28 Sentyabr 2020, Bazar ertəsi

Dünən muxtar respublikanın təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlərin iştirakı ilə Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Onlayn konfransı giriş sözü ilə Təhsil naziri Rəhman Məmmədov açaraq təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövr ərzində 10 ümumtəhsil məktəbi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur Rayon Uşaq-Gənc­lər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizim­-Diyarşünaslıq mərkəzlərində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər yaradılıb. Hazırda da bu sahədə işlər davam etdirilir.

Muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb, 2019-2020-ci tədris ilində 4 müəllim Azərbaycan Respublikasının, 6 müəllim isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 4 müəllim və 1 dövlət qulluqçusu isə “Tərəqqi” medalı ilə təltif edilib. Bununla yanaşı, Ali Məclis Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə istedadı ilə seçilən şagirdlərdən 2-nin adı Naxçıvan Muxtar Respublikasının “Qızıl kitabı”na yazılıb, onlar xüsusi aylıq təqaüdə layiq görülüblər.
Qeyd edilib ki, ötən tədris ilində yaradılan şəraitdən səmərəli istifadə olunması diqqətdə saxlanıb, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər, konfranslar keçirilib, müəllimlərin işə qəbulu prosesində şəffaflıq və obyektivlik təmin edilib.
Nazir vurğulayıb ki, təhsilə göstərilən dövlət qayğısının bəhrəsi olaraq 2019-2020-ci tədris ilində də şagirdlər müxtəlif səviyyəli bilik yarışlarında, buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda uğurlu nəticələr qazanıb. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasını bitirən məzunlardan 17-si qızıl, 17-si gümüş nişana, 34-ü fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 52 nəfər fərqlənmə attestatına layiq görülüb. Muxtar respublika üzrə şagirdlərimizdən 4-ü I, 7-si II, 13-ü isə III yer olmaqla, ümumilikdə, 24-ü respublika fənn olimpiadasında qalib gəlib. Məzunlarımızın buraxılış imtahanlarındakı nəticələri ötən illə müqayisədə xeyli artıb. Belə ki, 100-300 bal arası nəticə göstərən məzunların sayı 1490 nəfər olub ki, bu da ötən ildəki göstəricidən 10 faiz, yaxud 130 nəfər çoxdur. Buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 1437-si, yaxud 62 faizi 200 baldan yuxarı nəticə göstərib ki, onlardan da 275-i 500-dən yuxarı bal toplayıb. Ötən il ali məktəblərə qəbulda muxtar respublikanın 100 məktəbinin məzunları 500-700 arası nəticə göstərmişdirsə, cari tədris ilində bu nəticəni qazanan məktəblərin sayı 10 faiz artaraq 110 olub.
Təhsil naziri ümumtəhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlardan da danışaraq bildirib ki, tədris prosesindən səmərəli istifadə edən, şagirdlərin bilik səviyyəsinin daim yüksəldilməsinə çalışan pedaqoji kollektivlərlə yanaşı, tədrisin keyfiyyətinə lazımi şəkildə nəzarət etməyən məktəblər də vardır. Nazir mövcud nöqsanların aradan qaldırılması istiqamətində qarşıda duran vəzifələrdən də danışıb.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR