27 Sentyabr 2020, Bazar

Tələbəyönümlü öyrənmə sistemi ilk dəfə “Nəticələrə əsaslanan tələbə mərkəzli öyrənmə”a dı ilə 2007-ci ildə Bologna prosesində iştirak edən ölkələrin təhsil nazirlərinin London təlimi zamanı tətbiq edilmişdir. Daha sonra tələbə mərkəzli öyrənmə daha əhatəli formada hazırlandı. “Tələbə-mərkəzli öyrənmə tələbələrə səlahiyyətlərini inkişaf etdirməyə və əmək bazarında rəqabətə davamlı, aktiv və məsuliyyətli vətəndaşlar olma fürsəti verir”.

Bildiyimiz kimi, ənənəvi təhsil sistemində müəllimin fəaliyyətinə üstünlük verilir və onun bilik və bacarıqları tələbəyə ötürülür. Bu zaman tələbələr auditoriyada sadəcə passiv dinləyici kimi iştirak edir və mühazirələrə aid qeydlər götürürlər.

Lakin müasir təhsil prosesinin məqsədi isə tamamilə fərqlidir, yəni burada əsas məqsəd tələbələrin özünüidarəetmə qabiliyyətini inkişaf etdirmək, analitik təhlil, sərbəst düşünmə, nəzəri bilikləri praktiki yollarla dərinləşdirmək və nail olduqları bilik və bacarıqları gələcək peşə fəaliyyətlərində tətbiq etməkdir.

Tədrisə müasir yanaşma  təlim prosesinə yenilik, innovasiya gətirilməsinə yönəldilməlidir. Bu gün respublikamızın təhsil tarixində artıq tələbəyönümlü təhsil sistemi formalaşır. Cəmiyyətimizin ehtiyac və tələbatlarına uyğun belə sistemin qurulmasında demokratikləşmə, humanistləşmə, inteqrasiya, differensiallaşma, fərdiləşmə  mühüm pedaqoji prinsiplər kimi nəzərə alınır. Müasir təhsil konsepsiyası insanın daimi inkişafına əsaslanır. Öyrənənlərə elə şərait yaratmaq lazımdır ki, onlar  özlərini dərk edə bilsinlər və öz yollarına işıq sala bilsinlər.

Tələbələri tədris prosesinə cəlb etməyin ən effektiv metodlarından biri tələbəyönümlü təhsil konsepsiyasıdır və bu metodun mahiyyəti tələbərin fəaliyyətini, aktivliyini öyrənmə prosesinin özək hissəsi kimi qəbul edərək tələbələrin maraqlarını birinci yerə qoymaqdır.

Bu sistemdə prioritet məsələlərdən biri tələbə motivasiyasının yüksək səviyyədə olmasıdır. Tələbələrdə müstəqil düşünmə bacarığını formalaşdırmaq müəllimlərin əsas meyarı olmalıdır.

Bəhs olunan yanaşmada tələbələrin dərketmə bacarıqlarının inkişaf etdirilməsi, bilik və bacarıqların müstəqil şəkildə əlaqələndirilməsi də əsas göstəricilərdən hesab edilir. Bu təhsil sisteminin digər xüsusiyyətlərindən biri də öyrənmə prosesində tələbələrə məsuliyyət və sərbəstlik təklif etməkdir. Burada təlim nəticələrinin keyfiyyəti  birbaşa tələbənin öz üzərinə düşür. Onlara verilən bu sərbəstlik tələbələrin dərsin materiallarının öyrənilməsinə nəzarət etmək iqtidarında olduğunu nəzərdə tutur, tələbələr daha da sərbəst olur və gələcək peşəkar həyatlarına asanlıqla uyğunlaşırlar.

Tələbəyönümlü təhsil tələbələrə müstəqil öyrənmə üçün məsuliyyət, özünüidarəetmə imkanlarının inkişaf etdirilməsi, auditoriya daxili və auditoriyadan kənar fəaliyyətləri üzrə aydın öyrənmə hədəflərinə sahib olmaq, öyrənmə strategiyalarını inkişaf etdirmək, öyrənmə hədəflərini müəyyənləşdirmək, özünü təhsil aldığı universitetin əvəzolunmaz bir hissəsi olaraq hiss etmək, və innovativ düşünmə bacarıqlarını inkişaf etdirmək imkanlarını yaradır. Həmçinin tələbəyönümlü təhsil tələbələrin yazılı və şifahi ünsiyyət, qrup işi və kritik analiz kimi yeni bacarıqları daha səmərəli öyrənməyə və onlara nail olmağa imkan verir.

  Xarici dil ixtisaslarında təhsil alan tələbələrin tədris edilən həmin xarici dillərdə kommunikativ bacarıqlara yiyələnməsi xüsusi əhəmiyyət kəsb edən göstəricilərdən biridir. Həmin ixtisaslarda diqqət mərkəzində olan məsələlərdən biri də tələbələrə mənimsənilmiş linqvistik vahidlərdən səlis və yaradıcı şəkildə istifadə etmək bacarıqlarının tələbəyönümlülük prinsipinə əməl etməklə aşılanmasıdır.

Bildiyimiz kimi bu gün ingilis dilini öyrənən insanların böyük əksəriyyəti bu dildən kommunikasiya vasitəsi kimi istifadə etmək bacarığına yiyələnməyi qarşılarında bir məqsəd kimi qoyurlar.  Həmçinin onu da qeyd etmək lazımdır ki, bugün Avropa təhsil sisteminə inteqrasiya prosesində olan Azərbaycanda xarici dillərin, o cümlədən də ingilis dilinin tədrisi sahəsində ciddi islahatlar baş verir. Həyata keçirilən bu islahatlar dillərin tədrisində istifadə edilən təlim metodlarını təhsilin məzmununu, tələbə-müəllim münasibətlərini, və digər sahələri əhatə edir.

Metodlardan istifadə tələbələrə öz təxəyyüllərindən istifadə etməyə, rəngarəng, maraqlı və zövq verici tapşırıqlanın həlli ilə özünü müvəffəqiyyətlə ifadə etməyə imkan verir. Kommunikativ səriştəliliyin vacibliyini vurğulayan bir çox metodist alimlərin də söylədiyi kimi, xarici dilin mənimsənilməsində kommunikativ səriştəliliyin əldə olunması təkcə qrammatik və fonetik qaydaları, leksik vahidləri tədris etməyi deyil, həm də öyrənilən dil komponentlərindən real situativ mühitdə istifadə etməyi nəzərdə tutur. Bu isə xarici dil müəllimlərindən dildən kommunikativ situasiyalarda istifadə etmək bacarığı tələb edir. Müəllimlər tələbələrə tapşırıq olaraq autentik mətnlərin verilməsi ilə ixtisas dilinin kommunikasiya vasitəsilə təlimi prosesini daha səmərəli şəkildə qura və daha uğurlu nəticələr əldə edə bilər.

  Xarici dil ixtisası verən ali məktəblərin qarşısında qoyulan əsas vəzifələrdən biri peşəsinə mükəmməl şəkildə yiyələnmiş, kommunikativ nöqteyi nəzərdən səriştəli olan yüksək səviyyəli pedaqoji kadrların hazırlanmasıdır ki, bu prosesdə tələbəyönümlü təhsilin rolu danılmazdır.

Kommunikativ dil təlimində dərs prosesi müəllimyonümlü deyil, tələbəyönümlü olur. Bu zaman müəllimin rolu ünsiyyət qurmaq, müəyyən bacarıqların yaranıb inkişaf etməsinə xidmət edən kommunikativ oyunlar üçün bütün qrupu lazımi vəziyyətə hazır etməkdir. Bütün bu fəaliyyətlər zamanı müəllim tələbələrə nəzarət edir, onları istiqamətləndirir, motivasiya edir, hətta lazım olduqda özü də iştirakçı kimi onlarla bərabər ünsiyyətə qoşulur.

Deməli, dil fakültələrində ixtisas dili kimi tədris edilən ingilis dilinin təlimi prosesinə tələbəyönümlülük prinsipinin tətbiq edilməsi onu tələb edir ki, burada istifadə edilən metod və üsulların təlim xüsusiyyətlərini, tələbələrdə olan bilik, vərdiş və bacarıqların səviyyəsini, maraq dairələrini, məqsədlərini, ehtiyac və tələbatlarını nəzərə almaqla seçilməlidir. 

Bütün bu göstəriciləri nəzərə alaraq demək olar ki, tələbəyönümlü təhsil sitemi tədris prosesinin ayrılmaz bir qoludur və xarici dil fakültələrində kommunikativ bacarıqların inkişaf etdirilməsi üçün ixtisas dilinin tədrisi prosesi tələbəyönümlülük və kommunikativlik prinsiplərinə uyğun olmaqla qurulmalıdır. 

Sərcan Sadiqova

Naxçıvan Dövlət Universiteti

İngilis dili və metodika kafedrasının müəllimi

 

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR