15 Aprel 2021, Cümə axşamı

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Bayram Rzayevin anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qocaman alimin yüksək insani məziyyətlərindən və işgüzar elmi fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, Bayram Rzayev ömrünü elmə, elmi tədqiqatlara həsr etmiş, onun səmərəli fəaliyyəti 40-ı kitab və monoqrafiya olmaqla, 400-dən artıq elmi əsərdə öz əksini tapmışdır. Alim analitik kimya sahəsində yenilikçi tədqiqatları ilə nəzəri bilikləri pratikaya uğurla tətbiq etmiş, nəticədə, 20 müəlliflik şəhadətnaməsi və patent almışdır. Bayram Rzayevin yarıməsrlik elmi fəaliyyəti, kimya elminə qazandırdığı töhfələr bu sahə tədqiqatçıları üçün əsl nümunədir.

Sonra akademik İsmayıl Hacıyev çoxillik səmərəli fəaliyyətinə görə və anadan olmasının 80 illiyi münasibətilə Bayram Rzayevi AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif edib.
Bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev yığıncaqda “Kimya elmləri doktoru Bayram Rzayevin həyatı və elmi fəaliyyəti” mövzusunda məruzə edib.
Məruzədə bildirilib ki, Bayram Rzayev 1972-ci ildə AMEA-nın Naxçıvan Regional Elm Mərkəzi yaradıldıqdan sonra burada fəaliyyətini davam etdirmiş, həmin elm müəssisəsinin formalaşmasında böyük xidmətləri olmuşdur. Muxtar respublikada mineral sərvətlərin işlənməsi üzrə ilk laboratoriyanın yaradılması da məhz Bayram Rzayevin adı ilə bağlıdır. Onun apardığı tədqiqatlarda Naxçıvan Muxtar Respublikasının mineral sərvətlərinin elmi və praktik əsaslarının işlənməsi mühüm yer tutur.
Alimin Darıdağ termal suyu və arsen filizi üzərində uğurlu elmi tədqiqatlarından bəhs edən məruzəçi bildirib ki, 2003-cü ildən etibarən AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyətini davam etdirən Bayram Rzayevin iştirakı ilə muxtar respublikamızın mineral sərvətləri üzərində tədqiqatlar bu gün də davam etdirilməkdədir. Bayram Rzayev tərəfindən Naxçıvan daşduzundan tibbi NaCl və mərmərdən tibb sahəsində istifadə edilən CaCl2-nin alınma texnologiyası işlənmiş və yeni metod kimi patentləşdirilmişdir.
Novator alimin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Bayram Rzayevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə işıq üzü görmüş əsərləri sanballı elmi nəşrlərdəndir.
Digər alim həmkarları da çıxış edərək yubilyarı təbrik edib, ona xoş diləklərini çatdırıblar.
Tədbirin sonunda Bayram Rzayev elmi fəaliyyətinə verilən dəyərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR