Heydər Əliyev siyasətinə sədaqətinin bəhrələridir. Bir-birindən gözəl tədris korpuslarının inşa edilməsi və ya yenidən qurulması, onların müasir tədris vasitələrilə təmin edilməsi sahəsində görülən işlər Ali Məclis Sədrinin universitetin professor-müəllim heyətinə, çoxminli tələbə kontingentinə qayğısının ifadəsidir.

Son illərdə burada ali təhsil alanlar sırasında əcnəbi tələbələrin də sayı xeyli artıb. Bu günlərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova ilə əcnəbi tələbələrə yaradılan tədris şəraiti, onların universitetdəki fəaliyyəti barədə həmsöhbət olduq.
– İlahə xanım, oxucularımız üçün də bunu bilmək maraqlı olar ki, Naxçıvan Dövlət Universitetində neçə ölkədən təhsil alan tələbə vardır? Onlar içərisində üstünlüyü hansı ölkə təşkil edir?
– Naxçıvan Dövlət Universitetində dünyanın bir çox ölkələrindən gələn tələbələr təhsil alır. Bu ölkələrin sayı, təxminən, 10-a yaxındır və həmin ölkələr içərisində üstünlük təşkil edən Türkiyə Respublikasıdır. Hər il Türkiyədən bizə minlərlə tələbə müraciət edir və onların qəbul prosesləri mövcud qaydalara uyğun həyata keçirilir. O cümlədən Cənubi Koreya, Özbəkistan, Pakistan, Banqladeş, Nigeriya və digər ölkə vətəndaşları da müxtəlif ixtisaslar üzrə ali təhsil alırlar.
– Şübhəsiz ki, xarici tələbələrin buraya gəlib təhsil alması universitetdə yaradılan şəraitlə bağlıdır. İstərdim ki, bu barədə oxucularımıza ətraflı məlumat verəsiniz.
– Buna bir çox nümunə göstərmək olar. Lakin onlardan başlıcasını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ali təhsil ocağına göstərmiş olduğu gündəlik diqqət və qayğı təşkil edir. Universitetimizin tələbə evi, zəngin elektron kitabxanası, xəstəxanası və digər imkanlarından istifadə bu ali təhsil ocağına olan marağı daha da artırmışdır. Eyni zamanda universitetimizdə tələbələrin Naxçıvanın tarixi yerlərini gəzib tanımaları üçün respublikamızda fəaliyyət göstərən muzey və sərgilərə mütəmadi turların təşkil edilməsi üçün də şərait yaradılmışdır.
– İlahə xanım, yəqin ki, sizin burada hər bir tələbə ilə fərdi şəkildə görüşüb söhbət etmək imkanınız olub. Deyə bilərsinizmi, ümumiyyətlə, əcnəbi tələbələrin bu ali təhsil ocağına maraq göstərmələrinin səbəbi nədir?
– Bir az əvvəl qeyd etdiyim kimi, ən bariz səbəb muxtar respublika rəhbərinin universitetimizə göstərdiyi diqqət və qayğıdır. Naxçıvanda təhlükəsizliyin ən yüksək səviyyədə təşkil olunması, sabitlik, universitetimizin dünyanın ən nüfuzlu reytinq cədvəlində yer alması, dünyanın bir çox ölkəsi ilə beynəlxalq səviyyədə əlaqələrin qurulması, universitetdə çoxprofilli kadr hazırlığının həyata keçirilməsi, Azərbaycanda ali təhsil müəssisələri arasında yeganə modern üsulda kampusa sahib olması, ölkəmizdə ilk olaraq Teknoparkın yaradılması prosesi, müasir laboratoriya və auditoriyalarla təchiz edilməsi əcnəbilərin bu prestijli ali təhsil ocağına maraq göstərmələri üçün əsas səbəblərdir. O cümlədən bu ildən başlayaraq universitetimizin ikili diplom layihələrində fəal iştirakı, tələbə və müəllim mobilliyinə cəlb olunması bu marağı daha da artırır.
– Təbii ki, təhsil alan xarici tələbələr adət-ənənələrimizi burada öyrənirlər, bəs universitetdə bu istiqamətdə nə kimi işlər həyata keçirilir?
– Mütəmadi olaraq dərsdənkənar tədbirlərin, milli-mədəni dəyərlərlə bağlı dəyirmi masaların keçirilməsi, Azərbaycanın adət-ənənələrini əks etdirən teatr və konsertlərin təşkili, idman üzrə keçirilən yarışlarda əcnəbi tələbələrin iştirak etməsi istiqamətində universitetdə mühüm işlər görülür. Həmçinin əcnəbilər Kulinariya Mərkəzində milli mətbəx nümunələrimizin təbliğinə cəlb olunurlar.
– Əvvəlki illərdə məzun olan tələbələrdən Naxçıvanda qalıb işləyən varmı?
– Əlbəttə. Pedaqoji fəaliyyətlə məşğul olan və istehsalatda çalışan bir neçə məzunumuz var. Onlarla da müntəzəm əlaqə saxlayırıq. Xarici ölkə vətəndaşları kimi muxtar respublikada yaşamaları, işləmələri üçün yaradılan şəraitdən razılıq etmələri bir naxçıvanlı kimi bizdə də qürur doğurur.
– Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlığın təşkili inteqrasiya sahəsində aparılan məqsədyönlü işlərdən biridir. Öyrənmək istərdim ki, universitetin ümumi olaraq neçə ölkənin ali təhsil müəssisəsi ilə əlaqəsi var?
– Naxçıvan Dövlət Universitetinin Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya, Macarıstan, Misir Ərəb Respublikası, Pakistan İslam Respublikası, Cənubi Koreya Respublikası, Çin Xalq Respublikası, Avstriya və digər ölkələrin universitetləri ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrin ifadəsi kimi Naxçıvan Dövlət Universitetinin nümayəndə heyətinin 8-16 iyul 2021-ci il tarixlərdə Türkiyənin prestijli universitetlərinə rəsmi səfər etməsi qeyd oluna bilər. Bu səfər çərçivəsində Türkiyənin ən nüfuzlu universitetləri ilə beynəlxalq səviyyədə əməkdaşlıq müqavilələri imzalanmışdır. Eyni zamanda Pakistanın Pəncab Universiteti ilə də beynəlxalq əməkdaşlıq sahəsində müqavilə imzalamaq üçün danışıqlar aparılır. Əlavə olaraq qeyd etmək istərdim ki, 3 sentyabr 2021-ci il tarixdə “Times Higher Education” (The World University Rankings 2022) dünya universitetləri portalında reytinq sıralamasında dünyanın ən yaxşı universitetləri arasında Naxçıvan Dövlət Universiteti də yer almışdır. Universitetimizə müəyyən vaxtlarda səfər etmiş diplomatik səfir və nümayəndələr ilə akademik və rəsmi səviyyədə görüşlər keçirilmiş, həmin ölkələrin ali təhsil müəssisələri ilə də beynəlxalq əlaqələrin qurulması sahəsində bir sıra addımlar atılmışdır. Universitetin beynəlxalq əlaqələri hər gün daha da genişlənir və ümid edirik ki, bu proses daim davam edəcək.
Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlahə xanımla söhbətdən sonra əcnəbi tələbələrdən də bir neçəsi ilə görüşdük.
Türkiyənin Van şəhərindən gələn Murad Batın Dəmirtürk dedi ki, uşaq yaşlarımdan həkim olmaq istəmişəm. Bizim bir ailə dostumuz var. Onun qızı Naxçıvan Dövlət Universitetində oxuyurdu. Tövsiyə etdilər ki, mən də tibb təhsilimi Naxçıvanda alım. Ailəmiz ilə birgə ölçdük-biçdik, burada oxumağıma qərar verdik. Qardaş, dost ölkə­yik, dinimiz, dilimiz birdir. Burada özümü heç vaxt yad yerdəki kimi hiss etmirəm. İlk vaxtlar bir az çətinliyim oldu. İndi isə Naxçıvan, müəllimlərim, dostlarım – hamısı mənə doğmadır. Buraya elə öyrəşmişəm ki, Naxçıvandan getmək istəmirəm. Bir məqamı da qeyd etmək istərdim. Azərbaycan xalqı və türk milləti Qarabağın, Şuşanın işğalı ilə heç vaxt barışmadı. Ürəyimizdə yaşatdıq bu həsrəti. Ermənilər havadarlarının köməyi ilə nə vaxtsa silahsız olan Azərbaycandan alınan torpaqların elə onlarda qalacağını güman edirdilər. Ancaq Azərbaycan xalqı qələbə çalacağına inanırdı. “Şuşa, can Şuşa, gələcəyik və yenidən səninlə görüşəcəyik” inamı yaşayırdı hər bir azərbaycanlının ürəyində. Biz də eləcə. Zaman dəyişdi, Azərbaycan qüdrətli dövlətə çevrildi. Şuşanın və bütün Qarabağın azad edilməsi Azərbaycanın gələcək inkişafı üçün çox vacib məsələdir. O hissi ifadə etməkdə çətinlik çəkirəm. Hər Azərbaycan şəhərinin, kəndinin azadlığı barədə xəbərləri izləmək və illərlə işğalda olan Qarabağımızın Azərbaycanın müzəffər Ordusu tərəfindən azad edilməsi qürurumu artırdı, sevincimin üstünə sevinc gətirdi. Zəfər Azərbaycanındır. Bizim ruhumuz, ürəyimiz can Azərbaycanladır! Qarabağ Azərbaycandır!
Nigeriyalı tələbə Joseph Okpamen bildirdi ki, Naxçıvan Dövlət Universitetini məndən əvvəl burada oxuyan həmvətənlərim sayəsində seçmişəm. Müasir şəraitli tələbə yataqxanasında qalıram və bu da mənim üçün hər cəhətdən rahat və sərfəlidir. Təhsilin səviyyəsi yüksəkdir. Tədrisdə ən müasir texnologiyalar tətbiq olunur. Naxçıvanda insanlar arasındakı mehribançılıq, qonaqpərvərlik məni buraya daha çox bağlayır. Hara gedirəmsə, insanlardan həmişə isti münasibət görürəm. Pandemiyanın yaratdığı müəyyən çətinliklərin aradan qaldırılması məqsədilə, milli və dini bayramlarda muxtar respublika rəhbərinin xüsusi qayğısının şahidi olmuşam. Bu bizim doğmalarımızda da təhsil aldığımız məkan haqqında müsbət rəy, əminlik yaradır. Buranın təmiz, abad, səliqəli və təhlükəsiz yer olması bütün xarici tələbələrin ürəyincədir. Tərəddüd etmədən günün istənilən saatında şəhərə çıxmaq imkanımız var. Universitetin kitabxanasından, elektron oxu zalından mütəmadi istifadə edirəm. Qeyd edim ki, Naxçıvan mənim üçün olduqca rahat bir məkandır.
Digər bir həmsöhbətim isə Türkiyənin Bursa şəhərindən olan Əsra Akkoyunludur: – Naxçıvanda təhsil almağın çox böyük imkanları var. Oxuduğum müddətdə mənimlə xoş ünsiyyətdə olan müəllimlər və səmimi dostlar əldə etdim. Nə zaman müəllimlərimə hansısa məsələ ilə bağlı müraciət etmişəmsə, qısa zamanda cavab almışam. Dilimizin, kökümüzün, adət-ənənələrimizin, tariximizin bir olması imkan verir ki, bir-birimizi daha yaxşı başa düşək. Buraya daha yaxından bələd olduqca görürəm ki, Naxçıvan, həqiqətən də, ən qədim Oğuz-türk yurdudur. Bu torpağın hər qarışında əcdadlarımızın yaratdığı böyük mədəniyyətin, qədim tarixin izləri var.
Beləcə, Naxçıvan Dövlət Universitetinə bu dəfə əcnəbi tələbələrin gözü ilə baxdıq. Onların dilindən təhsil ocağımız, müəllimlər, tələbə yoldaşları ölkəmiz və xalqımız, eləcə də qədim diyarımız barədə xoş sözlər eşitdikcə biz də qürurlandıq. Əmin olduq ki, onların hər biri vətənlərinə mütəxəssis kimi geri dönəndə həm də doğma diyarımıza olan sevgilərini və xoş təəssüratlarını ətraflarındakı insanlarla məmnunluqla bölüşəcəklər.

- Aytac CƏFƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR