15 Aprel 2021, Cümə axşamı

Naxçıvan Dövlət Universitetində Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq regional məntiq olimpiadası keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra olimpiada ilə bağlı videoçarx nümayiş etdirilib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva çıxış edərək belə yarışların tələbələrin məntiqi biliklərinin formalaşdırılması və inkişafına xidmət etmək baxımından əhəmiyyətini vurğulayıblar.

Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov olimpiada haqqında məlumat verib. Qeyd edilib ki, olimpiadanın devizi “Elm, dostluq və sağlam rəqabət!” dir. Sonra elm haqqında bədii qiraət edilib və İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında musiqilər səsləndirilib.
İki mərhələdə təşkil edilən olimpiadaya 3 ali təhsil müəssisəsindən 250-yə yaxın tələbə onlayn olaraq müraciət edib. Onlardan 110 nəfəri qaydalar üzrə yarışda iştirak etmək hüququ qazanıb. Elektron formatda təşkil olunan yarışın birinci mərhələsində tələbələrə 50 sual ünvanlanıb. İlk mərhələ üçün vaxt limiti 1 saat 30 dəqiqə müəyyənləşdirilib. Yarışın ikinci mərhələsində hər bir universitetdən ən yüksək nəticə göstərmiş 5 nəfər həmin ali təhsil ocağını komanda olaraq təmsil etmək hüququ qazanıb. Şifahi-elektron formatda təşkil olunan II mərhələdə 30 sual olmaqla, hər suala 1 dəqiqə vaxt verilib. Olimpiadanın final mərhələsində komandalara 30 sual ünvanlanıb. Doğru və tez cavab verən komandalar mərhələnin qalibi olub.
Olimpiadanın gedişi üç ali təhsil müəssisəsindən müşahidəçilərin iştirakı ilə qiymətləndirilib. Nəticədə, Naxçıvan Dövlət Universitetinin komandası olimpiadanın qalibi olub, Naxçıvan Müəllimlər İnstitutu II, “Naxçıvan” Universiteti isə III yerləri bölüşüblər. Qalib komanda kubok və pul mükafatı ilə təltif edilib, II və III yerə layiq görülənlərə diplom və medallar təqdim olunub.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat
və ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR