26 Oktyabr 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarına görə 2018-ci ildən muxtar respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə aparılmasına başlanılıb. Ötən dövr ərzində keçirilən 5 müsabiqədə 414 müəllim işlə təmin olunub. Müsabiqənin böyük nüfuz qazanması və namizədlərin yüksək fəallığının müşahidə olunması  sonuncu imtahanda da  özünü  büruzə verib. Belə ki, 30 iyun 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilən müsabiqəyə həmin vakant yerləri tutmaq üçün 746 nəfər sənəd təqdim edib, onlardan 414-ü keçid balını toplayıb, ən yüksək nəticə göstərən 130 müəllim işə təyin olunub. Son iki ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqələri bir tərəfdən muxtar respublikada gənclərin işlə təmin edilməsində mühüm rol oynayırsa, digər tərəfdən də ümumtəhsil məktəblərinin tədris prosesində informasiya texnologiyaları və müasir təlim üsullarından səmərəli istifadə edən, bilikli müəllimlərlə təminatına geniş imkanlar açır. Bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində kifayət qədər hazırlıqlı gənc kadrlar çalışırlar ki, bu da, bütövlükdə, müəllim  nüfuzunun artmasına səbəb olur. İndi müəllim olmaq istəyənlərin sayı onlarla deyil, yüzlərlədir. Məktəbdə uğur qazanan, təhsildə keyfiyyətə nail olan müəllimlər təkcə məktəblərin deyil, bütövlükdə, təhsil sisteminin qürur yerinə çevrilir.

Günay Qənbərova 1996-cı ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilinə Naxçıvan şəhər 705 nömrəli tam orta məktəbdə başlasa da, bunu Naxçıvan şəhər 5 nomrəli tam orta məktəbdə davam etdirib və 2014-cü ildə məzun olub. Elə həmin il 584 balla Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat-informatika müəllimliyi ixtisasına qəbul olub. Müəllimliyə sevgisi olsa da, yaxşı müəllim olacağına inamı məhz universitetdə möhkəmlənib: “IV kursda oxuyurdum. Riyaziyyat müəllimim Nailə Namazova məndən yaxşı müəllim olacağını dedi. Düşündüm ki, o, belə deyirsə, deməli, həqiqətdir. O qənaətdən sonra yaxşı müəllim olacağıma inamım artdı. Eyni zamanda məqsədimə çatmaq, özümü bu istiqamətdə inkişaf etdirmək üçün kiçik fürsətləri dəyərləndirdim”.
Günay Qənbərova bilik və bacarığına görə seçildiyinə və keçirilən təhsil konfranslarında fəal gənc kimi iştirakına görə “Gələcəyin müəllimi” təqaüdünə layiq görülüb. 2020-ci il 31 avqust-16 sentyabr tarixlərdə keçirilən imtahanlarda iştirak edərək yüksək nəticələr göstərib. O, eyni vaxtda 3 məktəbə işə qəbul üçün imtahan verərək mümkün 60 baldan 56 bal toplamaqla Kəngərli rayon Təzəkənd, 56 balla Ordubad rayon Çənnəb kənd tam orta məktəblərinə, 59 balla Ordubad rayon 1 nömrəli tam orta məktəbə qəbul olub.

Günay deyir ki, müəllimlik peşəsini uşaqlıqdan sevmişəm. Ən böyük arzum gələcəkdə Vətənimizə layiq müəllim olmaq idi. Şagird öncə müəllimi sevməlidir ki, sonra da onun tədris etdiyi fənni oxumağa meyil etsin. Müəllimlik, sadəcə, bilik öyrətməkdən ibarət olmamalıdır. Yeri gələndə uşaqlarla dost, oyun yoldaşı, həmsöhbət olmağı da bacarmalı, uşaqların bilik, bacarıq, vərdişlərini aşkar edib onlara peşə seçməkdə düzgün istiqamət verməlidir. İnsan seçdiyi peşədə özünə yaxşı mənada ifadə etməyi bacarmalıdır. Mənim sevərək seçdiyim bu ixtisas elm və texnikanın inkişaf etdiyi bu dövrdə əhəmiyyətlidir. Müəllimlik peşəsi müqəddəsdir, onu icra etmək böyük məsuliyyət tələb edir və mən bu məsuliyyəti üzərimə götürməyi özümə borc bilirəm. Azərbaycanı bölgələrə ayırmağı sevmirəm. Ancaq Naxçıvanın, xüsusilə də Ordubadın şəraiti, təbiəti, havası, suyu, ən əsası da insanlarının mehribanlığı, qonaqpərvərliyi danılmaz faktdır. Dərs dediyim müddətdə hər zaman Vətəninə, millətinə xeyirli ola biləcək insanlar yetişdirməyə çalışacağam.
Ülviyyə Babayeva müəllimlərin işə qəbulu üzrə müsabiqənin ən uğurlularındandır, 2020-ci ilin muxtar respublika birincisidir. O, 1986-cı ildə Babək rayonunda anadan olub. İlk təhsilini Babək şəhər tam orta məktəbində alsa da, 1998-ci ildən Ordubad Qızlar Liseyində oxuyub və 2003-cü ildə həmin liseyi bitirib. Elə həmin il Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub, ali təhsilini əla qiymətlərlə başa vurub. Öz üzərində yorulmadan işləyən gənc, müəllimlik peşəsində ən təcrübəli müəllimlərlə rəqabət aparmağı üstün tutub. 2020-2021-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 59 bal toplayıb: “Uğurumu daha çox müəllimlərin işə qəbulu müsabiqədəki şəffaf şərait və obyektiv qiymətləndirmədə görürəm. Təbii ki, müəllim olmaq istəyim təsadüfi deyil. Müəllimlik həm də ananın övladına verdiyi tərbiyə kimi əziz və vacib öhdəlikdir. Mənə bu peşəni Həsən Əliyev , Əbdüləli Mirzəyev kimi müəllimlərim sevdirib. Həmişə onlara bənzəmək istəmişəm.
Mənə ana dilini sevdirən də, öyrədən də məhz müəllimlərim olub. Mən də öz müəllimlərim kimi Azərbaycanımın gələcəyi üçün faydalı, bilikli və tərbiyəli şəxsiyyətlər yetişdirməyi qarşıma məqsəd qoymuşam”.
Sahib Əliyev 1995-ci ildə Şərur şəhərində anadan olub. Şərur şəhər 1 nömrəli tam orta məktəbdə ilk təhsilini alan Sahib Əliyev keçirilən tarix üzrə fənn olimpiadalarında dəfələrlə qalib olub. 2013-cü ildə məktəbi bitirib, elə həmin il qəbul imtahanında 534 balla Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasına daxil olub. Sahib müəllim deyir ki, məktəb vaxtlarından tarix fənninə böyük maraq göstərmişəm . Boş vaxtlarımda çoxlu mütaliə edir, maraqlı tarix kitabları oxuyurdum. Universitetdə oxuduğum illərdə də tarixlə bağlı bir çox konfransda iştirak etmiş, universitetlərarası olimpiadaların qalibi olmuşam.
2018-ci ildə hərbi xidməti başa vurduqdan sonra Sahib Əliyev müəllimlərin işə qəbulu imtahanında iştirak edib. 2019-cu ildə Şərur rayonu üzrə vakant yer olmadığı üçün Ordubad rayonunda işləməyə qərar verib. Həmin il keçirilən imtahanlarda 64 bal toplayaraq Ordubad rayonunun Kotam kənd tam orta məktəbində tarix fənni üzrə pedaqoji fəaliyyətə başlayan gənc müəllim kollektivin qısa vaxtda hörmət və sevgisini qazanıb. “Yaşadığım yerdən uzaqda işləmək ilk vaxtlar mənə çətin görünürdü, amma məktəbin kollektivi məni ilk andan çox səmimi və mehriban qarşıladı. Mənə daim dəstək oldu, öz təcrübələrini bölüşdü”.
Gənc müəllim məktəb yolunu bir az yaxınlaşdırmaq istədiyi üçün yenidən müsabiqədə iştirak etmək arzusuna düşüb. 2020-ci ildə işə qəbulla bağlı yaşadığı rayon üzrə 3 vakant yer uğrunda imtahanlarda iştirak edib və hər üçündə də yüksək nəticə göstərib. 58 balla Ələkli kənd tam orta məktəbində işə təyin edilib: “Yeni iş yerimdə də kollektiv tərəfindən çox səmimi qarşılandım. Kotam kənd tam orta məktəbində qazandığım təcrübəmlə burada pedaqoji fəaliyyət göstərməyə çalışacağam. Mənim üçün uğurun düsturu yoxdur. Hər dərs sonu şagirdlərimin sevincini izləmək belə, uğurumun bir parçasıdır. Sevdiyim peşədə özümü daha da inkişaf etdirib şagirdlərimin sevgisini qazanmağı qarşıma məqsəd qoymuşam. Digər ən vacib məqam isə şagirdlərimə olan sevgim və güclü təhsilin gələcəyinə olan inamımdır”,– deyir Sahib Əliyev.
Şəbnəm Abdullayeva müsabiqədə yüksək bal qazanan müəllimlərindəndir. O, 1995-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Heydər Əliyev adına tam orta məktəbdə, ali təhsilini isə Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə alıb: “Uşaqlıqdan müəllim peşəsini çox sevmişəm. Məktəb illərində həm anamın, həm də müəllimlərimin timsalında müəllimlik peşəsinin nə qədər müqəddəs bir peşə olduğunun şahidiyəm. Ən əvvəl ona görə ki, anam Heydər Əliyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir. Bu, bəlkə də, müəllimlik peşəsini dərindən sevməyimin ilkin səbəblərindəndir. Sonralar Heydər Əliyev adına tam orta məktəbdə oxuyarkən ingilis dili fənnini tədris edən Türkan müəllimə bu fənni mənə daha da sevindirdi. Beləliklə də, qərara gəldim ki, ingilis dili müəllimi olum”. Şəbnəm müəllimə 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində mümkün 60 baldan 58 bal toplamaqla uğurlu nəticə əldə edərək Yarımca kənd tam orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlayıb: “Məncə, müəllim olmaq təkcə, hansısa məktəbdə dərs demək deyil. Şagirdləri övladın kimi sevmək, onlara qayğı ilə yanaşmaq və hətta lazım gələndə psixoloji dəstək də vermək lazımdır. Mən də bu yolda əlimdən gələni etməyə çalışıram. Seçimlərimdən heç də peşman deyiləm. Muxtar respublikamızın hansı bölgəsində oluramsa olum, Vətənimə, xalqıma layiqli xidmət edəcəyimə və müəllim adını şərəflə qoruyacağıma söz verirəm”.
Zamin Qənbərov 1982-ci ildə Ordubad rayonunun Dəstə kəndində anadan olub. 2016-cı ildə Naxçıvan Dövlət Universitetinin Riyaziyyat və informatika müəllimliyi ixtisasına daxil olub və bu il həmin ixtisas üzrə universiteti bitirib. İlk dəfə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib. Mümkün 60 üzərindən 58 bal toplayaraq yüksək nailiyyət əldə edən Zamin müəllim Şahbuz rayonu Kolanı kənd tam orta məktəbinə riyaziyyat müəllimi təyin olunub: “Müəllimlik çox şərəfli və eyni zamanda çox məsuliyyətli bir peşədir. Bizlərə əmanət olunan şagirdləri, yüksək bilik və bacarıqla yanaşı, vətənpərvərlik və Azərbaycançılıq ideyalarına sadiq, milli və mənəvi dəyərlərə sahib çıxan, ölkəsi və xalqı üçün faydalı işlər görən şəxsiyyət kimi yetişdirməliyik”.
Murad Babayev 1997-ci ildə Babək rayonunun Təzəkəndində anadan olub. 2015-ci ildə Təzəkənd tam orta məktəbini əla qiymətlərlə bitirib. Elə həmin il Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Coğrafiya ixtisasına daxil olub. 2019-cu ildə universiteti bitirib, hərbi xidmətə yola düşüb. Elə bu il qayıdan kimi müəllimlərin işə qəbulu imtahanında iştirak edərək mümkün 60 baldan 58-ni toplayaraq yüksək nəticə əldə edib: “Hərbi xidmətdən qayıdıb öz ixtisasım üzrə müəllim olmaq qərarına gəldim. Müəllimlik mənim üçün müqəddəs peşədir. İxtisasıma o qədər vurğunam ki, bəlkə də, elə coğrafiyanı şagirdlərə sevdirmək üçün müəllimlik peşəsini də bu qədər sevirəm. Dövlətimiz qarşısında öz vəzifələrini şərəflə yerinə yetirənlərdən biri olmaq arzusundayam. Bunlara nail olacağımı bilirəm, çünki özümə güvənirəm”.
Hər müsabiqə imtahanında uğur qazanan müəllimlərin çoxunun ucqar dağ kəndlərini, sərhəd kəndlərini seçməsinə gəldikdə nəticə göz önündədir. Bu gün muxtar respublikanın hansı kəndində və ya şəhərində yerləşməsindən asılı olmayaraq, bütün məktəblərdə bərabər imkanların yaradılması, təhsilin inkişafı istiqamətində atılan addımlar, bu sahəyə göstərilən xüsusi qayğı öz bəhrəsini verir. Artıq müəllim olmağı seçən istənilən muxtar respublika gəncinə hansı məktəbdə dərs deməyin və ya gedəcəyi yolun uzaqlığının fərqi yoxdur. Çünki Naxçıvanda ən ucqar dağ kəndinə belə, üz tutsaq, əvvəllər keçilməsi mümkün olmayan yollardan, tədrisi çətinlik yaradan məktəblərdən fərqli olaraq, mümkün olan ən qısa zamanda rahat yollar və ən müasir görkəmli məktəblər ilə rastlaşarıq. Bir zamanlar şəraitsiz məktəblərdə təhsildən yayınan şagirdlərdən, müəllimlərdən fərqli olaraq bu gün o məktəblərdə təhsil almağa və təhsil verməyə tələsənləri görürük. Bu isə muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının, yaradılan müasir təhsil infrastrukturunun, müəllim əməyinə verilən qiymətin, müəllim nüfuzunun artmasının nəticəsidir.

Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR