15 Aprel 2021, Cümə axşamı

 Azərbaycan qadınının bütün dövrlərdə gözəl örnəkləri olub. Tariximizdə qadınlar müdrikliyi, işgüzarlığı ilə parlaq səhifələr yazıblar. Seçki hüququnu dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil güclənir. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir.

Bu gün muxtar respublikamızda da qadınlar cəmiyyətin aparıcı qüvvəsinə çevrilib desək yanılmarıq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 5 oktyabr 2020-ci il tarixdə Naxçıvan Qızlar Liseyinin müəllimi Əsgərova Gülmirə Amən qızı, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin müəllimi Xəlilov Cavid Məmməd oğlu, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin müəllimi İsmayılova Ceyran Adil qızı, Sədərək kənd 2 nömrəli tam orta məktəbin müəllimi Hüseynova Arzu Ələsgər qızına, 8 fevral 2021-ci il tarixdə isə Ordubad rayon Nüsnüs kənd tam orta məktəbin müəllimi Əliyeva Səbahət Əli qızı, Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Zeynalova İradə İsmayıl qızı və Ərəfsə kənd tram orta məktəbinin müəllimi Nəcəfova Tərlan Məhəmməd qızına “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarının verilməsivə bu qərarın ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanması da Azərbaycan qadınına etimadın nə qədər yüksək olduğunu bir daha təsdiqləyir.

Həmin Sərəncamlarla təltif olunan və hazırda fəaliyyətlərini davam etdirən Əməkdar müəllimlərimizlə görüşüb həmsöhbət olduq. 

Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin müəllimi Əliyeva Səbahət Əli qızı 1966-cı ildə Ordubad rayon Nüsnüs kəndində anadan olub. O, 1984-cü ildə Ordubad rayon Nüsnüs kənd orta məktəbini bitirib. Həmin il Naxçıvan Pedoqoji İnistutunun İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinin İbtidai sinif müəllimi ixtisasına daxil olub, 1988-ci ildə təhsilini başa vuran Səbahət Əliyeva elə həmin ildən də müəllim kimi fəaliyyətə başlayıb.

         Səbahət müəllimə ilk təhsilini aldığı məktəbdə müəllim kimi fəaliyyət göstərməyin nə qədər əziz olduğunu belə ifadə edir: “Müəllim peşəsini təhsil aldığım Ordubad rayon Nüsnüs kənd tam orta məktəbində bizə elmin sirlərini öyrədən müəllimlərimizin simasında sevmişəm. Elə bu sevgidən doğan istəklə mən də müəllim olmaq istəyimi gerçəkləşdirdim. Doğma vətənimizin övladlarına təhsil vermək, onları vətənpərvər ruhda böyütmək üçün çalışmaq ən böyük arzum idi. Ona görə də müəllim kimi ilk gündən şagirdlərə təhsil verməklə yanaşı, onları gələcəyin qurucuları, layiqli vətəndaşlar kimi böyümələri üçün var qüvvəmlə çalışmışam. Artıq 33 ildir bu məktəbdə çalıram. Bu günlərdə Nüsnüs kənd tam orta məktəbi yenidən qurulmuş, geniş, işıqlı, yaraşıqlı sinif otaqları, zəngin kitabxana, müxtəlif fənn kabinələri, STEAM otaqları məktəb kollektivimizin ixtiyarına verilmişdir. Hər bir şagirdin, müəllimin və demək olar ki, bütün kənd sakinlərinin sevinci hədsizdir. Dövlətimizin ucqar dağ kəndinə bu cür qayğısı hər kəsdə böyük ruh yüksəkliyi yaradır. Bu qayğı hər sahəni əhatə edir. Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adını alanlar sırasında mənim də adımın olduğunu öyrənəndə bir daha əmin oldum ki, muxtar respublika rəhbərliyi hər bir vətəndaşının daim yanındadır və onun əməyini qiymətləndirir. Mənə verilən bu fəxri ad təkcə mənim yox bütün kollektivimizin uğurudur. Bu mükafat hər birimizi daha yaxşı çalışmağa, gənc nəsli vətənpərvər, təhsilli böyütməyə ruhlandırır. 

* * *

Naxçıvan Qızlar Liseyinin müəllimi Əsgərova Gülmirə Amən qızı 1966-cı ildə Culfa rayonunun Ərəfsə kəndində anadan olub. 1983-cü ildə Ərəfsə kənd tam orta məktəbini bitirib. Həmin il Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat-fizika ixtisasına daxil olub və 1988-ci ildə təhsilini başa vurub. 1992-ci ildən Naxçıvan Qızlar Liseyində müəllim işləyir.

         Gülmirə müəllimə ona göstərilən qayğıdan ürək dolusu danışır: Ulu öndərimiz Heydər Əliyev müəllim haqqında demişdir: “Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqlarının tərbiyəsini yalnız ona etibar edir”. Bu fikir müəllimə verilmiş ən gözəl tərifdir. Doğurdan da, cəmiyyətin qurucusunu, onu idarə edənləri, ümumiyyətlə, hər kəsi tərbiyə edən müəllimdir. Ona görə də müəllimlik ən şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşədir. 

         Bu günlərdə Ali Məclisin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə mən Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşəm. Bu təltif ordumuzun şanlı tarix yazdığı vaxtla eyni dövrə düşdü. Mən şanlı tarixi olan bir ölkənin vətəndaşı kimi bu adı böyük fəxrlə, qürur hissi ilə daşıyacam. Məni belə bir fəxri ada layiq gördüyü üçün Ali Məclisin Sədrinə öz dərin minnətdarlığımı bildirirəm. Belə bir deyim var ki, müəllim daim öyrədən və öyrənən peşə sahibidir. Biz öz şagirdlərimizi öyrədirik və eyni zamanda, rəhbərlərimizdən öyrənirik. Rəhbərlərimizin şəxsi nümunəsindən örnək götürürük. Rəhbərlərimizdən öyrəndiyimiz ən mükəmməl dərs isə vətənpərvərlik dərsidir. Biz də öz növbəmizdə bu dərsi – “Vətən sevgisi” dərsini bu gün öz şagirdlərimizə keçirik”.

         * * *

Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin müəllimi İsmayılova Ceyran Adil qızı 1963-cü ildə Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbi bitirib. 1982-ci ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı müəllimi ixtisasına daxil olub və 1986-cı ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub. O, 1986-cı ildə Babək rayon Cəhri kənd səkkizillik məktəbində müəllimlik fəaliyyətinə başlayıb. 1987-ci ildən 2000-ci ilədək Naxçıvan şəhər 39 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. 2000-ci ildən isə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə müəllim işləyir.

         Ceyran müəllimənin dediklərindən: “Son illərdə təhsil sahəsində aparılan geniş islahatlar, bu sahədə həyata keçirilən layihələr, yaradılan sağlam mühit müəllimlərin peşəkarlıq səviyyəsinin artmasına səbəb olub. “Əməkdar müəllim” fəxri adı isə Azərbaycan müəlliminin əməyinə verilən ən yüksək qiymətdir. Bu ad həm də böyük məsuliyyətdir. Mən bundan sonrakı fəaliyyətimdə də bizə yaradılan hərtərəfli şəraitdən səmərəli istifadə edərək bu adı şərəflə daşımağa, özümü daha da inkişaf etdirməyə çalışacağam. Bu adı almaq çox qürurverici bir hissdir. Bu ad mənim timsalımda öz müəllimlik peşəsini sevə-sevə yerinə yetirən hər bir müəllimin əməyinə verilən qiymətdir. Bu sevinc və qurur hissini bizə bəxş etdiyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz dərin minnətdarlığımı bildirir, bundan sonrakı pedaqoji fəaliyyətimdə də xalqımız, millətimiz üçün yararlı, savadlı, vətənpərvər şəxsiyyətlər yetişdirəcəyimə söz verirəm.”

* * *

          Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Zeynalova İradə İsmayıl qızı 1964-cü ildə Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Naxçıvan şəhər 39 nömrəli orta məktəbi bitirib. Həmin il Naxçıvan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat-fizika müəllimi ixtisasına daxil olub və 1987-ci ildə təhsilini başa vurub. 1988-2001-ci illərdə 705 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən İradə müəllimə 2001-ci ildən Heydər Əliyev adına Hərbi Liseydə pedaqoji fəaliyyətini davam etdirir.

         Sözünə ümummilli lider Heydər Əliyevin “Həyatın mənası çox və az yaşamaqdan ibarət deyil, onun əsas məqsədi bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır” kəlamı ilə başlayan İradə müəllimə deyir: “Mən bu dahiyanə kəlamda ifadə olunan fikirləri həyat amalıma çevirmişəm. Bu ləyaqətli peşəni - müəllimlik peşəsini seçdiyim üçün, ömrümü gələcəyimiz olan nəsillərə fəda etdiyim üçün qürur duyuram. Həyatını öz vətəninin müdafiəsinə həsr edən şəxsiyyətlər - zabitlər yetişdirmək isə mənim üçün ikiqat fəxrdir. Mənə verilən bu yüksək ad - “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” adı təkcə mənə yox, Heydər Əliyev adına Hərbi Liseyin kollektivinə verilən yüksək qiymətdir. Mənim əməyimi bu qədər yüksək qiymətləndirdiyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımı bildirir, bundan sonra da dövlətimizə, xalqımıza ləyaqətlə xidmət edəcəyimə söz verirəm”.

* * *

         Sədərək kənd 2 nömrəli tam orta məktəbin müəllimi Hüseynova Arzu Ələsgər qızı 1969-cu ildə Şərur rayon Sədərək kəndində anadan olub. 1985-ci ildə Şərur rayon Sədərək kənd tam orta məktəbini bitirib. 1986-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinin İbtidai sinif müəllimi ixtisasına daxil olub, 1991-ci ildə təhsilini başa vurub. 1994-cü ildən bu günədək Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbdə müəllim işləyir.

       Arzu Hüseynova müəllimlik fəaliyyəti müddətində ona verilən ən yüksək ada görə minnətdarlığını bildirərək öz sevincini muxtar respublikanın dünənindən fərqli olan bugünkü təhsilindəki inkişafı, müəllim əməyinə verilən qiymət və yaradılan şəraitlə ifadə edir: “Biz təhsilimizin dünəninə dönüb baxarkən, dünənlə bu günü müqayisə edərkən bugün kəskin sürətdə irəliləyişləri görürük. Bugün muxtar respublikamızda təhsil sahəsi tamamilə yenidən qurulmuşdur. Bu da muxtar respublikamızda təhsil sahəsinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının göstəricisidir. Təhsil işçilərinin əməyinin qiymətləndirilməsi, xüsusilə də, müəllimlərin əməyinə verilən ali mükafatlar bu qayğının bariz nümunəsidir. Muxtar respublikada, eləcə də Sədərək rayonunda təhsildəki uğurların yüksək səviyyəyə çatması dövlət tərəfindən müəllimə verilən dəyərlə bağlıdır. Müəllimlərin həyat şəraiti yaxşılaşmış, əmək haqqları qaldırılmış, müəllimlər normal dərs yükü ilə təmin olunmuş, əməkləri fəxri adlarla qiymətləndirilmişdir. Bu da müəllimin əhval-ruhiyyəsinin artmasına, daha da səylə və məsuliyyətlə çalışmasına gətirib çıxarmışdır”.

* * *

      Culfa rayon Ərəfsə kənd tam orta məktəbinin müəllimi Nəcəfova Tərlan Məhəmməd qızı 1961-ci ildə Culfa rayon Ərəfsə kəndində anadan olub. 1979-cu ildə Ərəfsə kənd tam orta məktəbini bitirib. Həmin ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına daxil olub, 1983-cü ildə təhsilini başa vurub. 1988-ci ildən Ərəfsə kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləyir.

      Bu günlərin sevinci Tərlan müəllimənin dili ilə: “Universitetdə oxuyarkən bir neçə tələbə ilə ümummilli lider Heydər Əliyevin qəbulunda olmuşam. Bu qəbul həyat haqqında fikir və düşüncələrimdə böyük dəyişikləklərə səbəb oldu. Elmin insan həyatında aparıcı olduğunu dərk etdim. 2020-ci il bütün azərbaycanlılar kimi mənim də həyatımda silinməz izlərlə yadda qaldı. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, yenilməzliyini, bütövlüyünü bütün dünyaya sübut etdi. Milli mənəvi dəyərlərə hörmət ruhunda böyüyən övladlarımız “Qarabağ Azərbaycandır!” çağırışına qoşularaq Vətən torpağının hər qarışını öz canlarından üstün tutdular. Bir müəllim kimi qürur hissi duyuram ki, bu qələbədə vətənpərvər övladlar yetişdirməkdə biz müəllimlərin də payı var. Biz müəllimlər əsrin tələblərinə uyğun, yeni intelektual biliyə malik gələcəyin qurucularını tərbiyə edirik. “Əməkdar müəllim” adına layiq görülməyin başqa bir qürurunu duydum. Bu etimadı doğrultmaq mənim üçün böyük fəxrdir. Çalışacağam ki, həyat yollarında hər vaxt Vətənim üçün gərəkli olum, müəllim adını, müəllim şərəfini hər zaman uca tutum”.

     Muxtar respublikamızın hə­ya­tı­nın bü­tün sa­hə­lə­rin­də uğur­­lu fəa­liy­yət gös­tə­rən, cə­miy­yət qu­ru­cu­lu­ğu­na öz də­yər­li töh­fə­lə­ri­ni ve­rən qa­dın­la­rı­mı­zın əmə­yi­ daim yük­sək qiy­mət­lən­dirib. Bu zərif cinsin nümayəndələri həm də cəmiyyətin bütün sahələrində kişilərlə çiyin-çiyinə çalışır, öz əməyi, bacarığı, səriştəsi, davranışı ilə fərqlənirlər. Biz də gələcəyimizin inkişafının ke­şi­yin­də da­ya­nan, övladlarımızı cəmiyyət üçün gərəkli bir insan kimi tərbiyə edən bütün qa­dın ­müəllimlərimizi “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edir, onlara fəa­liy­yət­lə­rin­də da­ha bö­yük uğur­lar ar­zu­layırıq!    

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR