21 Aprel 2021, Çərşənbə

Bilik və intellektual güc hər bir cəmiyyətin inkişafının aparıcı faktorlarındandır. Biliyə sahib olmaq isə insanın şüurlu fəaliyyətinin əsasında durub, rahat yaşayış üçün lazım olan maddi nemətlərin istehsalının ən vacib şərtidir. Bu mənada, müasir informasiya erasında davamlı iqtisadi artıma nail ola bilmək üçün hər hansı bir fəaliyyət sahəsində innovativ addımların qazandırdığı inkişaf tempi özündən sonrakı mərhələdə cəmiyyətin digər sahələrində də irəliləyiş yaradır. 

Müasir cəmiyyət yeni ideyalara əsaslanan innovativ dəyişikliklərə çox həssasdır. Əgər innovasiya bir tərəfdən insan həyatına gətirdiyi rifah, səmərədirsə, digər bir tərəfdən o, qlobal rəqabətdə davamlılıq, böyümə və strateji hədəflərə nail olmaqdan ibarətdir. Strateji hədəfi olmayanın sonunun özündə deyil, başqalarının əlində olması bu gün iqtisadi təhlükəsizlik məsələlərində dünyanın çox gerisində qalmış ölkələrin timsalında aydın görünür. Ona görə də iqtisadi müstəqillik aspektindən baxdıqda innovativ ideyalara rəğbət bəsləyən bir cəmiyyətin istənilən təbii-texnogen çətinliklərin öhdəsindən asanlıqla gəldiyini, xaricdən gələn hər hansı təhlükələri qısa müddətdə neytrallaşdırdığını görməkdəyik.

Müasir Azərbaycan Respublikası əhalisinin yüksək mədəni-intellektual səviyyəsi, zəngin tarixi keçmişi və gələcəyə baxışları ilə hər cür mütərəqqi yeniliyi alqışlayan, keçmişdə yaşadığı təcrübələrdən yaxşı dərs çıxararaq, güclü liderinin arxasınca birləşib möhkəm iqtisadiyyata və monolit sosiuma malik bir cəmiyyət quruculuğuna malikdir. Müstəqillik illərində dövlətimizin ən böyük problemi olmuş torpaqlarımızın işğalına son verilməsi xalqımızda görünməmiş ruh yüksəkliyi və güclü inam yaratmışdır. Bu güc elm və təhsilin də qarşısına elə böyük vəzifələr qoyub ki, artıq heç kim ölkəmizin, hətta yaxın keçmişdəki uğurları ilə kifayətlənmədən sürətlə region birincisindən dünya liderləri sırasına qatılmağa şübhə etmir. Bu gün kosmik klub üzvü olan Azərbaycanın G20 zirvə toplantısına dəvət alması, ölkəmizin irimiqyaslı enerji layihələrinin, tranzit koridorların mərkəzinə çevrilməsi cəmiyyətin bütün sahələrində hər cür yeniliyi bir sosial sifariş halına gətirib. Bu mənada, ölkəmizdə təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı kimi aparıcı sahələrdə yaradılmış müasir infrastruktur və maddi-texniki baza sayəsində əldə olunan iqtisadi uğurlarla yanaşı, modern silahlarla təmin olunmuş müzəffər Ordumuzun 30 illik işğal problemini 44 gündə sona çatdırması da sürətlə yenilənən Azərbaycanın şanlı zəfəridir.
Zaman isə yerində saymır. Başqa sözlə, müasir dövrdə bircə günlük arxayınçılıqdan yaranan gecikmənin fəsadlarını islah etmək sabah ongünlük əziyyətlər bahsına başa gələ bilər. Ona görə də gələcəyimizin etibarlı əllərdə olması üçün yenilikçi gənc­lərin formalaşdırılması, dünya ilə rəqabət apara biləcək insan resurslarının yetişdirilməsi dövlətimizin ən prioritet məsələləri arasında durur. Müasir informasiya-kommunikasiya texnologiyalarının həyatımızın hər sahəsinə sürətlə nüfuz etdiyi, müasirləşdirilmiş təhsil infrastrukturuna malik olan və elmi nailiyyətlərin istehsala tətbiqində mühüm nəticələr qazanmış Naxçıvan Muxtar Respublikası da ötən dövrdə innovativ iqtisadiyyata keçid sahəsində öz müsbət təcrübəsini ortaya qoyub.
Naxçıvan Muxtar Respublikasında innovativ iqtisadiyyata keçid regionun müstəqillik illərində keçdiyi inkişaf yolunun məntiqi nəticəsidir. Ən zəruri insan tələbatlarının ödənilməsi üçün lazım olan əksər resursların məhdudluğu, bununla yanaşı, əhali istehlakının daim artım meyli regionda innovativ ideyalara əsaslanan cəsarətli layihələrin həyata keçirilməsinin arxa zəminini formalaşdırmışdır. Ötən dövrdə dövlətimizin də dəstəyinə arxalanmaqla Naxçıvanda ərzaq məhsulları və tikinti materialları istehsalı, enerji təminatı, maşınqayırma, təhsil, turizm, sağlamlıq və sürətli rabitə kimi sahələrdə həyata keçirilən modern layihələrin bəhrəsi nəticəsində muxtar respublikanın ixracat potensialı artaraq qeyri-neft sektoru üzrə ölkəmizin xarici ticarət balansına müsbət saldo qazandırmaqdadır. Bu gün artıq naxçıvanlı alim və tədqiqatçı, müəllim və həkim, sahibkar və menecerlər dünyadakı innovativ dəyişikliklərin məşğul olduğu sahədəki tətbiqindən əlavə, özünün də müəllifi olduğu yeni ideyaların uğuruna ciddi bir şəkildə inanmaqdadır. Bu gün Naxçıvanın ali məktəblərində təhsil alan startapçı tələbələrin sabah impakt faktorlu beynəlxalq jurnallarda ciddi elmi məqalələr müəllifi ola bilməsi artıq mümkünsüz bir təsəvvür deyil, günün reallığıdır. Yaxud 15-20 il əvvəl regionun aparıcı ali təhsil ocağı olan Naxçıvan Dövlət Universitetindəki gənc tədqiqatçılar yaxın xaricdə dərc olunmuş bir elmi məqaləsi ilə sevinirdilərsə, bu gün onlar ABŞ və Avropa ölkələrinin nüfuzlu elmi nəşriyyatlarında redaksiya üzvü kimi ciddi elmi dairələr tərəfindən tanınırlar. Bütün bunlar isə elmin, yeniliyin cəmiyyətimizin həyatına nə dəqər diffuziya etdiyinin bir göstəricisidir.
İnkişaf edən hər bir cəmiyyətin elm, innovasiya və yenilik qapısı universitetlərdir. Məhz universitetlərdə yaradılmış elmi nəticələr təhsil prosesində gələcəyin mütəxəssisləri olan gənclərə öyrədilərək zaman içərisində bütün cəmiyyətin sərvətinə çevrilir. Elmi mühit, sağlam rəqabət və yüksək prinsipiallıq ali məktəblərin əsas fəaliyyət vektoru kimi tarix boyunca cəmiyyətin inkişafının sonrakı mərhələlərdə təkcə elm və təhsil deyil digər sahələrdə də qarşıya qoyulan vəzifələri müəyyənləşdirməkdə əsas kriteriyalar olub. Bu mənada, Naxçıvan Dövlət Universiteti muxtar respublikamızın inkişafının yeni – innovativ iqtisadiyyat mərhələsində həyata keçirdiyi layihələrlə gələcəyin universiteti olmaq yolunda qətiyyətli addımlar atmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” 2020-ci il 14 dekabr tarixli Sərəncamı bu baxımdan ali təhsil müəssisəsinin imkanlarını daha da genişləndirməklə yanaşı, beynəlxalq rəqabətqabiliyyətliliyin təmin olunması, innovativ layihələrin dəstəklənməsi və keyfiyyətli kadr hazırlığına son dərəcə böyük təsir imkanları yaradacaqdır.
Texnologiyalar Parkı, yaxud qısa olaraq texnopark universitet üçün nə qazandırır? Texnologiya və sənaye cəhətdən yüksək inkişaf etmiş Qərb ölkələrinin təcrübəsinə əsasən onu qeyd edə bilərik ki, texnopark kimi ciddi və elmi əhəmiyyəti yüksək olan quruluşlar təkcə aid olduğu universitetin deyil, həm də ölkənin iqtisadi həyatında xüsusi çəkisi olan və formalaşdırdığı imiclə hər yerdə özünə rəğbət qazanan müəssisələrdir. Bu müəssisələrdə ərsəyə gətirilən innovativ ideyalar tətbiq olunduğu sahənin yüksək dərəcədə inkişafı ilə yanaşı, həm də öz davamçılarının məktəbini formalaşdırmaqla təhsildə yeni bir rəqabət yaradır. Ölkəmizdə ilk dəfə olaraq məhz Naxçıvan Dövlət Universitetində yaradılacaq texnopark da mövcud müsbət ənənələrdən faydalanmaqla gələcəkdə təkcə bu ali təhsil ocağının deyil, muxtar respublikanın bütün təhsil müəssisələrində yeni keyfiyyət standartlarının mənimsənilməsinə, nəzəri biliklərin praktikada daha asan tətbiqinə və son nəticədə, ölkəmizin iqtisadi cəhətdən daha qüdrətli olmasına mühüm töhfə verəcək.

 Əli CABBAROV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR