05 Dekabr 2020, Şənbə

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində “Qarabağ Azərbaycandır!” vətənpərvərlik mövzusunda tədbir keçirilib. Universitetin Tədris və tərbiyə işlər üzrə prorektoru Rafiq Rəhimov Azərbaycan torpaqlarının haqsızcasına 30 il müddətində erməni tapdağı altında olmasından, bu haqsızlığa göz yummayacağımızdan danışıb. Vurğulanıb ki, artıq işğal altında olan torpaqlarımız bu gün Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu siyasəti və qətiyyətli addımı sayəsində öz azadlığına qovuşur. Prorektor onu da qeyd edib ki, universitetimizdə Fiziki tərbiyə və Çağrışaqədərki ­hazırlıq müəllimliyi ixtisası da vətənpərvər gənc nəslin formalaşmasında müstəsna rol ­oynayır.
Naxçıvan Muxtar Respublikası Veteranlar Təşkilatının sədr müavini Sultan İsmayılov çıxışında bildirib ki, Vətənə olan sevgi əbədi və əzəli bir hissdir. Diqqətə çatdırılıb ki, bizim müqəddəs borcumuz Vətənə xidmət etmək, hər qarış torpağına sinəmizi sipər edərək onu qorumaqdır.
Çıxışlardan sonra fakültə tələbələrinin ifasında kompozisiya təqdim edilib.

Tədbir mövzu ilə bağlı videoçarxın nümayişi ilə başa çatıb.

Telli Mustafayeva

* * *

“Naxçıvan” Universitetində 9 Noyabr – Bayraq Gününə həsr olunmuş tanınmış dekorativ sənət rəssamı Aygün Nağıyevanın “Qarabağ Azərbaycandır!” adlı sərgisinin açılışı olub.
Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, bu gün cəbhədə tarix yazan Azərbaycan Ordusunun əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağ uğrunda döyüşlərdə əldə etdikləri böyük uğurlara hər bir Azərbaycan vətəndaşı sevinir, fəxarət hissi keçirir. Azərbaycan əsgəri bu gün bütün dünyaya Azərbaycan Ordusunun gücünü və əzmkarlığını göstərir. Rektor dekorativ sənət rəssamını təbrik edərək bildirib ki, “Qarabağ Azərbaycandır!” adlı sərgi sarsılmaz birliyimizin, rəssamımızın Vətənə olan sevgisinin bariz nümunəsidir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Hüseyn Bağırsoylu, Həbibə Allahverdiyeva, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri, müəllim və tələbələr iştirak ediblər.
Rəssam Aygün Nağıyeva sərginin təşkil olunmasında göstərilən diqqətə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, sərgidə dekorativ sənət rəssamının iyirmidən çox əsəri nümayiş olunub. Sərgi zamanı müxtəlif qiymətli daşlardan hazırlanmış ulu öndər Heydər Əliyevin, Milli qəhrəman Mübariz İbrahimovun portretləri, eləcə də Türkiyə-Azərbaycan qardaşlığını özündə təcəssüm etdirən əsərlər sərgi iştirakçılarının marağına səbəb olub.

Seyfur Hacımuradov

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR