15 Aprel 2021, Cümə axşamı

Bu gün muxtar respublikamız sosial-iqtisadi inkişafın ən yüksək dövrünü yaşayır. Müasirlik donuna bürünmüş qədim Naxçıvana gələn qonaqlar da bunu görür, təəccüblərini gizlətmirlər. Diyarımızda həyata keçirilən quruculuq tədbirləri və bu tədbirlər hesabına qazandığımız bütün nailiyyətlər isə ulu öndərmiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin bəhrələridir. Bu tərəqqi yurdumuzun hər bir bölgəsində aydın hiss olunur. Bütün yaşayış məntəqələrində təhsil, səhiyyə, mədəniyyət müəssisələri, inzibati binalar tikilib istifadəyə verilir, yollar yenidən qurulur, yeni iş yerləri açılır. Sevindirici haldır ki, bu tədbirlər ucqar dağ və sərhəd kəndlərində də həyata keçirilir. Əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edən belə tədbirlər Culfa rayonunu da əhatə edib. Rayonda həyata keçirilən kompleks quruculuq tədbirlərini göz önünə gətirsək, günün reallığını bir daha təsdiq etmiş olarıq. Qızılca kəndi də bu sıradadır.

2015-ci il noyabr ayının 10-da abadlaşdırılan kəndin avtomobil yolu rayon mərkəzinə və Naxçıvan şəhərinə gediş-gəlişi asanlaşdırıb. Həmçinin kənddə rabitə, elektrik xətləri yenilənib, su təminatı yaxşılaşdırılıb. Həmin il məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Həyata keçirilən belə tədbirlər isə kənd sakinlərinin yurda, torpağa bağlılığını daha da artırıb.

Sakinlərin rifahı üçün yaradılan şərait kənd həyatının bütün sahələrinin, o cümlədən təhsilin də inkişafını təmin edib. Məktəbdə tədrisin müasir tələblərə uyğun qurulması üçün bütün tədbirlər görülüb. Bu da pedaqoji kollektivin məsuliyyətini artırıb. Müəllimlər yaradılan şəraitdən istifadə edərək ölkəmizə, xalqımıza layiqli vətəndaşlar yetişdirməyə səy göstərirlər. Məktəbin açılış mərasimində Ali Məclis Sədrinin verdiyi tövsiyələr pedaqoji kollektivin fəaliyyət istiqamətinə çevrilib: “Məktəbin qarşısında duran əsas vəzifə yaxşı bilik vermək, gənclərin marağını nəzərə alaraq müəyyən bir peşəyə istiqamətləndirmək və gələcəyin əsl vətəndaşını yetişdirməkdən ibarətdir. Hər bir məktəbin fəaliyyəti onun yetişdirdiyi təhsilli və vətənpərvər gənclərlə ölçülür. Əgər məktəbdə təhsil alan gənc vətənpərvərdirsə, bir peşəyə meyillidirsə və öz gələcəyini, ölkəsinin gələcəyini düşünürsə, deməli, o məktəbin fəaliyyəti hədər getməmiş, məktəbdə təlim-tədris və tərbiyə işi düzgün qurulmuşdur. Qızılca kənd tam orta məktəbinin nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə tələbkarlıq və nizam-intizam vardır. Bu prinsip davam etdirilməli, nailiyyətlər daha da artırılmalıdır”.

Hərtərəfli və davamlı qayğının nəticəsidir ki, 2019-2020-ci tədris ilində Qızılca kənd tam orta məktəbini bitirən məzunların hamısı – 100 faiz nəticə göstərərək, ali məktəb tələbəsi adını qazanıb. Onlardan – Rəvan Hüseynli Bakı Mülki Aviasiya Akademiyasına, İnci Nəzərli isə “Naxçıvan” Universitetinin İngilis dili müəllimliyi ixtisasına qəbul olub. 2021-ci ilin mart ayının 4-də keçirilən muxtar respublika məktəblilərinin dram müsabiqəsinin rayon turunda “Müsibəti-Fəxrəddin” faciəsinin səhnələşdirilməklə yüksək istedad nümayiş etdirən şagirdlərimiz I yerə layiq görülüblər.

Hazırda ölkəmizdə sağlam ruhlu gənclik yetişir. Bu gənclik həyatda müstəqil hərəkət etməyi, həyatın dolaylarından mətanətlə keçməyi bacaran qüdrətli bir gənclikdir. Azərbaycan gəncliyi ulu babalarımızın qəhrəmanlıq ənənələrini bu gün də şərəflə davam etdirir. Hər bir Azərbaycan gənci yaxşı bilir ki, Vətənin şərəfi onun şərəfidir. Ona görə də bu şərəfi qorumaq, onu hər zaman uca tutmaq lazımdır. Məktəbimizdə də vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasına ciddi önəm verilir, şərəfli tariximizin qəhrəmanlıqla dolu olan səhifələrinin öyrədilməsi diqqət mərkəzində saxlanılır. 2020-ci il sentyabrın 27-dən düşmənin növbəti təxribatına əks-həmlə ilə cavab verən rəşadətli Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi dövründə Qızılca məktəbinin yetirmələri də işğal altında qalmış torpaqlarımızın azad olunmasında əsl qəhrəmanlıq nümunələri göstərib, hərbi tariximizə öz izlərini yazıblar. Vətən müharibəsi qazisi, 27 yaşlı qəhrəman eloğlumuz Cavid Behbudov xüsusi təyinatlı qüvvələrin tərkibində qəhrəmancasına döyüşüb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Cəbrayılın, Füzulinin azad olunması uğrunda medallarla təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu, snayperçi Məhəmməd Əhmədov “Şuşanın azad olunması uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Kənan Rzayev isə Vətən savaşında torpaqlarımızın bütövlüyü uğrunda öz canından keçərək şəhidlik zirvəsinə yüksəlib.

Dərslərdə, sinifdənxaric və məktəbdənkənar tədbirlərdə onların keçdiyi şərəfli döyüş və ömür yolları şagirdlərə çatdırılır. Bütün bunlar məktəblilərdə vətənpərvərlik tərbiyəsinin formalaşmasında mühüm rol oynamaqla, dağlar qoynunda yerləşən Qızılcaya, onun zəhmətkeş insanlarına göstərilən qayğıya əməli işlə cavab vermək əzmidir.

Namiq NƏZƏROV
Culfa rayonunun Qızılca kənd tam orta məktəbinin direktoru

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR