17 Oktyabr 2021, Bazar

“Şərq qapısı” – 100

(“Şərq qapısı”nın materialları əsasında)


“Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək. Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb” – Təhsil sahəsini xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahə kimi qiymətləndirən ulu öndərimiz Heydər Əliyev ölkəmizə istər birinci, istərsə də ikinci rəhbərliyi dövründə digər bütün sahələr kimi elm və təhsil sahəsini də daim diqqət mərkəzində saxlamışdır. Muxtar respublikamızda elm və təhsil sahəsində qazanılan nailiyyətlərdə görkəmli dövlət xadiminin böyük payı olmuşdur. Onun Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər ağır blokada vəziyyətində olan diyarımızda elm və təhsil sahəsində də dirçəlişə səbəb olub. 

 

Ulu öndər 1992-ci il 22-25 mart tarixlərdə Türkiyənin ovaxtkı Baş naziri Süleyman Dəmirəllə Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə, 100 milyon dollar məbləğində kredit ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolu imzalamış, bununla da gənc­lərimizin təhsilli yetişmələri üçün mühüm addım atılmışdır. Ölkəmizin sayılıb-seçilən ali təhsil müəssisələrindən olan Naxçıvan Dövlət Universiteti universitet kimi fəaliyyətə başladığı 1990-cı illərin ilk günlərindən ulu öndərimizin diqqət və qayğısı ilə əhatə olunub, burada dövrün yüksək tələblərinə uyğun kadr hazırlığına başlanıb. “Şərq qapısı” qəzetində dərc edilən 1999-cu il ok­tyabrın 11-də muxtar respublikanın 75 illik yubileyi ərəfəsində Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusunun təntənəli açılışında Azərbaycan Respublikasının Prezidenti ulu öndər Heydər Əliyev çıxış edərək demişdir: “Naxçıvan Dövlət Universitetinin bu gün mövcud olması Naxçıvanda min illər bundan öncə elmin, mədəniyyətin, varlığının, inkişafının məntiqi nəticəsidir. Naxçıvan Muxtar Respublikasının Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biridir... Bu yer keçmişdən, hələ qədim zamanlardan böyük bir məskən olmuşdur. Bura əvvəl rus ordusunun, sonra Sovet ordusunun, Sovet sərhəd dəstələrinin olmuşdur. Mən indi sizə məlum olan yerdə o vaxt sərhəd dəstəsi üçün qərargah, bina tikdirdim, buranı boşaltdırdım və Naxçıvan Dövlət Pedaqoji İnstitutuna verdim. Şübhəsiz ki, bizim gördüyümüz işlər öz nəticəsini verdi. Naxçıvan Dövlət Universiteti artıq özü üçün müəyyən şərait əldə etdi...”
Çox çətin bir şəraitdə əlində olan imkanlardan istifadə edərək yalnız Azərbaycan xalqının rifah halını yaxşılaşdırmağa çalışan ulu öndərimiz Naxçıvan qazsız, elektrik enerjisiz, susuz, yolsuz qalanda da bunu Naxçıvan üçün etdi. 1993-cü ildə yenidən Azərbaycana rəhbər seçiləndən sonra ölkəmizin hər yerinə, hər bir universitetinə, o cümlədən Naxçıvan Dövlət Universitetinə də qayğı göstərdi. Məhz bunun hesabına Naxçıvan blokada şəraitində də əyilmədi, dözdü, yaşadı... Sevindiricidir ki, bu gün Naxçıvan Dövlət Universiteti ulu öndərin işıqlı ideyaları ilə yolunu davam etdirir. Dünyanın bir çox ölkələrindən təhsil almaq üçün buraya tələbələr gəlir və bu universitet dünyanın başqa universitetləri ilə elm, təhsil və başqa sahələrdə əməkdaşlıq əlaqələri saxlayır.

“Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir”, – deyən ulu öndər Heydər Əliyev gələcək perspektiv naminə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox ciddi islahatlar həyata keçirmişdir. Ümummilli liderin “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” 2003-cü il 17 fevral tarixli Sərəncamı istiqamətində görülən işlər hesabına yeni-yeni məktəb binaları qurulub istifadəyə verilmişdir. Ulu öndərin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun tarixli Fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun 12 bölgədə regional filialları yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayan Naxçıvan Müəllimlər İnstitutu da məhz bu qayğı və diqqətin bəhrəsi kimi yaradılmış, ixtisaslı müəllim kadrların hazırlanması işində mühüm rol oynamışdır. Naxçıvan Müəllimlər İnstitutu 2003-cü il 26 avqust tarixindən müstəqil institut kimi fəaliyyətini uğurla davam etdirir.
“Şərq qapısı” qəzetində dərc olunan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının 1999-cu ildə 13 oktyabr tarixdə açılışında ulu öndər Heydər Əliyevin bu sözlərini oxuyuruq: “Burada təhsilə başlayan gənclərimizə, bütün Azərbaycan gənclərinə üzümü tutub deyirəm ki, cəmiyyətdə hər bir peşə lazımlıdır, hörmətlidir, cəmiyyət üçün faydalıdır. Ancaq vətəni qorumaq peşəsi bu peşələrin hamısından yüksəkdir. Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün gənclərdən yüksəkdə durur, bütün gənclərdən qiymətlidir. Çünki müstəqil dövlətimiz, müstəqil Azərbaycan yaşamalıdır, inkişaf etməlidir. Onun çox güclü ordusu bu gün də, gələcəkdə də olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra heç bir tərəfdən işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin...” Bu gün ulu öndərimiz Heydər Əliyevin adını ləyaqətlə daşıyan liseydə elə hərbi təhsilli gənclərimiz yetişir ki, onlar ordumuzun tərkibində xüsusi peşəkarlıqla xidmət edir, torpaqlarımızın hər bir qarışını qoruyurlar. Qeyd edək ki, ötən il Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbədə bu liseyin məzunları da böyük rol oynamış, öz canları-qanları bahasına torpaqlarımızı düşmən tapdağından azad etmiş, şəhidlik adlı uca məqama yüksəlmişlər.
Muxtar respublikamızda təhsil kimi elm sahəsinin də inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Dahi lider Naxçıvanda elmin inkişafının zəruriliyini belə ifadə etmişdir: “...Vaxtilə Sovet İttifaqı yarananda, müttəfiq respublikalar yarananda, onların arasında sərhədlər qoyulanda Azərbaycan torpaqlarının bir qismi Ermənistana verilibdir və bunun nəticəsində də Naxçıvan Muxtar Respublikası ərazicə Azərbaycanın əsas torpağından aralı düşübdür. Bunların hamısı Naxçıvanın çox ətraflı öyrənilməsini tələb edir”. Elə bu səbəbdən də 2002-ci il avqustun 12-də müdrik rəhbərin sədrliyi ilə Naxçıvan Ali Məclisinin iclas salonunda AMEA Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirə keçirilmişdir. Azərbaycan elminə mühüm töhfə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” Sərəncamına müvafiq olaraq yaradılıb. Bölmənin yaradılmasının zəruriliyindən bəhs edən ümummilli lider demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də, düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”. Qəzetin 2003-cü il avqustun 26-da dərc olunmuş nömrəsində oxuyuruq ki, AMEA Naxçıvan Bölməsinin Rəyasət heyəti və elmi-tədqiqat institutları üçün bina istifadəyə verilmiş, avqustun 23-də bu münasibətlə keçirilən tədbirdə Ali Məclisin Sədri çıxış edərək demişdir: “...Naxçıvanın hər daşı, hər qayası bir tarixi abidədir. Naxçıvan Azərbaycanın Uralıdır və möhtərəm Prezidentimizin sözləri ilə desək, Naxçıvan tarixi abidələri özündə birləşdirən qədim Azərbaycanın torpağıdır. Bunların hamısının tədqiqata, araşdırmalara ehtiyacı vardır. Yəni bu bölmədə yaradılmış, Bioresurslar və Təbii Ehtiyatlar, Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və ədəbiyyat, Etnoqrafiya və Arxeologiya, İncəsənət institutlarının, Batabat Astrofizika Rəsədxana və Əlyazmaları fondunun hərtərəfli fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Naxçıvanda yerin altı da, üstü də tarixdir. Naxçıvanda çox qədim tarixə malik olan mədəniyyət nümunələri aşkar edilib. Həmin nümunələr hələ min il əvvəl burada mövcud olan elmin nişanələridir...”
80-ci illərin sonu, 90-cı illərin əvvəlində Azərbaycan elminə vurulan olduqca ağır zərbələr nəticəsində böyük elm xadimlərimiz, ziyalılarımız respublikamızı tərk etməyə məcbur olmuşdular. Azərbaycan elmini dağılmaqdan xilas edən ulu öndərimizin elmə qayğısı hesabına sonralar həmin alimlərin bir çoxu geri qayıdaraq Azərbaycan elminin inkişafına öz töhfələrini verdilər. 2005-ci il mayın 10-da AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu üçün yeni korpusunun açılış mərasimində Ali Məclisin Sədri demişdir: “Azərbaycan elminin inkişafı ümummilli liderimizin siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Əgər möhtərəm Heydər Əliyevin 35 illik dövlətçilik fəaliyyəti vahid bir tam kimi götürülsə, heç şübhəsiz ki, maarifçilik, elm və təhsilin inkişafı bu müstəvidə qırmızı xətlə keçəcəkdir...” Məlumat üçün bildirək ki, 2003-cü ilin yanvarında 139 əməkdaşla, o cümlədən 51 elmi işçi ilə fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsinin kadr potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər hesabına bu gün bölmədə işçilərin ümumi sayı 256, elmi işçilərin sayı 97 nəfərə çatmışdır. Elmi işçilərdən 2-si AMEA-nın həqiqi, 4-ü isə müxbir üzvü, 4-ü elmlər doktoru, 53-ü fəlsəfə doktorudur ki, bu da fəaliyyət göstərən elmi potensialın 68,5 faizini təşkil edir. Elmi əməkdaşların 47-nin 6-sı professor, 41-i dosentdir. 2006-cı ildən bu günə kimi AMEA Naxçıvan Bölməsində Vətən tarixi və Arxeologiya ixtisasları üzrə elmlər doktoru, Fiziki kimya və Qeyri-üzvi kimya ixtisasları üzrə isə fəlsəfə doktoru Dissertasiya Şuraları yaradılıb. Bölmənin fəaliyyəti dövründə şuralarda 15 nəfər elmlər, 94 nəfər isə fəlsəfə doktorluğu alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsində, ciddi elmi nailiyyətlərin əldə edilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi müvafiq sərəncamlar da əsaslı rol oynamışdır. Muxtar respublika ərazisində aparılan məqsədyönlü tədqiqatlar nəticəsində Naxçıvanda ilkin yaşayış və mədəniyyətin tarixinə dair ciddi nəticələr əldə edilmiş, çoxsaylı abidələr qeydə alınmış və pasportlaşdırılmış, həyatı və şəxsiyyəti qaranlıq qalan neçə tarixi şəxsiyyət öyrənilmiş, xalq yaradıcılığının müxtəlif sahələrinin öyrənilməsi, tədqiqi, təbliği və nəşri məsələləri uğurla həyata keçirilmiş, Naxçıvanın tarixini öyrənmək işində mühüm rol oynayan kitab və jurnallar dərc olunmuş, beynəlxalq simpoziumlar keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” 2019-cu il 7 sentyabr tarixli Sərəncamı muxtar respublika rəhbərinin elmə, elm adamlarına göstərdiyi diqqət və qayğının bariz ifadəsi olmaqla həm də muxtar respublikamızda elm adamlarının inkişafına, yeni-yeni tədqiqat işləri aparmalarına böyük stimul vermişdir. Ölkə­mizdə elmə göstərilən qayğının digər bir təzahürü isə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə martın 27-nin “Elm Günü” kimi təsis edilməsidir.
“Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”, – deyən ulu öndərimizin yolunu layiqli şəkildə, böyük əzm və cəsarətlə davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun uzaqgörənliyi və müdrikliyi sayəsində muxtar respublikamızda son 30 ildə bütün sahələrdə, eləcə də elm və təhsil sahəsində böyük işlər görülmüş, bu sahələr inkişafının ən yüksək zirvəsinə qaldırılmışdır. Muxtar respublikada elm və təhsilin inkişafı istiqamətində aparılan uğurlu siyasətin real bəhrələri isə bu il 100 yaşını dövlət səviyyəsində qeyd etdiyimiz, diyarımızın mətbuat salnaməsi sayılan doğma “Şərq qapısı” qəzetinin səhifələrində layiqincə işıqlandırılmışdır.

Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR