22 Sentyabr 2021, Çərşənbə

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin səmərəli elmi və ictimai fəaliyyəti yeni nəsil tədqiqatçılar, vətənpərvər gənclər üçün əsl nümunədir. Onun apardığı uzunmüddətli tədqiqatlar müxtəlif kitab və monoqrafiyalarda, elmi və publisistik məqalələrdə əksini tapmışdır. 30-a yaxın kitab və monoqrafiya müəllifi olan alimin cari ildə daha 4 əsəri nəşr olunub. Bu əsərlər milli tarix elmini zənginləşdirməklə yanaşı, Naxçıvanşünaslığa yeni töhfədir.

Epiqrafik abidələr və onların tədqiqi tarixindən bəhs edən “Naxçıvanda epiqrafik tədqiqatlar” adlı yeni monoqrafiya Naxçıvan şəhərində, Ordubad, Culfa, Kəngərli və Şahbuz rayonlarının bir sıra yaşayış məskənlərində aparılan epiqrafik tədqiqatların nəticələrinə həsr olunub. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin tövsiyəsi ilə çap edilən monoqrafiyanın elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçiləri isə dosentlər Elbrus İsayev, Məmməd Əliyev və İlhami Əliyevdir. Monoqrafiya ön söz, 8 başlıq, istifadə olunmuş ədəbiyyat siyahısı və epiqrafik abidələrin fotoşəkillərinin albomundan ibarətdir. Naxçıvan Muxtar Respublikası ərazisində 600-dən artıq müxtəlif təyinatlı kitabənin indiyədək qeydə alınaraq tədqiq olunduğuna diqqətçəkən müəllif bildirir ki, hazırda epiqrafik abidələrin öyrənilməsi istiqamətində işlər davam etdirilir.
Əsərdə tədqiq olunan abidələrin qeydə alındığı Vənənd, Gənzə, Dəstə, Xaraba Gilan, Saltaq, Qarabağlar, Xıncab, Şahbuzkənd, Qaraboya, Kükü və başqa kəndlərin tarixi haqqında yığcam məlumat verilərək kitabələrin tarix-mədəniyyət abidələri kimi əhəmiyyəti açıqlanır. Professor F.Səfərli qeyd olunan toponimlərin elmi izahını verməklə yanaşı, həmin yaşayış yerlərinin yaranması ilə bağlı tarixi fakt və fikirləri oxuculara təqdim edir. Kitabə mətnlərinin Azərbaycan dilində tərcümələrinin, eləcə də təsvirlərinin verilməsi məlumatların asan anlaşılması və vizual təsəvvürün formalaşmasında olduqca əhəmiyyətlidir. 100-dən artıq elmi mənbədən istinadların yer aldığı əsərdə Gürcüstan Dövlət Muzeyində nümayiş etdirilən Ordubad bölgəsinə aid iki sənduqə tipli xatirə abidəsi haqqında məlumatlar da əksini tapıb.

“Qarabağ müharibəsinin cəhrili şəhidləri” kitabı dünyanın iri dövlətlərinin havadarlığı ilə hərəkət edən ermənilərin tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılması, onların Azərbaycana qarşı ərazi iddialarının başlanması və bu iddiaları həyata keçirmək üçün xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalardan bəhs edir. 1988-ci ildə ortaya atılan qondarma Dağlıq Qarabağ problemi ilə başlayan I və II Qarabağ müharibələrinin nəticələrindən, Babək rayonunun Cəhri qəsəbəsində böyüyüb boya-başa çatan, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlardan bəhs edilir. Burada mayor Rasim Məmmədov, baş leytenant Cəfər Cəfərov, əsgərlər Qulam Quliyev, Qoşqar Sadiqov, Qadir Məhərrəmov, Niyaməddin Bayramov, Seyran Hənifəyev və Xansu Qurbanovun tərcümeyi-halı, keçdikləri şərəfli döyüş yolu haqqında ətraflı məlumat verilir.
Alimin çapdan çıxan növbəti əsəri ingilis dilində nəşr olunan “Prominent persons on the epigraphic monuments of Nakhchivan” (Naxçıvanın epiqrafik abidələrində görkəmli şəxsiyyətlər) adlı monoqrafiyadır. Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində işıq üzü görən nəşrdə muxtar respublika ərazisində günümüzə qədər gəlib çatmış müsəlman epiqrafikası abidələrinin təqdim etdiyi məlumatlar əsasında orta əsrlər zamanı Azərbaycan dövlətlərinə rəhbərlik etmiş 10 hökmdar və 97 görkəmli şəxsiyyət haqqında məlumat verilir. Tarix ixtisası tələbələri və tədqiqatçılar, eləcə də bu sahə ilə maraqlananlar üçün nəzərdə tutulan kitabın xarici dildə nəşri onun təkcə ölkəmizdə deyil, başqa ölkələrdə də oxunması, Naxçıvan və naxçıvanlı mütəfəkkirlər haqqında məlumatları daha geniş oxucu kütləsinə çatdırmaq məqsədi daşıyır.
Naxçıvan memarlıq məktəbinin, Əcəmi yaradıcılığının şedevrlərindən biri olan Yusif Küseyr oğlu türbəsindən bəhs edən eyniadlı kitabça alimin 2021-ci ildə nəşr olunan sayca dördüncü əsəridir. Burada abidənin strukturu, üzərindəki kitabələrin izahı təfsilatlı şəkildə qeyd olunur. Bildirilir ki, el arasında “Atababa günbəzi” adlanan türbə Naxçıvanın qülləvarı türbələri içərisində xronoloji cəhətdən ən qədim abidədir. Orijinal quruluşuna görə fərqlənən abidənin bərpadan öncəki və sonrakı fotoşəkillərinin yer aldığı kitabça həm də tariximizə, mədəniyyətimizə, tarix-memarlıq abidələrimizə göstərilən dövlət qayğısının ən bariz nümunəsidir.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR