15 Aprel 2021, Cümə axşamı

Naxçıvan Müəllimlər İnstitutunda tədris planlarına uyğun olaraq Təsviri incəsənət müəllimliyi, Təhsildə sosial-psixoloji xidmət ixtisaslarının pedaqoji, Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasının isə ixtisas təcrübələrinin başlanğıc konfransı keçirilib.

İnstitutun prorektoru Çapay Quliyev konfransı açaraq qeyd edib ki, ixtisaslar üzrə tədris planına uyğun olaraq Təsviri incəsənət müəllimliyi və Təhsildə sosial-psixoloji xidmət ixtisası tələbələri Naxçıvan şəhərində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində 6 həftə olmaqla, Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasının tələbələri isə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasında 7 həftə olmaqla, ixtisas təcrübələri keçəcəklər. Təcrübələrdə, ümumilikdə, 49 tələbə iştirak edəcək. Prorektor vurğulayıb ki, tələbələrin nəzəri biliklərinin tətbiqində və ixtisaslı kadr kimi formalaşmasında keçdikləri pedaqoji təcrübə mühüm əhəmiyyət kəsb edir. Nəticə bir sıra amillərlə yanaşı, ilk növbədə, bu prosesin necə təşkil olunmasından, maraqlı tərəflərin və tələbələrin məsuliyyətindən asılıdır.
Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov müəllim kadrlarının hazırlanması üçün muxtar respublikada görülən işlərdən danışıb. Vurğulanıb ki, təhsilin bütün sahələri dövlət qayğısı ilə əhatə olunub, müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni – STEAM təlim metodunun tətbiqi üçün kabinələr yaradılıb, lazımi avadanlıqlarla təchiz olunub. Tələbələrin həyatında mühüm və məsuliyyətli mərhələ olan pedaqoji təcrübənin düzgün təşkili üçün təhsil müəssisələrində hərtərəfli şərait formalaşdırılıb. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının müdiri Tamella Əsgərova diqqətə çatdırıb ki, Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası tələbələrinin ixtisas təcrübələrində iştirakı qazandıqları nəzəri biliklərin təcrübi baxımdan tətbiqində xüsusi bir mərhələni təşkil edir və bunun üçün bütün lazımi işlər görülüb.
Sonra institutun Tədris şöbəsinin müdiri Əhruz Mahmudovanın, Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyevin, İncəsənət kafedrasının müdiri Həbibə Allahverdiyevanın, institutun pedaqoji təcrübə rəhbəri Təranə Əliyevanın çıxışları dinlənilib. Qeyd olunub ki, insan kapitalına böyük önəm verilən muxtar respublikamızda təhsilin keyfiyyətinin yüksəldilməsi, onun məzmununa və təşkilinə qloballaşma və informasiyalaşdırma tələbləri baxımından yanaşılması, yeni ideyaların, metodların və nəzəriyyələrin yaradılması təhsilin inkişafını sürətləndirib, daha da səylə çalışmağa şərait yaradıb.
Sonda pedaqoji təcrübəyə həsr edilmiş sərgiyə baxış olub.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR