22 Sentyabr 2021, Çərşənbə

Dünən respublika fənn olimpiadasının qaliblərinə medal və diplomlar təqdim olunub.
Tədbirdə çıxış edən təhsil nazir­i Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, bu qayğıdan və yaradılan şəraitdən bəhrələnərək ötən tədris ili ərzində də xüsusi istedadlı şagirdlərin aşkar olunması məqsədilə müxtəlif bilik yarışları, müsabiqələr, muxtar respublika və respublika səviyyəli olimpiadalar keçirilib. Həmin tədbirlər istedadlı uşaqların aşkar olunmasına, şagirdlərin müxtəlif fənlərə olan marağının artırılmasına öz töhfəsini verib, keçirilən fənn olimpiadaları maraqlı yanaşmalar, fərqli nəticələr və yüksək fəallıqla yadda qalıb.

Bildirilib ki, respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla, 8 fənn üzrə IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Olimpiadanın nəticələri uğurlu olub, muxtar respublika məktəbliləri respublika fənn olimpiadasında 5-i qızıl, 13-ü gümüş, 8-i isə bürünc olmaqla, 26 medal qazanıblar.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikanın ümumtəhsil məktəblərində fizika, kimya və biologiya laboratoriyalarının, kompüter və elektron lövhəli siniflərin, STEAM kabinələrinin yaradılması bu istiqamətlər üzrə tədris imkanlarını yaxşılaşdırıb, şagirdlərin riyaziyyat, fizika, biologiya və kimya fənlərinə marağını artırıb. Məhz bunun nəticəsidir ki, olimpiada qaliblərindən 13-ü, yaxud 50 faizi bu fənlər üzrə yer tutub. Olimpiadanın nəticələrinə əsasən Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri 9 medal qazanmaqla muxtar respublika birincisi, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri 4 medal qazanmaqla muxtar respublika ikincisi, Heydər Əliyev adına Hərbi Liseyin kursantları isə 3 medal qazanmaqla muxtar respublika üçüncüsü olublar. Muxtar respublikanın şəhər və rayonları ilə yanaşı, kənd ümumtəhsil məktəblərində də yaradılan yüksək tədris şəraitinin nəticəsidir ki, həmin təhsil müəssisələrində oxuyan şagirdlər də olimpiadada yüksək nəticə əldə ediblər.
Olimpiada qalibləri ilə bağlı artıq 3 ildir, yeni qaydaların qəbul olunduğunu diqqətə çatdıran nazir­ bildirib ki, yeni qaydaya əsasən beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdir. Təhsil naziri olimpiada qaliblərini təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbirdə Təhsil Nazirliyi aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov, Naxçıvan Qızlar Liseyinin məzunu Bəhriyyə Mustafayeva, Şərur rayon İbadulla kənd tam orta məktəbinin məzunu Müseyib Abdullayev çıxış edərək muxtar respublika və respublika fənn olimpiadalarının keçirilməsi, istedadlı şagirdlərin aşkarlanması və onlar üzərində sistemli işin aparılması sahəsində görülən tədbirlər haqqında məlumat verib, qazandıqları uğurlardan danışıb, yaxşı təhsil almaları üçün yaratdığı şəraitə görə olimpiada qalibləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda olimpiada qaliblərinə medal və diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR