03 Mart 2021, Çərşənbə

Naxçıvan Müəllimlər İnstitutunda Riyaziyyat və informatika müəllimliyi, İbtidai sinif müəllimliyi və Məktəbəqədər təlim və tərbiyə ixtisaslarının sonuncu kurs tələbələrinin pedaqoji təcrübəsinin başlanğıc konfransı keçirilib.
İnstitutun rektoru Azad Novruzov konfransı açaraq qeyd edib ki, ixtisaslar üzrə tədris planına uyğun olaraq İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə ixtisaslarında təhsil alan tələbələr IV tədris ilinin VIII semestrində, Riyaziyyat və informatika müəllimliyi ixtisasında təhsil alan tələbələr V tədris ilinin X semestrində 14 həftəlik pedaqoji təcrübə keçəcəklər. Bu ixtisaslar üzrə 204 tələbə Naxçıvan şəhər məktəbləri və məktəbəqədər təhsil müəssisələrində olacaqlar.

Rektor vurğulayıb ki, tələbələrin müəllimlik fəaliyyətinə hazırlanmasında pedaqoji təcrübə mühüm əhəmiyyət kəsb edir. Onlarda ixtisaslar üzrə qazanılan nəzəri bilikləri tətbiq etmək bacarığının və müəllimə xas olan keyfiyyətlərin formalaşdırılması pedaqoji təcrübə vasitəsilə həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxışında vurğulayıb ki, muxtar respublikada təhsilin bütün sahələri dövlət qayğısı ilə əhatə olunub, müasir tələblərə cavab verən təhsil infra­strukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni STEAM təlim metodunun tətbiqi üçün kabinələr yaradılıb, lazımi avadanlıqlarla təchiz olunub. Muxtar respublikada pedaqoji kadrların təkmilləşməsi istiqamətində atılan addımlar, keçirilən təlim və təcrübələr bu sahədə əhəmiyyətli uğurların qazanılmasına şərait yaradıb.
Qeyd edilib ki, pedaqoji təcrübə tələbə-gənclərin müəllim kimi formalaşmasında əhəmiyyətli rol oynayır. Təhsil prosesinin səmərəliliyi pedaqoji kadrların elmi səviyyəsindən, pedaqoji ustalığından, pedaqoji etikaya bələdliyindən, ən əsası isə pedaqoji sahədə qazandığı praktik hazırlığından asılıdır.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən bu günədək keçirilən müsabiqələrdə Naxçıvan Müəllimlər İnstitutunun 65-i müəllim, 40-ı isə müxtəlif vəzifələr olmaqla, ümumilikdə, 105 məzunu işlə təmin olunub.
Digər çıxışlardan sonra pedaqoji təcrübə ilə bağlı sərgiyə baxış olub və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin ali təhsil ocağına hədiyyə etdiyi dərslik və metodik vəsaitlər təqdim edilib.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR