21 Sentyabr 2021, Çərşənbə axşamı

Dünən Naxçıvan Dövlət Texniki Kollecində 2020-2021-ci tədris ilində məktəbi xüsusi nailiyyətlə başa vuran məzunlarla görüş keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikamızda aparılan məqsədyönlü təhsil siyasəti çərçivəsində istedadlı şagirdlər dövlət qayğısı ilə əhatə olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təhsil və şahmat sahəsində fərqlənən 2 şagirdin adı Naxçıvan Muxtar Respublikasının Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

 

 

 


Qeyd edilib ki, 2020-2021-ci tədris ili təhsildə tətbiq edilən innovasiyalarla yadda qalmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Lisey yaradılmış, muxtar respublikada həyata keçirilən təhsil siyasətinə, təhsil quruculuğuna, cəmiyyətin elm və təhsil üzrə ümumi maraqlarının təmin edilməsinə yönəlmiş televiziya və radio proqramlarının yayımını təmin etmək məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzi yaradılmış, şagirdlərin biliklərinin yoxlanılması, imtahanlarda yüksək nəticələr əldə etmələri və onlarla aparılan işin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədris ili ərzində buraxılış və qəbul formatında sınaq-test imtahanları keçirilmişdir. Tədris ili ərzində innovativ dərnəklər layihəsinin əhatə dairəsi genişlənmiş, Şərur, Culfa və Ordubad rayonlarında innovativ dərnəklər yaradılmış, 2000-dən çox şagirdin həmin dərnəklərdən yararlanması təmin edilmişdir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə noyabr ayından etibarən muxtar respublikada STEAM təhsil metodunun tətbiqinə başlanılmış, 15 təhsil müəssisəsində STEAM kabinələri yaradılmış və kabinələr zəruri avadanlıqlarla təchiz edilmişdir. Çıxışda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası istiqamətində görüləcək işlər barədə də məlumat verilib.
Qeyd olunub ki, mövcud qaydalara əsasən ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlər “Qızıl” və ya “Gümüş” nişanla təltif olunur, onların adı oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır. Bu tədris ilində məzunlardan 75-i təhsili xüsusi nailiyyətlə başa vurub. Bunlardan 17-si “Qızıl”, 17-si “Gümüş” nişana, 41-i isə fərqlənmə attestatına layiq görülüb. IX siniflər üzrə isə 121 şagirdin bilik səviyyəsi və təhsildəki uğurları digərlərindən fərqlənmə attestatı ilə qiymətləndirilməklə fərqləndirilib.
İyulun 14-də və 15-də II və III ixtisas qrupları, iyulun 28-də isə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının keçirildiyini bildirən Rəhman Məmmədov orta məktəbi xüsusi nailiyyətlə başa vuran məzunlara təhsilin növbəti pilləsində uğurlar arzulayıb.
Tədbirdə Naxçıvan Qızlar Liseyinin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva və Şahbuz rayon Keçili kənd tam orta məktəbinin məzunu Sərcan Məsmalıyev çıxış edərək təhsilin inkişafına göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Sonra məzunlara “Qızıl” və “Gümüş” nişanlar, həmçinin fərqlənmə attestatları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR