17 Oktyabr 2021, Bazar

Dünən Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 sentyabr – Bilik Günü münasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud və şəhid uşaqlarına məktəbli forması və dərs ləvazimatları verilib.
Tədbirdə Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikamızda bütün qəbildən olan uşaqlar hər cür dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması diqqət mərkəzində saxlanılır.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada Gözdən Əlillər üçün Xüsusi İbtidai Məktəb, Distant Tədris Mərkəzi, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılıb, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlayıb, təhsilin təşkili ilə əlaqədar görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilib. Yaradılan şərait, onların vaxtaşırı zəruri ehtiyaclarının ödənilməsi sağlamlıq imkanları məhdud uşaqların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha nümayiş etdirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin sistemli xarakter almasına, inklüziv və məsafədən (distant) təhsil üçün əsaslı zəminin yaradılmasına, onların bilik və bacarıqlarından daha səmərəli istifadə olunmasına yeni imkanlar yaradır. Ötən dövr ərzində, Dövlət proqramının icrası ilə bağlı bir sıra işlər görülüb, müvafiq kateqoriyadan olan uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlbi istiqamətində kompleks tədbirlər həyata keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında bildirib ki, muxtar respublikada dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Diyarımızda yaşayan bütün uşaqlar kimi valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid, aztəminatlı və çoxuşaqlı ailələrin uşaqları da dövlətin xüsusi diqqət və qayğısı ilə əhatələnmişlər. Belə ki, onların hüquqlarının qorunması, sosial müdafiələrinin gücləndirilməsi ilə bağlı proqramlar qəbul edilir və icra olunur.
Valideynlər adından çıxış edən Turanə Tağıyeva muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonda aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə və şəhid övladlarına məktəbli geyim formaları, çanta və dərs ləvazimatları verilib.
Qeyd edək ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 24, sağlamlıq imkanları məhdud 301, az­təminatlı ailələrin övladlarından isə 168 nəfər və 6 şəhid övladı olmaqla, ümumilikdə, 499 məktəbli təhsil sovqatı ilə sevindiriliblər. Həmçinin hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirdə iştirak edə bilməyən sağlamlıq imkanları məhdud uşaqlara təhsil sovqatları evlərində təqdim edilib.
Həmin gün muxtar respublikanın rayonlarında da analoji tədbirlər qeyd olunan aidiyyəti təşkilatların və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR