17 Oktyabr 2021, Bazar

Bu gün muxtar respublikamızda təhsilin inkişafına dövlətimiz xüsusi diqqət və qayğı göstərir. Bunun ifadəsidir ki, diyarımızda təhsilin bütün pillələri təmin edilib, gənc nəsil üçün müasir tədris şəraiti yaradılıb. Belə şəraitin nəticəsi olaraq isə vətənpərvər, təhsilli və peşə sahibi olan gənclər yetişdirilir.

Builki qəbul imtahanlarında I ixtisas qrupu üzrə 656 bal toplayan Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin məzunu Ruhan Fərəcov onlardan biridir. Ruhan deyir ki, qarşına məqsəd qoymalı və bu məqsədə çatmaq üçün çox çalışmalısan. Mən də belə etdim, çox çalışdım və istəyimə nail oldum. Təhsilimi davam etdirmək üçün əvvəlcədən qəbul olmaq istədiyim Bakı Ali Neft Məktəbini seçdim. Gələcəkdə burada ali təhsil ala bilmək üçün çox çalışmağın gərəkliyini bilirdim. Ona görə də vaxtlı-vaxtında dərslərimi oxudum. Hər gün 6-7 saat dərslərimlə məşğul olurdum. İlk sınağımda nəticəm yüksək olsa da, məni tam qane etməmişdi. Bacarıqlarıma əmin idim, ona görə düşünürdüm ki, hələ kifayət qədər zəhmət çəkməmişəm. Dərslərimə daha çox vaxt ayırmağa başladım. Hətta istirahət vaxtlarımı da dərslərə həsr etdim. Nəticəsi uğurlu oldu – yüksək nəticəni əldə edə bildim. İstedadla yanaşı, əziyyət çəkməyin, səbirli, iradəli və yalnız məqsədə doğru irəliləməyin vacib olduğunu öncədən bilirdim. Müəllimlərimin və valideynlərimin mənə göstərdiyi diqqət və qayğını heç vaxt unutmayacağam.

Onu da qeyd edək ki, Ruhan məktəbdə keçirilən bütün bilik yarışmalarında və tədbirlərdə fəallığı ilə seçilib, dəfələrlə olimpiadalarda iştirak edib və mükafatlara layiq görülüb. Ümumi orta təhsilini fərqlənmə attestatı ilə başa vurub. Eyni zamanda tam orta təhsilini xüsusi nümunəli attestatla bitirməklə nailiyyətlərinə görə “Qızıl” nişana layiq görülüb.
Ruhan deyir ki, qarşıdakı hədəfim yüksək­ixtisaslı kadr kimi yetişmək, işimin peşəkarı və hər zaman ehtiyac duyulan mütəxəssis olmaq, oxuduğum təhsil ocağının adını daim yüksəkdə tutmaqdır. İnanıram ki, arzuladığım ali məktəbdə təhsil alarkən də mənə göstərilən etimadı doğruldacağam.
Naxçıvan Qızlar Liseyinin məzunu Surə Cəfərova qəbul imtahanlarında IV ixtisas qrupu üzrə 601 bal toplayıb. O, söhbət zamanı bildirdi ki, təhsil aldığı illərdə respublika fənn olimpiadalarında, “Sabahın tədqiqatçıları” layihəsində fizika və biologiya fənləri üzrə iştirak edərək nailiyyətlər qazanıb: – Hələ uşaqlıqdan arzum gələcəkdə həkim olmaq idi. Bunun üçün aşağı siniflərdən dərslərimə ciddi fikir verərək məktəbi əla qiymətlərlə bitirdim. Dəqiq fənlərə xüsusi marağım var idi. Bunun üçün çox çalışdım. Həqiqətən də əziyyət çəkən bəhrəsini görər. Məktəbi “Qızıl” nişanla bitirərək hədəfimə daha da yaxınlaşdım. Topladığım bal ilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmaqla, gələcəyin savadlı kadrı kimi yetişməyə səy göstərəcəyəm.
Biz də inanırıq ki, gənclərimiz seçdikləri sahə üzrə tələbə adını qazanaraq gələcəyin savadlı kadrı kimi ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.

 Aytac CƏFƏRLİ

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR