07 İyul 2020, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetinin təşəbbüsü ilə “Clarivate Analytics” Təhsil Şirkətinin Təhsil proqramları üzrə şöbəsinin rəhbəri Valentin Boqorov “Web OF Science” elmi məlumat bazasının imkanları və effektiv istifadə qaydalarına, beynəlxalq nüfuzlu jurnallara çıxış əldə olunmasına dair vebinar təlim keçib.

Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev universitetdə ali təhsilin və elmi tədqiqatçılığın davamlı inkişafı, elmi kadr potensialı barədə ətraflı məlumat verib. Qeyd edilib ki, ali təhsil ocağında aparılan elmi-tədqiqat nəticələri, əsasən, universitetin 4 seriyadan ibarət “Elmi əsərlər” jurnalında nəşr olunur. Bildirilib ki, son 10 ildə universitet əməkdaşlarının 1135 elmi məqaləsi, 335 tezisi xaricdə dərc olunub ki, onlardan 80-i “Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) yüksək impakt faktorlu jurnalların payına düşür. Elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və inkişaf etdirilməsi, elmi tədqiqatların əlaqələndirilməsi gələcək perspektiv kimi diqqətə çatdırılıb. Rektor universitetin “Elmi əsərlər” jurnalının “Web Of Science” də indeksləşməsi bazasına daxil olmasını gələcək fəaliyyət istiqaməti kimi önə çəkib.
“Clarivate Analytics” şirkətinin Azərbaycan, Gürcüstan və Ukrayna üzrə nümayəndəsi Sevinc Səfərova təlimin məqsədindən, gələcək əməkdaşlığın perspektivlərindən danışıb.
“Müasir elmi-tədqiqatçılar üçün informasiya vasitələri” mövzusunda çıxış edən Valentin Boqorov qeyd edib ki, hazırda Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science” elmi platformasına çıxış imkanına malikdir. Vurğulanıb ki, son 5 ildə Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin ölkə üzrə ümumi sayı 74 faiz artıb, ali təhsil müəssisələri üzrə müvafiq göstərici 88 faiz təşkil edib. “Web of Science” elmi bazasında 2017-ci ildə 1160 elmi-tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə Azərbaycan üzrə publikasiya sayında rekord göstəricidir. Həmin məqalələrin, təxminən, 43 faizi ali təhsil müəssisələrinin payına düşüb. “Web of Science” bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan son 3 ildə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerdə qərarlaşıb. 2015-ci ildə Azərbaycandan cəmi 2 jurnal “Web of Science” bazasında indeksləşdirilmişdirsə, 2017-ci ildə bu göstərici 7-yə çatıb, 2018-ci ildə isə ölkəyə bu sahədə liderlik qazandırıb.
Şirkət təmsilçisi qeyd edib ki, “Clarivate Analytics” şirkəti ilə Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın növbəti 3 il ərzində davam etdirilməsinə dair qəbul edilmiş qərar, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2018-2021-ci illəri əhatə edən əməkdaşlıq üzrə Fəaliyyət Planı Azərbaycanda elmin inkişafına böyük təkan verəcək.
Sonra “Web of Science” bazasından istifadə qaydaları, bu şəbəkənin məlumat bazasında yerləşən elmi məqalələr, onlardan istifadə yolları haqqında məlumat verilib.
Sonda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Nахçıvаn Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov, “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva mövzu ətrafında çıxış ediblər.

Səadət Əliyeva

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR