16 Avqust 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil ­Nazirliyi tərəfindən şəhər və rayon Təhsil şöbələrinin əməkdaşları və muxtar respublika ümumtəhsil məktəbləri direktorlarının iştirakı ilə pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin sertifikasiyası ilə bağlı onlayn müşavirə keçirilib.

Təhsil naziri Rəhman Məmmədov son illər muxtar respublikada təhsilin inkişafı istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdən danışıb. Bildirib ki, ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən 2020-2021-ci tədris ilindən başlayaraq muxtar respublikada müəllimlər ödənişsiz və mərhələli şəkildə sertifikasiyaya cəlb ­olunacaqlar.
Vurğulanıb ki, sertifikatlaşdırma ilə bağlı nazirlik tərəfindən hazırlıq işləri aparılır. Bu gündən prosesin şəffaf və obyektiv təşkili məqsədilə 5-i Təhsil Nazirliyi, 2-si isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşı olmaqla, ümumilikdə, 7 nəfərdən ibarət Sertifikatlaşdırma Şurası yaradılır. Şura sertifikatlaşdırmanın aparılması ilə bağlı təşkilati işlərə başlayacaq, sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulan təhsilverənlərin siyahısını müəyyənləşdirəcəkdir.
Nazir şuranın Əsasnaməsi ilə bağlı müvafiq tapşırıqlar verib, şura üzvləri arasında vəzifə bölgüsü aparıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən birgə keçiriləcək sertifikasiya 2 mərhələdə – test və müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə aparılacaqdır.
Test mərhələləri və təkrar sertifikatlaşma haqqında ətraflı məlumat verən nazir bildirib ki, sertifikatlaşdırmanın test mərhələsində minimum 30, müsahibə mərhələsində isə azı 20 bal toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunacaq və onlara sertifikat veriləcək. Lakin hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, eyni zamanda uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçməyəcəklər. İlk dəfə işə qəbul olunanlar 5 ildən sonra sertifikasiya olunacaqlar.
Nazir qeyd edib ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Qaydaya əsasən təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər və təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
Bildirilib ki, sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq.
Sonra şəhər və rayon Təhsil şöbələrinin müdirləri sertifikasiyaya hazırlığın vəziyyəti, görülən işlər haqqında məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR