22 Sentyabr 2021, Çərşənbə

Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlığın təşkili, qlobal elm və təhsil məkanına inteqrasiya sahəsində aparılan məqsədyönlü işlər öz müsbət bəhrələrini verməkdədir. Universitetin beynəlxalq əlaqələrinin yüksələn xətlə inkişafını ilbəil artan xarici tələbə sayının dinamikasından açıq-aydın görmək olur. Belə ki, xarici tələbələrin sayına görə Azərbaycan ali təhsil müəssisələri sırasında öncüllüyünü qoruyan universitetdə 10 ölkədən 1000-ə yaxın əcnəbi tələbə təhsil alır. Muxtar respublikada həyata keçirilən məqsədyönlü və ardıcıl dövlət siyasəti, aparılan uğurlu təhsil strategiyası da məhz əcnəbi tələbələrin artım dinamikasına müsbət mənada öz təsirini göstərir. 

 

Müasir dövrdə qloballaşan dünyada milli-mədəni, tarixi və etnik köklərin birliyi ilə bir-birinə bağlı olan Azərbaycan Respublikası və Türkiyə Respublikası bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlıq və bərabərlik nümayiş etdirirlər. Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrində Türkiyə Respublikasının özünəməxsus yeri vardır. Belə ki, dünyanın 130-dan çox ölkəsi ilə beynəlxalq əməkdaşlığa malik olan universitetin Türkiyənin 80-dək ali təhsil ocağı ilə qarşılıqlı əlaqələri mövcuddur.
Hər sahədə əməkdaşlıq üçün imkanlar açan dil, din birliyi, ortaq ənənələr və xalqlar arasındakı qardaşlıq münasibətləri türkiyəli tələbələrin məhz Naxçıvanın bu ali təhsil ocağını seçməsi üçün xüsusi imkanlar yaradır. Xarici ölkəyə təhsil üçün üz tutan hər tələbəni düşündürən məqamların həllini məhz Naxçıvanda görən əcnəbi tələbələr arzuladıqları humanitar-mədəni mühiti muxtar respublikamızda tapa bilir. Diyarımızda mövcud olan sabitlik, tərəqqi və yüksək sosial-iqtisadi inkişaf bizim regionu seçən hər xarici tələbənin ürəyindən xəbər verir.
Türkiyə universitetləri ilə Naxçıvan Dövlət Universiteti arasında əlaqələrin daha da genişləndirilməsi məqsədilə iyul ayının 8-dən 16-dək müxtəlif görüşlər keçirilib, qarşılıqlı müqavilələr imzalanıb.
Müzakirələrdə ikili diplom layihələri, texnopark sahəsində əməkdaşlıq məsələləri, elmi-tədqiqat sahəsində birgə elmi araşdırmaların aparılması, məqalə və elektron dərgilərin yeni tədqiqat üsulları ilə birgə yayımının əhəmiyyəti, xarici dillərin tədrisində müasir üsullardan səmərəli istifadə yolları öz əksini tapıb. İlk olaraq Türkiyə Ali Təhsil Şurasının sədr əvəzi, professor Rahmi El ilə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev arasında görüş keçirilib. Söhbət zamanı Türkiyə ilə Azərbaycan dostluğunun bütün sahələrdə olduğu kimi təhsil sahəsinə müsbət mənada təsirindən danışılıb, təhsil sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti müzakirə edilib. Daha sonra Ali Təhsil Şurasının Komissiya sədri, professor Sezer Komsuoğlu, Ali Təhsil Şurasının Türk Respublikaları üzrə İdarə Heyətinin məsul üzvü, professor Mehmet Şişmanla görüşlər olub.
Naxçıvan Dövlət Universiteti üçün uğurlu bir başlanğıcın əsasını qoyan, Çankırı Karatekin Universiteti ilə İqtisadiyyat ixtisası üzrə ikili diplom layihəsinin icrasına başlanılıb. Hər iki ali təhsil ocağı üçün gələcəkdə perspektiv imkanlar açacaq ikili diplom layihəsi imzalanaraq öz təsdiqini tapıb. Növbəti akademik ildən başlayaraq 5 il müddətində etibarlı olacaq protokolda Kimya mühəndisliyi ixtisası sahəsində ikili diplom layihəsini həyata keçirilməsi, hər iki dövlət üçün mühüm əhəmiyyətə malik olan “Duzdağ” konqresinin keçirilməsi, endemik bitkilərdən alternativ tibbi dərman preparatlarının alınması, biologiya sahəsində akademik araşdırmaların aparılması məsələləri öz əksini tapıb. Artıq layihənin şərtlərinə görə ortaq proqram üçün universitetlər, ilk növbədə, təhsil almağa göndəriləcək tələbə sayını müəyyənləşdirib, eyni zamanda ortaq proqram çərçivəsində təqaüd alacaq tələbə kontingentinin müəyyənləşməsi üçün tələb olunan şərtlər dəqiqləşdirilib və qiymətləndirmə sistemi uyğunlaşdırılıb.

Hacı Bayram Vəli Universiteti ilə keçirilən görüşdə isə birgə layihələr üzərində işləmək, tələbə və müəllimlərin akademik mobilliyi çərçivəsində mübadilə proqramlarının həyata keçirilməsi müzakirə edilib. Görüş çərçivəsində yaxın gələcəkdə “Distant Təhsil Mərkəzi” ilə birgə fəaliyyət, Turizm, İncəsənət ixtisasları üzrə ikili diplom proqramının həyata keçirilməsi, rəqəmsal təhsildə keyfiyyətin təmini üçün elektron öyrənmə sisteminin gücləndirilməsi, doktorantura təhsil pilləsində keyfiyyətin artırılması və xarici təcrübələrdən faydalanmaq məqsədilə iki elmi rəhbərli ixtisaslara qəbul planının aparılması nəzərdə tutulub.
Xarici əlaqələr sahəsində zəngin təcrübəsi olan Ankara Universiteti ilə də əlaqələri gücləndirmək məqsədilə razılaşdırılmış müqavilələrdə, akademik və elmi mövzulardakı fəaliyyətlər üzrə qarşılıqlı təcrübələrdən faydalanmaq, elmi məqsədlər üçün professor-müəllim mübadiləsi, tədris və tədqiqat məqsədilə hər növdən kitab, elmi nəşrlər və oxşar materialların qarşılıqlı mübadiləsi, birgə tədqiqat layihələri və elmi yığıncaqların keçirilməsi öz əksini tapıb. Hər sahədə əməkdaşlıq üçün perspektiv imkanlara malik olan Ankara Universitetində tibb ixtisasları üzrə birgə elmi-tədqiqat aparılması, həm bakalavr, həm də rezidentura təhsil pillələri üzrə təcrübələrin bu universitetdə keçirilməsi məsələləri müzakirə edilib. Bakalavr sonrası təhsil pillələrində ikili diplom proqramlarının həyata keçirilməsi, qida mühəndisliyi sahəsində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və birgə fəaliyyətin təmin edilməsi, magistratura üzrə İnformasiya texnologiyaları ixtisasında təhsil alan tələbələrin Ankara Universitetində qurulmuş Big-Data mərkəzində praktik təcrübə keçmə imkanının yaradılması gələcək əməkdaşlıq fəaliyyətində öz əksini tapıb. Görüşdə beynəlxalq jurnallara çıxışın təmin olunmasında və elmi məqalələrin yazılması sahəsində təlimlərin təşkil edilməsi, beynəlxalq universitet reytinqlərinə çıxışın təmini üçün Ankara Universitetinin təcrübələrindən faydalanmaq məsələlərinə aydınlıq gətirilib.

Naxçıvan Dövlət Universitetində yaradılan ingilis dilində İqtisadiyyat ixtisasının uğurlu nəticəsini nəzərə alaraq ali təhsil ocağında ingilis dilində yeni yaradılacaq Tibb ixtisası üçün də ikili diplom proqramının təşkil edilməsi müzakirə olunan məsələlər sırasında yer alıb.
İncəsənət ixtisasları sahəsində xüsusi peşə təcrübəsinə malik olan Naxçıvan Dövlət Universitetinin təcrübəsinin Ankara Universiteti ilə paylaşılması da gələcək əməkdaşlığın prioritet hədəfləri kimi qeyd olunub.
Qazi Universitetində keçirilən görüşdə isə müxtəlif profilli ixtisaslar üzrə doktorant və dissertant mobilliyi, doktorantura sahəsi üzrə tədqiqat məqsədilə qarşılıqlı mübadilənin təşkili məsələləri müzakirə edilib. Fransız və İngilis dili ixtisasları üzrə təcrübə mübadiləsi məqsədilə Qazi Universitetində xarici dil tədris edən müəllimlərin Naxçıvandakı bəhs etdiyimiz ali təhsil ocağında tədrisə yönləndirilməsi, sinxron tərcümə sahəsində təcrübənin öyrənilməsi, tibb sahəsində birgə təlim, tədris və tədqiqatın həyata keçirilməsi, mühəndislik ixtisasları üzrə ikili diplom proqramları, texnologiya ixtisası sahələri əsasında təcrübələrin paylaşılması, biotexnologiyalar sahəsində əməkdaşlıq, universitet kitabxanaları arasında mübadilələrin təşkil edilməsi və bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Araşdırma universiteti statusu alan, 330 elmi araşdırma şirkəti, 111 inkubator və 8000 şirkət üzrə 1500-dən çox ixtisaslı tədqiqatçı və proqramçı ilə fəaliyyət göstərən Yıldız Texnik Universiteti ilə keçirilən görüş zamanı elmi-tədqiqat sahəsində birgə elmi araşdırmaların, yeni məqalə və elektron dərgilərin birgə yayımının hər iki universitet üçün əhəmiyyəti qeyd edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2020-ci il 14 dekabr tarixli “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncamına əsasən iyunun 16-da təməlatma mərasimi keçirilən texnoparkın fəaliyyətində qardaş ölkənin təcrübəsindən istifadə haqqında müzakirələr aparılıb, bu sahədə xüsusi təcrübəyə malik olan Yıldız Texnoparkının Silikon Vadisindəki mərkəzinin imkanlarından faydalanmaq məsələləri müzakirə edilib. Rezident şirkətlərlə tələbələrin birgə startap layihələrinin təqdim edilməsi üçün Texnoparkda hər cür imkanın yaradılmasının nəzərdə tutulduğu vurğulanıb.

Beynəlxalq əməkdaşlıqda Naxçıvan Dövlət Universitetində bu ilin tədris bazasında yeni yaradılacaq Beynəlxalq ticarət və logistika ixtisası üzrə professor-müəllim heyətinin Yıldız Texnik Universitetində təcrübələrdə iştirakı, Biotexnologiyalar və Nanotexnologiyalar üzrə birgə əməkdaşlıq, Kompüter mühəndisliyi, Energetika ixtisasları üzrə ikili diplom layihəsi məsələləri öz əksini tapıb. Birgə elmi araşdırmaların aparılması, yeni məqalə və elektron dərgilərin birgə yayımının həyata keçirilməsi, magistr təhsil səviyyəsi üzrə Memarlıq ixtisaslarında birgə tədrisin təşkili və iki diplom proqramının həyata keçirilməsi, ingilis dilinin tədrisində birgə iş aparılması, bu dil üzrə tərcümə ixtisaslarında universitet əməkdaşlarımızın beynəlxalq təcrübəyə yiyələnməsi üçün professor-müəllim mübadiləsinin həyata keçirilməsi məsələləri əməkdaşlığın mühüm hədəfləri kimi qeyd olunub.
Türkiyənin qabaqcıl ali təhsil ocaqlarından olan İstanbul Texnik Universitetinə səfər zamanı Texnopark sahəsində birgə fəaliyyət, Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə birgə tədrisin təşkili, konservatoriya ixtisasları, doktorantura və magistratura təhsil pilləsi üzrə ikili diplom layihəsi, kitabxanalardan birgə istifadə məsələri müzakirə edilib.

Qardaş ölkənin ən nüfuzlu və çağdaş təhsilin qabaqcıl universitetlərindən olan Orta Doğu Teknik Universiteti ilə keçirilən əməkdaşlıq görüşlərində ikili diplom layihələrinin icrası sahəsində razılıq əldə edilib. Görüş zamanı Naxçıvan Dövlət Universiteti Texnoparkında rezident olaraq yerli və xarici şirkətlərin ofislərinin yerləşəcəyini, bu sahədə qabaqcıl dünya təcrübəsinin öyrənildiyini və bu baxımdan ODTU Texnoparkının imkanlarından istifadə üçün görüşün əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, modernləşmə yolunda inamla addımlayan Naxçıvan Dövlət Universitetinin qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi yaxın gələcəkdə universitetin beynəlxalq imicinin güclənməsinə və xarici əlaqələrin yüksələn xətlə inkişafına təkan verəcək. Bütün bunlardan qazanan isə muxtar respublikamızın elm və təhsili olacaq!

Səadət ƏLİYEVA

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR