24 Oktyabr 2020, Şənbə

Ucu-bucağı görünməyən bir ümmana bənzəyən elm xəzinəsinin sirlərinə yiyələnmək üçün gərəkdir ki, bütün səy və bacarığını əsirgəmədən daim öz üzərində çalışasan, hər gün bir addım irəli getməyə nail olasan. Yalnız belə olan halda öz dünyagörüşünü dövrə uyğun şəkildə formalaşdıra, müstəqil fikir və əqidə sahibi kimi cəmiyyətdə üstün mövqe qazana bilərsən. Müasir dövrümüzdə elm və texnologiyanın günbəgün yeniləşdiyini nəzərə alanda elmli, təhsilli yetişməyin böyük mənada önəmli olduğu daha qabarıq şəkildə ortaya çıxır.

Muxtar respublikamızda da gənclərin elmə, təhsilə, müxtəlif sənət, peşə sahələrinə yiyələnmələri üçün hərtərəfli şərait yaradılır, təhsil müəssisələrində innovativ texnologiyalardan, müasir tədris metodlarından istifadə öz müsbət nəticələrini verir. Qəbul imtahanlarında əldə olunan uğurların yüksələn templə artması da məhz təhsil sahəsində görülən işlərin, bu istiqamətdə reallaşdırılan layihələrin bəhrələridir. Builki qəbul imtahanlarında qazanılan nailiyyətlər muxtar respublikamızın bütün bölgələri kimi Culfa rayonunun timsalında da ürəkaçandır. Onlardan biri də Teyvaz kənd tam orta məktəbinin məzunu Rifat İmanovdur. Rifat II ixtisas qrupu üzrə 640 bal toplayıb. İlk həmsöhbətim – Rifatın riyaziyyat müəllimi Sidqi Vəliyev şagirdi haqqında ürəkdolusu danışdı. Bildirdi ki, məktəbin builki abituriyentləri arasında Rifat ən yüksək nəticə göstərməklə təhsil müəssisəsinin adını ucaldıb. Bütün müəllimləri kimi mən də qürur hissi keçirirəm. Onun dərslərdəki fəallığı, dəqiq elmlərə, xüsusilə də riyaziyyata, coğrafiyaya hədsiz marağı məndə bu uşağın gələcəyinin parlaq olacağı fikrini yaratmışdı. Böyük Çin filosofu Konfutsi deyirdi ki, heç kim müvəffəqiyyət nərdivanını əlləri cibində çıxmayıb. Bəli, tanınmış sənət adamlarının, görkəmli şəxsiyyətlərin həyatına nəzər salanda aydın olur ki, onlar bu yüksək pilləyə asanca gəlib çatmayıblar. Həyatın keşməkeşli yollarında əsən burulğanlarla tez-tez üzləşiblər. Həyat mübarizləri sevir, gərək arxasınca getdiyin işin çətinliyi səni qorxutmasın, sonadək məqsədin naminə çalışasan. Bu baxımdan təcrübəmə əsaslanıb deyə bilərəm ki, bəzi şagirdlərin hər hansı fənnə marağı olsa da, onlar qarşılarına məqsəd qoymurlar. Nəticədə, uğur da qazana bilmirlər. Lakin Rifatda bu məqsədi hər zaman hiss etmişəm. O, riyaziyyat ixtisası üzrə fənn olimpiadalarında, müxtəlif bilik yarışlarında uğurlu iştirak ilə bizi qürurlandırıb. Sınaq imtahanlarında hər zaman yüksək bal toplayan Rifatın qəbulda da uğur qazanacağına şübhəmiz yox idi və o öz biliyi ilə biz müəllimlərinin inamını təsdiqlədi.
Rifat İmanov da qazandığı uğurun sevincini bölüşərək bildirdi ki, uşaqlıqdan böyüyəndə maliyyə, mühasibatlıq sahəsində çalışmağı qarşıma məqsəd qoymuşdum. Qəbul imtahanlarında topladığım balı da nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasını seçdim. İnanıram ki, arzumu həyata keçirməyi bacaracağam. Muxtar respublika üzrə tələbə adını qazanan bütün gənclər kimi, mənim üçün də daha bir əlamətdar hadisə Ali Məclisin Sədri ilə görüş oldu.

Ali məktəbə qəbul imtahanlarında yüksək müvəffəqiyyət əldə etmək başlıca amil olsa da, tələbələri dinlədikcə bu qənaətə gəlirsən ki, çox oxumaq uğur qazanmaq üçün kifayət deyil. Hədəfin yoxdursa, çətin ki, uğura doğru irəliləyib, müvəffəqiyyət qazanasan.
“İstənilən uğurun sirri özünəinam, məsuliyyət və səbirdədir”, – deyən Kamal Şahverdiyev III qrup üzrə 628 bal toplayaraq tələbə adını qazanan abituriyentlərimizdəndir. Naxçıvanda dünyaya göz açan Kamal şəhərdəki 3 nömrəli tam orta məktəbi bitirib. Öz bacarığı, qabiliyyəti ilə məktəbin sevimlisinə çevrilən bu şagirdin nailiyyət qazanmasında müəllimlərinin əməyi danılmazdır. Kamal məktəbdə keçirilən bütün bilik yarışlarında və tədbirlərdə fəallığı ilə seçilib. Dəfələrlə olimpiadalarda iştirak edib və mükafatlara layiq görülüb.
O, hələ kiçik yaşlarından vaxtını təhsilə, mütaliəyə həsr edib. Müasir dövrdə geniş yayılmış müxtəlif informasiya texnologiyaları vasitələrindən səmərəli istifadə edən Kamal Şahverdiyev deyir ki, uğur əldə etmək üçün mütləq hədəfin olmalıdır, qarşıya real məqsəd qoymalısan. Belədə,məncə, heç bir çətinlik insana mane ola bilməz. Təbii ki, bunun üçün təhsil mühüm şərtlərdən biridir. Yaxşı oxumalısan ki, gələcəkdə çalışacağın sahənin incəliklərini dərindən biləsən. Kamalın fikrincə, həyatda vətənpərvər olmaq da mühüm şərtdir. Əks təqdirdə çalışdığın sahəyə vicdanla xidmət etməyəcəksən.
Kamal Şahverdiyev söhbət əsnasında onu da, xüsusilə qeyd etdi ki, bu gün muxtar respublikamızda təhsilin inkişafı üçün böyük işlər görülür. Hər il yeni məktəb binaları tikilir, təhsil ocaqları müasir tədris avadanlıqları ilə təmin olunur. Mənim təhsil aldığım 3 nömrəli tam orta məktəbdə də tədris üçün hərtərəfli şərait var. Yəni müasir dövrdə şagirdlərin yaxşı oxumaması üçün heç bir səbəb yoxdur. Həmçinin şagirdlərin biliyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu il tam orta təhsili nailiyyətlərlə başa vuran bir qrup məzun “Qızıl” və “Gümüş” nişanlarla təltif olunub. Mən də onlardan biriyəm – “Qızıl” nişana layiq görülmüşəm. Elə bu etimadı da doğruldaraq qəbul imtahanında 628 bal toplamışam. Gələcəkdə hüquqşünas olmağı arzulayan Kamal deyir ki, hələ orta məktəb illərində oxuyarkən vətəndaşların hüquqlarını, qanunlarımızın aliliyini qorumaq başlıca məramım olub. Elə humanitar elmlərə marağım da III ixtisas qrupunu seçməyimi gerçəkləşdirib. Arzuma çatmaqda təhsil aldığım məktəbin pedaqoji kollektivinə borcluyam. Əlbəttə, mənim kimi, hər bir gəncin belə uğurlar qazanması dövlətimizin təhsilə olan yüksək diqqət və qayğısı sayəsindədir. Bunun müqabilində biz gənclərin üzərinə nümunəvi təhsil almaq və Vətənə layiqli övladlar kimi yetişmək vəzifəsi düşür. Bu gün əldə etdiyim nəticə hələ hər şeyə nail olmaq demək deyil. Mən bir gənc kimi bundan sonra da daha səylə çalışacağam ki, müəllim və valideynlərimin etimadını doğruldum.
Kamal deyir ki, muxtar respublikamızda artıq ənənə şəklini alan, yüksək bal toplayan məzunlarla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovla görüşdə mən də iştirak etdim. Həmin tarixi görüşdə muxtar respublika rəhbərinin səsləndirdiyi “Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsillə bağlıdır. Bu mənada, hərtərəfli təhsil alan gənclər ölkəmizin gələcək təminatçılarıdır. Tələbəlik illəri insan həyatının ən məsuliyyətli dövrüdür. Ona görə də təhsilinizi uğurla başa vurmaq, seçdiyiniz ixtisası dərindən öyrənmək, kamil mütəxəssis kimi yetişmək sizlərin qarşısında duran əsas vəzifələrdir. Biliklərə əsaslanan iqtisadiyyat, innovasiya yönümlü inkişaf yaşadığımız dövrün reallıqlarıdır. Buna gedən yol isə əldə olunan biliklərin istehsalatda tətbiqindən keçir. Çalışıb nəzəri biliklərinizi təcrübədə doğrultmalısınız” kimi dəyərli fikirləri mənim bundan sonrakı həyatıma işıq saçan mayak rolu oynayacaq. Bu gün mən Vətən qarşısında öz borcumu hiss edir və əminliklə deyirəm ki, göstərilən etimadı doğruldacaq, Azərbaycan gəncliyinin adına layiq olacağam.
Biz də gənclərimizi qazandıqları uğurlara görə təbrik edir, onlara ali təhsildə, həmçinin bundan sonrakı həyatlarında müvəffəqiyyətlər arzu edirik.
Bəli, elm, təhsil sərhədsiz bir ümmandır. Alimlər, müdrik insanlar bu ümmandan nə qədər bəhrələnsələr də, onun xəzinəsi tükənməyib, əksinə, elm dəryası daha da dərinləşib, saflaşıb. Həqiqətən də, yalnız elm və təhsilə dərindən yiyələnməklə xalqına, Vətəninə daha çox töhfə verə bilərsən. Sevindirici haldır ki, muxtar respublikamızda təhsilə, elmə böyük əhəmiyyət verən gənclərimizin sayı ilbəil çoxalır. Hər il ali təhsil müəssislərinə qəbul olunan məzunlar içərisində 500-700 arası bal toplayanların sayı artır. Bu isə hər birimizdə gələcəyə daha böyük inam yaradır. Çünki cəmiyyətin gələcək tərəqqisi ağıllı, bilikli gənclərin əlindədir.

 Nail ƏSGƏROV
 Gülcamal TAHİROVA

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR