18 Sentyabr 2021, Şənbə

Müasir kitabxana informasiya xidməti qədim zamanlarda meydana gəlmiş, tarixən inkişaf edib formalaşmış, zaman keçdikcə zənginləşmiş kitabxana-biblioqrafiya xidmətinin yeni, inkişaf etmiş, təkmilləşmiş, müasir informasiya texnologiyası ilə silahlanmış mərhələsidir.

Hazırda oxuculara xidmətin müasir informasiya texnologiyası ilə təmin edilməsi məqsədilə kitabxanalarda elektron oxu zallarının yaradılması, oxucular üçün ümumaçıq informasiya məkanının formalaşdırılması, elektron kataloqlar və elektron kitabxanaların yaradılması, elektron sənədlərlə xidmət və sair informasiya texnologiyasının tətbiqini təmin edən tədbirlər həyata keçirilir. Müasir dövrdə informasiyanın sürətlə artması və tez köhnəlməsi oxuculara operativ və coğrafi uzaqlıqdan asılı olmayaraq, xidmət göstərilməsini diktə edir. Ona görə də ənənəvi ximətdən fərqli olaraq elektron kataloqların köməyi ilə xidmət oxuculara şəbəkə vasitəsilə kitabxananın ədəbiyyat fondunun tərkibi ilə daha tez tanış olmağa imkan verir. Həmçinin oxucuya sorğularına operativ və kitabxanaçı-biblioqrafın köməkliyi olmadan, uzaq məsafədən cavab almağa, ədəbiyyatı onlayn sifariş etməyə şərait yaradır. Elektron kataloq kitabxana fondunun real uçotunun, oxucuların statistikasının, maraq dairəsinin müəyyən edilməsinə, kitabın hərəkətinin izlənilməsinə, ədəbiyyat fondunun oxucu sorğusuna uyğun komplektləşdirilməsinə və yeniləşdirilməsinə, oxuculara müasir səviyyədə virtual xidmət təşkil etməyə, oxucuların kitabların elektron versiyalarını əldə etməyə imkan verir.
Ümumiyyətlə, elektron kitabxanaların yaradılmasının əsas məqsədi informasiya xidmətinin keyfiyyətinin yüksəldilməsi, istənilən növ və mövzulu informasiyadan istifadənin genişləndirilməsi, elektron resurslara keçid zamanı istifadəçilərin sayının artırılmasıdır ki, bu da aşağıdakı üsullar vasitəsilə həyata keçirilir:
– istənilən növ informasiyadan istifadənin təmin olunması;
– informasiya ötürücüləri və alıcıları dairəsinin genişləndirilməsi;
– fiziki və ya sosial əngəlli istifadəçilərin informasiya almasına məhdudiyyətlərin aradan qaldırılması;
– informasiyanın istənilən yerə, o cümlədən iş masasına və ya evə çatdırılması imkanlarının genişləndirilməsi;
– informasiyaya müraciət və onun alınma vaxtına məhdudiyyətlərin ləğvi.
Ölkəmizdə ilk elektron kitabxana yaratmaq təşəbbüsləri ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış idarəetmə sistemləri laboratoriyasının əməkdaşları tərəfindən irəli sürülmüşdür. Məhz bu laboratoriyada musiqi alətlərinin elektron kitabxanası yaradılmışdır. Hazırda isə qlobal internet məkanında Azərbaycan dilli resursları cəmləşdirən onlarla elektron kitabxana mövcuddur. İlk dövrlərdə elektron kitabxanalar məhdud olsa da, 2007-ci il aprel ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamı bu sahənin kompleks və konseptual inkişafına təkan verdi. Məhz bu Sərəncamda bir sıra digər tədbirlərlə yanaşı, ölkənin iri kitabxanalarının elektron kataloqu və elektron kitabxanasının müasir standartlar səviyyəsinə qaldırılması, onun bazasında “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın oxucuların tam istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.

Ötən illər ərzində Naxçıvan Muxtar Respublikasında da müasir oxucunun tələbatını hərtərəfli ödəmək məqsədilə müasir kitabxana sistemlərinin yaradılması diqqət mərkəzində saxlanılıb və muxtar respublikada kitabxanaların elektronlaşdırılması üçün məqsədyönlü addımlar atılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 19 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında Elektron kitabxana yaradılıb. 2012-ci il dekabrın 3-də Məmməd Səid Ordubadinin 140 və ədibin adını daşıyan Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubiley tədbirləri keçirilib, elektron kitabxananın təqdimatı olub. Muxtar respublikada universal elmi kitabxana statusuna malik olan bu mədəniyyət ocağında elektron kitabxana sisteminin yaradılması və yeni internet saytının istifadəyə verilməsi kitabxana işinin günün tələbləri səviyyəsində qurulmasına imkan verib. Kitabxanada ən müasir surətköçürmə aparatı və 2 elektron köşk qurulub, elektron oxu zalında 12 kompüter quraşdırılıb, www.e-kitab.nakhchivan.az internet saytı istifadəyə verilib.
Elektron arxiv və elektron kitabxana sisteminin yaradılması istiqamətində növbəti addım isə Naxçıvanşünaslıq Mərkəzinin istifadəyə verilməsi olub. Naxçıvanşünaslığa aid əldə olunan kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanılması, tədqiq və təbliğ edilməsi Naxçıvanşünaslıqla məşğul olan ayrıca bir mərkəzin yaradılmasını zərurətə çevirmişdi. Bu zərurət əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli Sərəncamı ilə Naxçıvanşünaslıq Mərkəzi yaradıldı, mərkəz üçün bina ayrıldı və əsaslı surətdə yenidən quruldu. Mərkəz ən müasir informasiya avadanlığı və daşıyıcıları ilə təmin olunub, elektron kitabxana və elektron arxiv istifadəyə verilib. Burada da informasiya köşkü ilə yanaşı, 12 kompüterdən ibarət elektron oxu zalı vardır, eyni zamanda mərkəzin www.e-merkez.alimeclis.az internet saytı yaradılıb.

2012-ci il iyul ayının 9-da isə Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasının açılışı olub. Kitabxanada aparılan yenidənqurma işləri zamanı burada müasir surətköçürmə aparatı, elektron informasiya köşkü, əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Açılış zamanı kitabxananın www.e-kitab.ndu.nmr.az adlı yeni internet saytının da təqdimatı olub.
2013-cü il sentyabrın 4-də isə muxtar respublikamızda daha bir elektron kitabxananın – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Elektron kitabxanası istifadəyə verilib. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, elektron oxu zalı üçün 6 oxucu yeri yaradılıb. Kitabxana lazımi avadanlıqlarla təmin edilib, burada surətköçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün aparat və mobil elektron lövhə qoyulub. Kitabxanaya fiber-optik kabel çəkilib, daxili şəbəkə yaradılıb və www.e-kitab.ameanb.nmr.az internet səhifəsi hazırlanıb.
Muxtar respublikamızda təkcə adi təyinatlı kitabxanaların deyil, xüsusi təyinatlı elektron kitabxanaların da yaradılması diqqət mərkəzində saxlanılır. Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidmətinin yaradılması elektron resurslardan bu kateqoriyadan olan vətəndaşlarımızın da sərbəst istifadəsinə şərait yaradıb.
Həyata keçirilən tədbirlərdən bir daha aydın olur ki, Naxçıvan Muxtar Respublikasında müasir oxucunun tələblərinin ödənilməsi, kitabxana işinin müasir standartlar səviyyəsində qurulması diqqət mərkəzində saxlanılıb.

Tamella ƏSGƏROVA
M.S.Ordubadi adına Naxçıvan Muxtar
Respublika Kitabxanasının direktoru

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR