07 Dekabr 2021, Çərşənbə axşamı

Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü və “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin təsis edilməsi ilə bağlı konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan təhsil naziri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında 2021-ci il 4 oktyabr tarixli Sərəncamı ilə konfrans iştirakçılarını tanış edib, müəllim əməyinə verdiyi qiymətə görə minnətdarlığını bildirib, təltif olunan müəllimləri, həmçinin konfrans iştirakçılarını Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.

Nazir müəllimlərə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb. Müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.
Bildirilib ki, muxtar respublikada müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində də zəruri tədbirlər həyata keçirilib. Ümumtəhsil müəssisələrinin pedaqoji heyəti üçün sistemli təlimlər təşkil edilib. Təkcə ötən tədris ilində ümumtəhsil məktəblərindən 200-ü STEAM təlimləri olmaqla, 1200-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb edilib. Müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə sertifikasiyası aparılıb, 505 müəllim şahmat sertifikatı ilə təmin olunub.
Diqqətə çatdırılıb ki, muxtar respublikada müəllim əməyinə verilən qiymət onların fəallığını artırıb, son iki ildə 4 müəllim “Pedaqoji mühazirə müsabiqəsi”nin, 9 müəllim isə “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin qalibi olub.
Nazir vurğulayıb ki, 2018-2019-cu tədris ilindən etibarən müəllimlərin işə qəbulunda müsabiqə mexanizmi tətbiq edilib, qaydalar şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilib, ümumtəhsil məktəblərinin bilikli kadrlarla təminatı yaxşılaşıb. Bu günədək işə qəbulla bağlı keçirilən müsabiqələrdə yüksək nəticə göstərən kadrlardan 586-sı müəllim, 140-ı isə müxtəlif vəzifələr olmaqla, ümumilikdə, 726 gənc kadr işlə təmin edilib.
Vurğulanıb ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı, tədrisin yüksək səviyyədə təşkili üçün yaradılan müasir təhsil infrastrukturu, informasiya kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin təhsilə tətbiqi, müəllim nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlər müəllim əməyinin bəhrələrini artırıb, təhsildə uğurlu nəticələr əldə olunub. Belə ki, 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından xüsusi nailiyyətlərlə bitirən məzunlardan 17-si qızıl, 17-si gümüş nişana, 41-i fərqlənmə attestatına layiq görülüb, 26 şagird Respublika fənn olimpiadasının qalibi olub. Qəbul imtahanlarında iştirak edən 2695 məzundan 1932-si və ya 72 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Məzunlardan 261-i 500-700 arası nəticə göstərib, onlardan da 3-ü Prezident təqaüdünə layiq görülüb.
Bildirib ki, muxtar respublikada keyfiyyətli tədris mühitində öz sənətini sevən kifayət qədər peşəkar müəllim formalaşıb. Bunların sırasında 1400-dən artıq gəncin olması onları bir araya gətirəcək birliyin yaradılmasına zərurət yaradıb. Beynəlxalq Müəllimlər Günündə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının təsis konfransının keçirilməsi yaddaqalan hadisə olmaqla yanaşı, gənc müəllimlər arasında əməkdaşlığı, təcrübə mübadiləsini daha da inkişaf etdirəcək, gənc müəllimlərin fəallığını artıracaq, onların peşəkar və fərdi inkişaflarına öz töhfəsini verəcəkdir.
Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Aşağı Yaycı kənd tam orta məktəbinin direktoru Yeganə Məmmədova, Şahbuz rayon Ağbulaq kənd tam orta məktəbinin ingilis dili müəllimi, Prezident təqaüdçüsü Nigar Mirzəmmədova, Culfa rayon Göydərə kənd tam orta məktəbin müəllimi, IV Qrant müsabiqəsinin qalibi Asudə Məmmədova çıxış ediblər. Çıxışlarda muxtar respublikada müəllimlərin fəaliyyəti üçün yaradılan şəraitdən, müəllim peşəsinə marağın artmasından bəhs olunub, təhsilə və müəllim əməyinə göstərdiyi dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ifadə edilib.
Çıxışlardan sonra “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin Nizamnaməsi oxunub, Birliyin İdarə Heyətinin 13 nəfərdən ibarət tərkibi səsə qoyularaq təsdiq edilib. Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.
Gülxanım Orucova göstərilən etimada görə minnətdarlığını bildirib, qeyd edib ki, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının təsis edilməsi gənc müəllimlərə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsidir. Üzərinə düşən vəzifəni icra edərək gənc müəllimlər arasında əməkdaşlığı daha da inkişaf etdirəcəyini, istedadlı gənc müəllimlərin aşkara çıxarılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində səylə çalışacağını bildirib. Konfransda assosiasiyanın fəaliyyət istiqamətlərini əhatə edən tədbirlər planı təsdiq edilib.
Sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” filmi nümayiş olunub, tədbir bədii hissə ilə yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR