07 Dekabr 2021, Çərşənbə axşamı

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm işlər görülmüş, müasir standartlara cavab verən təhsil müəssisələri tikilmiş, həmin müəssisələrin maddi tədris bazası möhkəmləndirilmiş, infrastrukturu yenilənmişdir. Məhz “Naxçıvan” Universiteti də bu diqqət və qayğıdan öz payını almışdır”.

Bu fikirləri “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva universitetdə yaradılan Robotexnika və STEAM kabinəsinin açılış tədbirində səsləndirib. Bildirilib ki, yeniyetmə və gənclərin dövrün tələblərinə uyğun təhsil alması və müasir texnologiyanı tam mənimsəməsi məqsədilə yeni təhsil metodları da hazırlanır. Bunlardan biri də dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan və dünya təhsil sistemində əsaslı yer tutan STEAM təhsil metodudur. STEAM haqqında ətraflı məlumat verən rektor vurğulayıb ki, müasir təhsildə mütəxəssis hazırlığının əsas istiqamət kimi götürüldüyü STEAM metodlarının Naxçıvan şəhərində tətbiqinə 2020- ci ildən başlanılıb. 2020-2021-ci tədris ilindən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə start verilib. Bu məqsədlə STEAM kabinələri yaradılıb, müəllimlər STEAM təlimlərinə cəlb olunub. Təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə “Naxçıvan” Universitetində də Robotexnika və STEAM kabinəsi yaradılıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, təhsildə tətbiq olunan ən mühüm yeniliklərdən biri də STEAM təhsil metodunun tətbiqidir. Məhz bu amili nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 7 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılacaq, məktəblərdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdiriləcək, hər il “STEAM təhsil festivalı” keçiriləcəkdir. Hazırda bu istiqamətdə işlər görülməkdədir.
Təhsil naziri pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərlə yanaşı, sabahın müəllimlərinin də ali təhsil pilləsində kurikulum vasitəsilə STEAM mövzularına yaxşı yiyələnmələrinin zəruriliyindən bəhs edərək vurğulayıb ki, məhz bu baxımdan “Naxçıvan” Universitetində STEAM təhsil metodu üçün hər cür imkanlara malik Robotexnika və STEAM kabinəsinin yaradılması pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin məktəblərdə tətbiq olunan STEAM təlim metoduna əvvəlcədən yiyələnmələrinə mühüm töhfələr verəcəkdir. İnanırıq ki, yaradılan imkanlardan istifadə edən STEAM bilikli tələbələrimiz gələcəkdə ixtisasını yaxşı bilən müəllim olmaqla yanaşı, STEAM sahəsində bacarıqları ilə təhsilimizin inkişafına təkan verəcəklər. Onlar ölkəmizi texnologiya istehlakçısından texnologiya istehsalçısına çevirməyə qadir kadrlar olacaqlar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Naxçıvan” Universitetinə STEAM dərslərinin tədrisi üçün 1 ədəd xətt izləyən robot, 1 ədəd elektron dövriyyə dəsti, 1 ədəd arduino, 5 ədəd 3D çap materialı, metodik vəsaitlər, dərslik və proqramlar hədiyyə edilib.
Universitetin elektron texnika üzrə nəzarətçi vəzifəsində çalışan Şamil Hümbətov təqdim olunan STEAM avadanlıqları barədə məlumat verib.
Sonda tələbələr tərəfindən hazırlanmış STEAM layihələrin təqdimatı olub.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR