04 İyul 2020, Şənbə

Bu gün muxtar respublikada təhsil sahəsində aparılan uğurlu islahatlar, təhsilin diqqət və qayğı ilə əhatə olunması bu sahənin gündən-günə daha da inkişafına və gələcəyimiz olan uşaqların istedadlı, bilikli və vətənpərvər gənclər kimi yetişməsinə ən layiqli töhfəsini verməkdədir. 

İllərdir ki, istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını möhkəmlətmək üçün bu istiqamətdə müxtəlif tədbirlərin həyata keçirilməsi bunun bariz ifadəsidir. Xüsusi istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə marağın artırılması, onların öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədilə olimpiadaların təşkil edilməsi isə məktəblilər arasında sağlam bilik rəqabəti və bunun sayəsində daha da yüksək nailiyyətlərin əldə olunması ilə nəticələnir.

Hər il olduğu kimi, bu il də fənn olimpiadalarında məktəblilərimiz yüksək nailiyyətlər əldə etdilər. Bu il respublika fənn olimpiadalarında muxtar respublika məktəbliləri 4 qızıl, 7 gümüş, 13 bürünc olmaqla, 24 medal qazanıblar. Bu isə təhsil sahəsində uğurlarımızın ildən-ilə daha da yüksəldiyinin göstəricisidir.
2019-2020-ci tədris ili ərzində keçirilən respublika fənn olimpiadalarında uğurları ilə seçilən və qızıl medala layiq görülən məktəblilərimizi tanıyaq:

Siyavuş Bağırov 2003-cü il avqustun 23-də Naxçıvan şəhərində anadan olub. O, 2009-cu ildə Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin I sinfinə qəbul edilib. Həmin məktəbin XI sinfini başa vuran Siyavuş təhsil aldığı müddətdə dəfələrlə müxtəlif müsabiqələrdə iştirak edərək qatıldığı hər müsabiqədən qalib ayrılıb. IX sinfi fərqlənmə attestatı ilə bitirən Siyavuşun adı Ali Məclis Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınıb, Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb.
O, ilk dəfə VIII sinifdə oxuyarkən olimpiadaya qatılıb, riyaziyyat fənni üzrə I yerə layiq görülüb, X-XI siniflərdə muxtar respublika fənn olimpiadasında tarix fənni üzrə iki dəfə I, respublika fənn olimpiadasında isə tarix fənni üzrə ilk dəfə gümüş, ikinci dəfə isə qızıl medal qazanıb.
“Xəmsə” və “Nuh yurdu” intellektual oyunlarında dəfələrlə iştirak edib, məktəb kollektivi ilə iki dəfə muxtar respublika, bir neçə dəfə isə şəhər çempionu olub. 3 il davamlı olaraq muxtar respublikanı Bakıda “Xəmsə” yarışında təmsil edib, iştirak etdiyi komanda 2019-cu ilin dekabr ayında Azərbaycandakı 100-dən çox komanda arasında “İlin ən yaxşı klubu” adına layiq görülüb.
Muxtar respublikada yeniyetmələr arasında ilk dəfə keçirilən “Breyn-Rinq” intellektual oyununda I yerə çıxaraq muxtar respublika çempionu adını alıb.
İlk dəfə öz sinif yoldaşı Araz Qulusoyla birlikdə “Sabahın alimləri” IX Respublika müsabiqəsində muxtar respublikanı təmsil edib, hazırladıqları layihə Elmi Ekspertiza Komitəsi tərəfindən III yerə layiq görülüb.
2014-cü ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş “Naxçıvan Open” şahmat festivalında ikinci yerə sahib olub.

Həsən Cahangirlinin də uğurları qürurvericidir. 2003-cü il iyunun 24-də Naxçıvan şəhərində anadan olan Həsən 2009-cu il Naxçıvan şəhər Cəmşid Naxçıvanski adına 11 nömrəli tam orta məktəbin I sinfinə qəbul edilib, bu il isə həmin məktəbin məzunudur. 


Öz həmyaşıdları arasında dəqiq elmlərə olan marağı, bilik və bacarığı ilə hər zaman fərqlənib, bir çox bilik yarışlarında, intellektual oyunlarda da oxuduğu məktəbi yüksək səviyyədə təmsil edib.
Riyaziyyat fənni ilə bağlı muxtar respublikada keçirilən bilik yarışlarında, fənn olimpiadalarında dəfələrlə yer qazanıb, diplomlarla təltif olunub, 2017-ci ilin fevral ayında keçirilən muxtar respublika fənn olimpiadasında fizika fənni üzrə VIII sinif şagirdləri arasında II yerə layiq görülüb. Elə həmin ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Məktəblilərin fənn olimpiadasında riyaziyyat fənni üzrə IX sinif şagirdləri arasında II yerə, 2019-cu ildə X sinif şagirdləri arasında riyaziyyat fənni üzrə III yerə, növbəti muxtar respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə isə XI sinif şagirdləri arasında I yerə layiq görülüb, diplomla təltif olunub.
2020-ci ilin iyun ayında keçirilən respublika fənn olimpiadasının final mərhələsində uğurla iştirak edən Həsən riyaziyyat fənni üzrə I yerin qalibi kimi qızıl medala layiq görülüb.
O həm də dəfələrlə şahmat üzrə Naxçıvan şəhər birinciliyində iştirak edib, I və II yerlərə layiq görülərək diplomlarla təltif olunub.
2019-cu il Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən muxtar respublikanın IX-XI sinif şagirdləri arasında keçirilən “İnteqrasiya inteqrativ-intellektual oyunu” üzrə “Muxtariyyət kuboku” uğrunda yarışda III yerə, elə həmin ilin dekabr ayında “Muxtariyyət kuboku” uğrunda Naxçıvan şəhər məktəbliləri arasında keçirilən seçimdə I yerə, 2020-ci ilin fevral ayında Naxçıvan şəhərində yeniyetmələr arasında keçirilən “İntellektual oyunlar olimpiadası”nın şəhər birinciliyində isə “Poliqon” strateji intellektual oyunu üzrə III yerə layiq görülüb.

Nəriman Həsənov 2003-cü il fevralın 27-də Ordubad rayonunda anadan olub. 2009-cu ildə rayonun Nüsnüs kənd tam orta məktəbinə qəbul edilib, bu il isə həmin məktəbdən məzun olub. Bu günə kimi istər məktəbdaxili, istərsə də məktəblərarası bilik yarışlarında fəal iştirakı ilə seçilib, keçirilən sınaq imtahanlarında hər zaman yüksək nəticələr əldə edib, muxtar respublika fənn olimpiadalarında biologiya fənni üzrə bütün mərhələlərdə birinciliyə sahib olub. İstedadlı yeniyetmə ötən il rayonda keçirilən məktəblərarası “Xəmsə” yarışmasında iştirak etdiyi komanda ilə birlikdə I yeri qazanıb.
Respublika fənn olimpiadasında biologiya fənni üzrə yarımfinal və final turlarında I yerin qalibi olaraq qızıl medala layiq görülüb.
Nicat Əlizadə 2005-ci il mayın 24-də Sədərək rayonunun Sədərək kəndində anadan olub. 2011-ci ildə rayonun Heydərabad qəsəbə tam orta məktəbinin I sinfinə qəbul edilib, 2017-ci ildə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanında yüksək nəticə göstərib, VII sinifdən təhsilini liseydə davam etdirib və artıq həmin liseyin IX sinfini bitirib.

İstər Heydərabad qəsəbə tam orta məktəbində, istərsə də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə hər zaman öz nailiyyətləri ilə seçilib, liseyin VII sinfində təhsil alarkən muxtar respublika sınaq imtahanlarında 670 balla II yerə, 2018-ci ildə keçirilən sınaq imtahanlarında isə 674 balla II yerə layiq görülüb. 2019-cu ildə isə muxtar respublika fənn olimpiadasında II yeri tutaraq diplomla təltif edilib. Bu tədris ili ilk dəfə keçirilən Beynəlxalq riyaziyyat olimpiadasında II, respublika fənn olimpiadasının riyaziyyat fənni üzrə final turunda isə I yerin qalibi olub. Bundan başqa, başa vurduğumuz tədris ili ərzində keçirilən IX sinif üzrə buraxılış imtahanında da yüksək nəticə qazanıb.
Bütün bunlar şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün yaradılan əlverişli şəraitin və ümumiyyətlə, muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Qarşıda məzunları qəbul imtahanları gözləyir. İnanırıq ki, bütün bu nailiyyətlərin nəticəsi olaraq bu günün qızıl medal mükafatçıları qəbul imtahanlarında da yüksək nəticələri ilə birinci olacaq, dövlətə, millətə layiqli vətəndaş kimi formalaşacaqlar.

Ülviyyə HACIYEVA

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR