19 Sentyabr 2020, Şənbə

(Tələbəlik illərimizi ziyası ilə aydınlatmış mərhum

professor Hüseyn Həşimlinin xatirəsinə)

     Tələbəlik illəri! Ömrünün bahar çağını yaşayan gənclərin gələcəyə boylanan arzularının çiçək açdığı ən gözəl günlər! Bütün ömrü boyu şirin xatirələrdə yaşayacaq bu günlərə çata bilmək üçün gecə-gündüz çalışıb müstəqil həyata qədəm qoyan gənclərin yaşadığı uzun bir yolun başlanğıcı. Tələbə gənclər bu yolda onlara yoldaş olacaq dərs auditoriyalarını, səs-küylü fakültə koridorlarını, həyəcanlı imtahanları və bərabər paylaşılan sevincli günləri də zaman-zaman ürəyinin tellərini sızladan bir nəğmənin ahəngindəki kövrək notlar kimi heç zaman unutmayacaqlar. Öyrənmək həvəsi ilə atıldığı tələbə dünyasında min bir zəhmətlə qazandığı elm boğçasındakı bəhrələr isə anasının halal südü kimi bütün ömrü boyu onların yoluna işıq tutacaq. Bu, tələbəlik illərindən başlayıb, heç bitib-tükənməyən elm-təhsil yoludur. 

   Müəllim tələbəlik illərinin ən dəyərli simasıdır. İlk dərs günündəki yaşadığı auditoriya həyəcanını ürəyindəki xatirə dəftərində kimsənin oxuya bilməyəcəyi gizli bir səhifədə əbədiləşdirən tələbə ilk qarşılaşdığı müəllimin gözlərindəki səbir və səmimiyyətlə, sanki indiyə qədər yaşamadığı işıqlı bir dünyanı tapmış kimi özünü ən xoşbəxt insan sayır. Məhz elə bu işıqdan aldığı güc və cəsarətlə müəlliminə etdiyi ilk xitabından aldığı rəvan, amma qətiyyətli cavablar tələbənin mənəviyyat dünyasında sel kimi dolub-daşacaq. Beləcə, müəllim tələbkarlığı, müəllim qayğıkeşliyinə ərköyünləşmiş tələbələr üzərindən illər, on illər keçsə də, gözlərində qəhrəmanlaşmış müəllimini bu dünyada həmişə sevgi sözcükləri ilə yada salıb, o dünyasına da rəhmət oxuyacaqlar.

    Tələbəlik həmişə sevinclə yaşanıb, sevgi ilə bitən, özündən sonra yalnız və yalnız gözəl xatirələrin yaşandığı bir dünyadır. Bu dünyanın köhnə sakinləri daha sonra rastlaşdığında əlaçı yoldaşlarının uğuruna paxıllıq edib daha sonra dərhal barışdıqlarını, sözü bir yerə qoyub bir gün dərsdən qaçdıqlarını, elə buna görə də hamıdan çox sevdiyi o müəllimdən də necə tənbeh yeməyi, ilk məhəbbətlərini tapmış qrup yoldaşlarının oğrun baxışlarını və bir də kəsirlərdən bezməyən tənbəl tələbələri heç vaxt unutmayacaqlar. İllər keçəcək, bir zaman qəbul imtahanında xəyalında olduğu diplomuna qovuşan, gözüyumulu onun qoxusunu da almaqdan doymayan tələbələr, sanki o şirin yuxuya bir də başlamaq üçün əllərini köksünə sıxıb, o anda bütün dünyanı yenidən qucaqlayıb, bağrına basmaq istəyəcək. Bu, həmyaşıdlarından bir addım irəlidə, müstəqil Azərbaycanın gələcəyinə doğru qətiyyətlə addımlayan bilikli gənclərimizin tələbə dünyasıdır.

     Bilik gününüz mübarək, əziz tələbələr!

Şəlalə CABBAROVA

Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin müəllimi

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR