18 Sentyabr 2021, Şənbə

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun  Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru, dosent Varis Quliyevin Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları – mərhum professor Famil Şərifov və aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Məhsəti Ələkbərova ilə birgə yaratdığı “Bayanşirə süfrə” adlı yeni seleksiya üzüm sortuna Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəfindən patent və müəlliflik şəhadətnaməsi verilib.

 Aqrar Xidmətlər Agentliyinin Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrində qeydə alınmış yeni üzüm sortu “Bayanşirə” sortundan klon seleksiyası yolu ilə əldə olunmuşdur. Bir hektar ərazidə 800 sentnerə yaxın məhsuldarlıq nümayiş etdirən yeni sort rentabelliyi yüksək olmaqla yanaşı, həm də xəstəliklərə qarşı davamlıdır. Yeni alınmış perspektivli və iqtisadi əhəmiyyətli “Bayanşirə süfrə” sortu “Üzüm tredinq LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzüm sahəsində geniş ərazidə becərilir. Artıq yeni sortun ölkənin Gəncə-Qazax, eyni zamanda digər üzümçülük bölgələrində də yayılmasına və becərilməsinə başlanılıb.

Qeyd edək ki, ampeloqraf alim Varis Quliyev həm muxtar respublikada, həm də ADAU-nun üzümçülük üzrə seleksiya işləri ilə məşğul olan professor-müəllim heyəti ilə birlikdə iqtisadi səmərəliliyi yüksək yeni üzüm sortlarının yaradılması istiqamətində elmi-tədqiqat işləri aparır. Onun müəllifi olduğu “Naxçıvan muskatı”, “Əlincə”, “Oğuz üzümü”, “Qəhvəyi kişmişi”, “Milax üzümü”, “Bənəniyar üzümü” adlı yeni sortlar üzümçülük üzrə uzun illərdən bəri apardığı araşdırmaların uğurlu nəticəsidir.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR