14 İyul 2020, Çərşənbə axşamı

Bu gün təhsil quruculuğu, təhsilin müasir tələblər səviyyəsində inkişafı muxtar respublikamızda aparılan uğurlu siyasətin əsas prioritet istiqamətini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində diyarımızda müasir təhsil infrastrukturu yaradılıb, orta, orta ixtisas və ali təhsil, həmçinin elm müəssisələri üçün müasir tələblərə cavab verən binalar tikilib, həmin obyektlərin maddi-texniki bazaları gücləndirilib. 

Təhsil siyasətinin əsas istiqamətlərindən birini də muxtar respublikada ixtisaslı kadr hazırlığı təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə yüksəkixtisaslı kadr hazırlığı və innovasiyaların yaradılması istiqamətində yeni vəzifələr müəyyənləşdirilmişdir. Bu sərəncam hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqələri genişləndirməklə yanaşı, insan kapitalının inkişafına xidmət etmiş, kreativ düşüncəli yeni nəslin formalaşmasına, gənclər tərəfindən irəli sürüləcək yeni startap layihələrin dəstəklənməsinə öz müsbət təsirini göstərmişdir. Adıçəkilən sərəncam təhsilin inkişafında yeni mərhələnin əsasını qoymuş, təhsil müəssisələrində yaradıcı düşüncə və inkişafa xidmət edən layihələrin hazır­lanmasına geniş imkanlar açmışdır. Bunun nəticəsidir ki, muxtar respublikada təhsilin inkişafı, innovativ tədris üsullarının tətbiqi istiqamətində bir sıra layihələr icra olunur.

Naxçıvanda elektron təhsilin tətbiqini genişləndirmək, təhsil müəssisələrində virtual tədris mühiti formalaşdırmaq, tədrisin əyaniliyini və səmərəliliyini artırmaq da diqqət mərkəzindədir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il 20 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu sərəncam təhsil sahəsində interaktiv əlaqələrin təşkilində, distant təhsilin reallaşdırılmasında uğurların qazanılmasına şərait yaratmışdır.
Sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində muzeylərlə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Şahmat Mərkəzi və Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzi ilə interaktiv dərslər keçilmiş, məktəblərlə virtual əlaqə yaradılmış və şagirdlərin əyani şəkildə Azərbaycanın tarixi və mədəniyyətinə, milli-mənəvi irsimizə və digər mövzulara aid biliklərinin artırılması təmin edilmişdir. Həmçinin interaktiv dərslər vasitəsilə məktəblilər görkəmli şəxslərin həyat və yaradıcılığı ilə ətraflı şəkildə tanış olmaq imkanı əldə etmişlər. İnteraktiv dərslər şagirdlərin biliklərinin artmasına əsaslı şəkildə təkan vermişdir.

“Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəsi və elmi adı olan alimlərinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində təşkil edilən nümunəvi dərslər isə həmin müəllimlərlə ümumtəhsil müəssisələri arasındakı əlaqələri gücləndirir, şagirdlərdə tədris olunacaq fənlərə qarşı yeni yanaşma aşılayır, onların gələcək peşə seçimlərində düzgün qərar vermələrinə müsbət təsir göstərir. Həmçinin ümumtəhsil məktəblərində nümunəvi dərslərin təşkili yeni, gərəkli və davamlı proses olmaqla, təhsildəki sistematikliyin və ardıcıllığın möhkəmlənməsinə, qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin daha da dərinləşməsinə, şagirdlərin hərtərəfli hazırlığına layiqincə xidmət göstərir.
Məktəbin pedaqoji və şagird kontingenti ilə əlaqələrin gücləndirilməsinə, keçilən dərslərin daha da maraqlı təşkil olunmasına geniş imkan yaradan nümunəvi dərslər tədrisdə yeni keyfiyyətlərin qazanılmasına, müəllim və şagirdlərin qarşılıqlı fikir mübadiləsində birgə iştirakına, fərqli dərs mühitinin yaradılmasına mühüm töhfələr vermişdir. Təkcə 2019-2020-ci tədris ilində 917 saat nümunəvi dərs tədris edilmişdir ki, belə dərslərin təşkilində elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması üçün mövzuların seçimi diqqətdə saxlanılmış, yuxarı sinif şagirdlərində ali təhsil müəssisələri ilə bağlı ilkin təsəvvürün formalaşmasına, şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsinə səy göstərilmişdir.
Yuxarı sinif şagirdlərində elmə və ixtisas biliklərinə maraq aşılanması, elmi tədqiqatçılıq vərdişlərinin formalaşmasında “Sabahın tədqiqatçıları” layihəsinin də mühüm əhəmiyyəti vardır. Bu layihə təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsinə, onların elmi və yaradıcılıq fəaliyyətlərinin stimullaşdırılmasına, intellektual potensiallı məktəblilərin aşkar edilməsinə xidmət edir. AMEA Naxçıvan Bölməsi ilə birgə keçirilən layihə çərçivəsində alimlər tərəfindən xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər elmi himayəyə götürülmüş, onlarla birgə müəyyən edilmiş istiqamətlərdə tədqiqatlar aparılmışdır. Qısa zaman ərzində tətbiq olunmasına baxmayaraq, layihə çərçivəsində şagirdlərimiz bir sıra uğurlar əldə etmişlər. Belə ki, layihə çərçivəsində bu günədək, ümumilikdə, 6 fərqli layihə üzrə 8 şagird ölkədaxili və beynəlxalq müsabiqələrdə iştirak edərək müxtəlif yerlərə layiq görülmüşdür. Onlardan 2-si “Sabahın alimləri” IX Respublika müsabiqəsində 3-cü yerin qalibi olmuş, digərləri isə Rusiyanın müxtəlif şəhərlərində keçirilən yarışlarda müvafiq yerləri tutmuşlar.

Muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına xidmət edən “Sabahın müəllimi” layihəsi çərçivəsində isə pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilir, ümumtəhsil məktəblərində pedaqoji təcrübələrin təşkilinə xüsusi diqqət yetirilir, ixtisaslı kadr hazırlığını yaxşılaşdırmaq məqsədilə ali təhsil müəssisələrinin dərslik və metodik vəsaitlərlə təmin olunması diqqətdə saxlanılır, sabahın müəllimlərinin innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni əks etdirən yeni layihələri (startaplar) dəstəklənir, məzunlar ümumtəhsil müəssisələrində olan vakansiyalar və işə qəbul qaydaları ilə tanış edilir, dərslik və metodik vəsaitlərin müzakirələrində iştirak edir, müəllim təcrübəsi paylaşılır.
Ötən tədris ilindən tətbiq edilən “Sabahın müəllimi” layihəsi ali məktəblərdə ixtisaslı kadr hazırlığına, bunun da nəticəsində ümumtəhsil məktəblərinin daha peşəkar, innovativ təcrübə əldə etmiş müəllimlərlə təminatına öz töhfəsini verməkdədir. Təhsil Nazirliyi hamiliyə verilmiş pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrlə bir sıra tədbirlər təşkil etmiş, onların ümumtəhsil məktəblərində təcrübə keçmələrinə şərait yaratmışdır.
Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, ümumtəhsil müəssisələri ilə yanaşı, məktəbdənkənar tərbiyə müəssisələrində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə cari tədris ilində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 12 adda yeni innovativ dərnəklər – Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Sürətli oxu, Dulusçuluq, Xalçaçılıq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma, Ebru sənəti, Qum sənəti, Dram və Gimnastika dərnəkləri fəaliyyət göstərir ki, həmin dərnəklər də zəruri avadanlıqlarla təchiz edilmişdir.
Uşaqların bilik və bacarıqlarının aşkarlanaraq daha da təkmilləşdirilməsində dərnəklərin böyük rolu var. Bu il Ali Məclis Sədrinin tapşırığına əsasən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə Robotexnika və Mental aritmetik, Şərur rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Rəqs, Rəsm, Xalçaçılıq, Bijuteriya, Ebru sənəti, Toxuculuq, İngilis dili, Texniki Yaradıcılıq Mərkəzində Robotexnika, Mental aritmetik, Ağac üzərində oyma, Ağac üzərində yandırma, Bədii tikmə, Qum sənəti, Metal üzərində bədii döymə, Turizm-Diyarşünaslıq Mərkəzində isə Dulusçuluq və Heykəltəraşlıq dərnəkləri yaradılmışdır. Dərnəklərin yaradılması şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələrində və biliklərinin artırılmasında çox böyük rol oynayır.
Ali Məclis Sədrinin tapşırığı əsasında “İstedadlı şagirdlər” albom-kataloqunun nəşr olunması isə muxtar respublikada istedadlı şagirdlərə göstərilən dövlət qayğısının daha bir təzahürüdür. Albom-kataloqda, ümumilikdə, innovativ dərnəklərin üzvlərindən 67 şagirdin dulusçuluq, metal üzərində bədii döymə, ağac üzərində oyma, toxuculuq, bədii tikmə kimi müxtəlif yaradıcılıq nümunələri yer almışdır.
Muxtar respublikada uşaqların yalnız tədris prosesindəki fəaliyyəti deyil, eyni zamanda asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq mühitində böyüməsi, intellektli və sağlam yetişmələri də diqqətdə saxlanılır. “Dərsdən sonra” və “Həftəsonu” layihələri də məhz uşaqların asudə vaxtının və tərbiyəsinin düzgün təşkilinə, onların intellektual inkişafı və istedadlarının üzə çıxarılmasına xidmət edir.
Təhsildə innovativ layihələrin tətbiq edilməsi müasir təhsilin təkamülündə özünü doğruldan, geniş və çoxcəhətli təşəbbüs və yenilikləri əks etdirən, təlimin bütün forma və vasitələrinin inkişafına pozitiv təsir göstərən yeniləşmə tendensiyasıdır.
Muxtar respublika təhsilində də keçirilən innovativ layihələr iştirakçıların xüsusi fəallığına səbəb olmuşdur. Heç şübhəsiz ki, təhsil sistemində aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi təhsilalanların və təhsil­verənlərin potensiallarının inkişafına stimul verəcək. Muxtar respublikada yaradılmış müasir təhsil infrastrukturu bu sahəyə göstərilən dövlət qayğısının nəticəsində mümkün olmuşdur. Bütün bunlar gələcəkdə də təhsilin inkişafına xidmət edəcək yeni layihələrin həyata keçirilməsinə geniş imkanlar açır.

Ülviyyə Hacıyeva

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR