19 Sentyabr 2020, Şənbə

(Reportaj)

Təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticə olaraq bir məqsədi var: sağlam və etibarlı gələcəyimizi təmin etmək. Çünki bu günümüzün gəncləri gələcəyimizi irəli aparan əsas kadr potensialıdır. Gələcəyimiz naminə həyata keçirilən təhsil islahatlarının nəticəsi isə, sözsüz ki, özünü ali təhsil müəssisələrinə qəbul imtahanlarında göstərir. Ümumtəhsil məktəblərinin məzunlarının həm buraxılış imtahanlarında, həm də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr əldə etməsi uğurlu təhsil islahatlarının nəticəsidir. Bunu bu il keçirilən qəbul imtahanlarının göstəriciləri də sübut edir. 2019-2020-ci tədris ilində də ali məktəblərə qəbulda yaxşı nəticələr əldə olunub. Belə ki, bu il muxtar respublika üzrə 275 abituriyent 500-dən yuxarı bal toplayıb. Yüksək bal toplayan abituriyentlərin 68-i Naxçıvan şəhər, 45-i Şərur, 40-ı Babək, 28-i Ordubad, 22-si Culfa, 5-i Kəngərli, 25-i Şahbuz, 2-si Sədərək rayonunun, 40-ı isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdır.

Artıq muxtar respublikamızda bu da bir ənənə halını alıb ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclər Bilik günü ərəfəsində daha həyəcanlı olurlar. Çünki təhsilimizin himayədarı, şagird və tələbələrin qayğıkeşi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun onlarla görüşü gözlənilir. Məhz bu görüş həmin gənclərimizdə gələcək uğurlara daha böyük stimul yaradır. Sentyabrın 12-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında yüksək bal toplayanlarla növbəti görüşdən çıxan gənclərdə də eyni həyəcan və sevinc hisslərinin şahidi olduq. Onlardan ən sevinclisi isə 692 balla muxtar respublikada ən yüksək nəticə göstərən Naxçıvan şəhər sakini İlham Hüseynquliyev idi. Bu ilin birincisi olduğu üçün çox sevindiyini və bunun üçün valideynlərinə borclu olduğunu bildirən İlham əminliklə yüksək bal toplamağın onun üçün gözlənilməz olmadığını bildirir: “Təbii ki, valideynlərimə bu sevinci yaşatmaq mənim üçün çox gözəl hissdir. Çox xoşbəxtəm. 692 bal toplamağımda oxuduğum məktəbin və eləcə də valideynlərimin rolu böyük olub.

Onlar həmişə mənə dəstək veriblər. Valideynlərim hər zaman mənə güvəndiklərini deyirdilər. Bu da məni daha da ruhlandırırdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüş isə hafizəmdə ən qiymətli, əziz xatirə olaraq qalacaq. Bu gün muxtar respublikada təhsil alan hər bir şagird bilikli olmaqla yanaşı, Vətənini sevən, milli dəyərlərə sadiq Azərbaycan vətəndaşı kimi formalaşır. Elə buna görə də harada oxumağımızdan, harada yaşamağımızdan asılı olmayaraq, ümummilli liderimizin irsinin və əməllərinin davamçıları olacağıq”.
Ordubad rayon Dırnıs kənd tam orta məktəbinin məzunu Günay Nadirova isə III qrup üzrə qəbul imtahanında 635 bal toplayıb. Muxtar respublikada təşkil edilən Azərbaycan dili və ədəbiyyatı üzrə fənn olimpiadasında dəfələrlə birinci yerə layiq görülüb. Xarici dil öyrənməyə hədsiz marağı olan Günay Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində təhsilini davam etdirmək istəyir. Müsahibim imtahanda yüksək bal toplayaraq müəllimlərini sevindirib. O deyir ki, uğur qazanmaq, məqsədə çatmaq üçün çox çalışmaq vacib şərtdir.
Aşağı Əndəmic kəndindən olan Aysun Rzazadə isə Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbinin yetirməsidir. III qrupa qəbul imtahanlarında 630 bal toplayan Aysun məktəb vaxtlarında qazandığı uğurlardan danışaraq qeyd edir ki, sınaq imtahanlarında həmişə yüksək nəticələr göstərib. Müxtəlif tədbirlərdə, eləcə də inşa yazı müsabiqələrində, fənn olimpiadalarında iştirak edərək bir sıra uğurlar əldə edib. Naxçıvan şəhərində “Muxtariyyət kuboku” uğrunda məktəblilər arasında təşkil edilən intellektual yarışda Ordubad rayonunun təmsilçisi kimi komandaları ilə birgə muxtar respublika üzrə qalib adını qazanıblar. Aysun deyir ki, pandemiya dönəmində onlayn dərslərdə aktiv iştirak edib, öz üzərində çox çalışıb, müəllimləri, ailəsi ona dəstək olublar. Aysun təhsilini Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə davam etdirmək istəyir. O deyir ki, dünya inkişaf etdikcə insan problemləri, insan həyatı daha aktual xarakter alır. Müstəqil dövlət quruculuğunda hüquqları bilmək, onların müdafiəçisinə çevrilmək vacib şərtlərdən biridir. Mən də bir vətəndaş kimi bu vəzifəni layiqincə yerinə yetirəcəyimə inanıram.
Muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısından, yaradılan müasir şəraitdən Şahbuz rayonunun gəncləri də səmərəli istifadə edir. Mühüm tarixi görüşdən sonra sevinc və həyəcanını paylaşdığımız Sələsüz kənd tam orta məktəbini bitirmiş Nərmin Məmmədova III ixtisas qrupu üzrə 619 bal toplayaraq bu il Şahbuz rayonu üzrə ən yüksək nəticə göstərib. Nərmin də qazandığı uğurlara görə, hər şeydən öncə, müəllimlərinə çox minnətdardır. O, seçimini Naxçıvan Dövlət Universiteti üçün edəcəyini bildirdi. Nərminin fikrincə, yaxşı hüquqşünas olmaqla, gələcəkdə cəmiyyətə faydalı olacaq. O, mütaliə etməyi və bilik yarışlarını izləməyi çox sevdiyini bildirərək deyir ki, müasir mütəxəssis hər sahədə özünü inkişaf etdirməli, bunun üçün də çox çalışmalıdır.
Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin məzunu Məryəm Məmmədova da özünü gələcəyin hüquqşünasları arasında görür. O da III ixtisas qrupu üzrə keçirilən imtahanlarda 602 balla yüksək nəticə göstərib. Sənədlərini Naxçıvan Dövlət Universitetinə təqdim edəcəyini bildirən Məryəm tələbəlik illərində də intellektual potensialını artırmaq üçün çox çalışacağını vurğulayır.
Növbəti müsahibimiz Yuxarı Qışlaq kənd tam orta məktəbinin məzunudur. Ofeliya Məmmədli qeyd edir ki, hələ lap aşağı siniflərdən yaxşı oxumağa çalışırdım. Böyük həvəslə oxudum, öyrəndim və sonda da zəhmətim sayəsində 599 balla tələbə adına layiq görüldüm. Arzum Naxçıvan Dövlət Universitetinin tələbəsi olmaqdır. Uğur qazanmağımla mənə dəstək olan valideynlərimin və müəllimlərimin zəhmətinin hədər getmədiyini düşünürəm. Bundan sonra da təhsil alacağım ixtisasın sirlərinə dərindən yiyələnməklə gələcəyin peşəkar kadrı kimi dövlətimə, Vətənimə layiq olmağa çalışacağam.
Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin məzunu olan Aygün Muradlı deyir ki, tələbə adını qazanan abituriyentlərə həmişə qibtə ilə baxırdım. Fikirləşirdim ki, gələcək həyatımda yaxşı bir yer tutmaq üçün, ilk növbədə, buna nail olmalıyam. Ətrafımda tələbəlik illərini yaşayan tanışlarım isə bunun üçün ancaq yaxşı oxumağın və əziyyətə qatlaşmağın vacib olduğunu deyirdilər. Nəhayət, mən də böyük həvəslə gözlədiyim tələbə adını bu günlərdə qazandım. Seçdiyim ixtisas qrupu üzrə 592 bal toplamışam. Ali təhsilimi Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində almaq arzusundayam. Gələcəyim üçün atdığım bu addımda özümü xoşbəxt sayıram.
Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki tam orta məktəbin məzunu Gülmirə Quliyeva qəbul imtahanlarında III ixtisas qrupu üzrə 590 bal toplayaraq tələbə adını qazanıb. Onunla səmimi söhbətimiz zamanı bildirdi ki, qəbul imtahanlarında uğur qazanmağımda başlıca amil məktəbimizdə yaradılmış müasir şərait, zəngin kitabxana, elektron lövhəli siniflər, fənn kabinələri və ən əsası müəllimlərimizin danılmaz zəhmətidir. Təhsil aldığım məktəb hərtərəfli maddi-texniki baza ilə təchiz olunub. Məsələn, informatika dərsləri əvvəllər nəzəri şəkildə tədris edilirdisə, bu gün artıq əyani olaraq kompüterlər vasitəsilə öyrədilir. Həmçinin dərslərin elektron lövhəli siniflərdə keçirilməsi də mövzunun tam şəkildə mənimsənilməsinə şərait yaradır. Təbii ki, bu da biliklərə yiyələnməyimizdə mühüm rol oynayır. Müəllimlərimiz hər bir dərsi dərindən öyrənib qavramağımız üçün səylə çalışır və bilmədiklərimizi bizə ətraflı izah edirlər. Fürsətdən istifadə edərək bizim üçün belə yüksək şərait yaradanlara və əziyyətimizi çəkən müəllimlərimə dərin minnətdarlığımı bildirirəm.
Xatirələrlə dolu olan uşaqlığının ən şirin günlərini 11 illik məktəb həyatı ilə bağlayan Elvina Həsənli həmişə çox sevdiyi müəllimlərinə oxşamağa çalışıb: “Onlar mənə insanın ən yaxşı yol göstərənin də, yoldaşının da kitablar olduğunu deyirdilər. Ona görə də zəhmətimin bəhrəsi olan bu günlər mənim ən xoşbəxt günlərimdir. Orta təhsil aldığım Şahbuz şəhər 1 nömrəli tam orta məktəbi yaxşı oxumaqla, əla qiymətlər almaqla başa vurdum. Ali məktəbə sənəd qəbulunda iştirak etdim. 589 bal toplayaraq tələbə olmaq arzusuna çatdım. Yaşadığım sevincdən müəllimlərimə, valideynlərimə daha çox pay düşür. Çünki onlar daim yanımda olaraq mənə düzgün yol göstəriblər. Buna görə də mən tələbə adını qazandığım üçün onlara minnətdaram”.
Badamlı qəsəbə tam orta məktəbinin məzunu Kazım Muradov isə 581 balla II ixtisas qrupunda Şahbuz rayonu üzrə ən yaxşı nəticə göstərib. O, uğur qazandığı orta məktəbinə, burada onların təlim-tərbiyəsi ilə məşğul olan müəllim kollektivinə çox minnətdardır. Gömrükçü olmağı arzulayan Kazım özünə layiqli peşə seçməklə gələcəkdə Naxçıvanın inkişafı üçün çalışacağını deyir. Ali məktəblərə qəbul imtahanlarına ciddi hazırlaşaraq, sınaq imtahanlarında və fənn olimpiadalarında fəal iştirak edərək uğur qazandığını deyən Kazım müəllimlərini bundan sonra da sevindirəcəyini bildirir.
Bilik sınağından üzüağ çıxmağın, muxtar respublika rəhbəri ilə tarixi görüşün təəssüratlarını öyrənmək üçün yaxınlaşdığımız Kükü kənd tam orta məktəbinin builki məzunlarından Fidan Məmmədli III qrup üzrə keçirilən qəbul imtahanlarında uğurlu nəticə göstərib və 565 balla valideynlərini və müəllimlərini sevindirib. Fidan ziyalı ailəsində böyüyüb. Babası və atası coğrafiya müəllimləri olsa da, onun ən böyük arzusu ingilis dili müəllimi kimi doğma kənddə dərs demək olub. Ona görə də Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasını seçəcək. Fidan deyir ki, istənilən xarici dili öyrənmək üçün ana dilimizi yaxış bilməliyik. O da Azərbaycan dili fənni üzrə keçirilən olimpiadanın qalibi olub, qəbul imtahanında bu fənn üzrə tam nəticə göstərib. Ən böyük arzusu isə ona dərs demiş müəllimlərini bundan sonra da sevindirməkdir.
“Hədəfin yoxdursa, çətin ki, uğura doğru böyük addımlar atıb, müvəffəqiyyətlər qazanasan” – deyən Günel Musayeva isə Kəngərli rayonunun Şahtaxtı kənd tam orta məktəbinin fəxrlərindəndir. 565 bal toplayaraq tələbə adını qazanan Günel Musayeva Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində təhsil aldığı illərdə öz biliyi və çalışqanlığı ilə müəllimlərin hörmətini qazanıb, eyni zamanda ictimai işlərdə fəallıq göstərib. Ali məktəblərə qəbul olmaq üçün I ixtisas qrupu üzrə imtahan verən Günelin arzusu isə Riyaziyyat-informatika müəllimliyi ixtisasını seçərək təhsilini davam etdirməkdir. O deyir ki, bugünkü görüşdən sonra qazandığım uğur üçün qürur hissi keçirir və özümü çox xoşbəxt hiss edirəm. Çalışacağam ki, bundan sonra da mənə inananların etimadlarını doğruldum.
Kəngərlinin yüksək nəticə əldə edən digər fəxri isə Səriyyə Axundovadır: “Orta təhsili başa vurduğum Böyükdüz kənd tam orta məktəbində oxuduğum illərdə vətəndaşların hüquqlarını, qanunlarımızın aliliyini qorumaq ən ümdə arzum, istəyim olub. Elə humanitar elmlərə marağım da III ixtisas qrupunu seçməyimi gerçəkləşdirdi. Qəbul imtahanlarında topladığım 564 balla ixtisas seçimi edərək Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olmaq arzusundayam. Arzuma çatmaqda təhsil aldığım məktəbin pedaqoji kollektivinə borcluyam. Əlbəttə, mənim kimi hər bir gəncin belə uğurlar qazanması dövlətimizin təhsilə olan yüksək diqqət və qayğısı sayəsindədir. Bu gün əldə etdiyim nəticə hələ hər şeyə nail olmaq demək deyil. Mən bir gənc olaraq bundan sonra da daha səylə çalışacağam ki, müəllimlər və valideynlərimin etimadını doğruldum. Çünki məhz onların gərgin zəhmətləri yolumu işıqlandırır”.
Qıvraq qəsəbəsində böyüyüb boya-başa çatan və elə həmin qəsəbənin tam orta məktəbini müvəffəqiyyətlə bitirən Nərmin Ələkbərova IV ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edərək yüksək nəticə göstərən abituriyentlərdəndir. 522 bal toplayan Nərminin ən böyük arzusu həkim olmaqdır. Bu arzumu gerçəkləşdirmək üçün isə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini seçərək həmin universitetin tələbəsi olmaq arzusu ilə bizim üçün bugünkü tarixi görüşə gəldim. Bu görüş məni daha çalışqan olmağa və ixtisasıma dərindən yiyələnməyə ruhlandırır. Qəbul imtahanlarında yüksək nəticə göstərdiyim üçün, ilk növbədə, dövlətimizə borcluyam. Yaradılan hərtərəfli şərait qarşılığında isə biz gənclər, sadəcə, yaxşı oxumaqla kifayətlənməməli, həm də gələcəyin peşəkar mütəxəssisi kimi yetişib Vətənə layiqli xidmət etməliyik.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sözügedən görüşdə deyib: “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Müdriklər də deyirdi ki, hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsillə bağlıdır. Bu mənada, hərtərəfli təhsil alan gənclər ölkəmizin gələcək təminatçılarıdır. Tələbəlik illəri insan həyatının ən məsuliyyətli dövrüdür”. Tələbə adını qazanan gənclər bu məsuliyyəti dərk edərək ali təhsil ocaqlarında hərtərəfli təhsil alıb, yaxşı bir mütəxəssis kimi Azərbaycanın gələcəyinə xidmət edəcəklər. Orta məktəb həyatı ilə vidalaşıb yeni, müstəqil bir həyata qədəm qoyan, dünənin şagirdləri, bu günün tələbələri, sabahın layiqli vətəndaşları olacaq bu bacarıqlı gənclərin məqsədlərinə çatması üçün bir daha onlara uğurlar arzu edirik.

 Gülcamal TAHİROVA
 Güntac ŞAHMƏMMƏDLİ
 Telli MƏMMƏDOVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR