02 İyun 2020, Çərşənbə axşamı

Muxtar respublikamızda qızların təhsil almalarına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, əvvəllər ali məktəblərə qəbul imtahanlarında ən yuxarı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edirdisə, son illərdə onların sırasında qızların da sayı xeyli artıb. Bu baxımdan Naxçıvan şəhərində fəaliyyət göstərən, uğurlarını ildən-ilə artıran Naxçıvan Qızlar Liseyi nümunəvi təlim-tədris prosesi ilə seçilir. Liseyin fəaliyyətində əsas məqsəd burada oxuyan hər bir şagirdin gələcəkdə təhsilini hansı istiqamətdə davam etdirməsindən asılı olmayaraq, savadlı, vətənpərvər, dünyagörüşlü, Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini özündə daşıyan, milli-mənəvi dəyərlərimizə sadiq və milli adət-ənənələrimizi yaşadan, tanıdan xanım kimi böyüdülməsidir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində liseydə zəruri tədris şəraiti yaradılıb. 608 şagird yerlik lisey binası 2011-ci ildə yenidən əsaslı təmir olunaraq müasir tədris avadanlıqları ilə zənginləşdirilib. Burada 29 sinif otağı, 3 laboratoriya, 4 elektron lövhəli sinif, internetə çıxışı olan 2 kompüter otağı, müəllimlər otağı və idman zalı yerləşir. Bundan başqa, binada 2 şahmat otağı (otaqlardan biri elektron lövhəlidir) da təşkil olunub.

Liseydə tədrisin keyfiyyətinin artırılması məqsədilə zəngin kitabxananın yaradılması şagirdlərin biliklərinin, intellektual səviyyələrinin yüksəldilməsinə geniş imkanlar açıb. Təhsil ocağındakı kimya, biologiya və fizika laboratoriyaları müvafiq fənlər üzrə dərslərin tədrisinin yüksək səviyyədə aparılmasına şərait yaradır. Liseydə fəaliyyət göstərən ilk tibbi yardım kabinəsi lazımi avadanlıqlar ilə təchiz olunub. Kabinədə şagirdlərə ilk tibbi yardımın sirləri öyrədilir. Təhsil ocağında, həmçinin musiqi dərslərinin yüksək səviyyədə tədrisi üçün piano ilə təmin olunmuş musiqi otağı da mövcuddur.
Hazırda liseydə 380 şagird təhsil alır. 60 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Müəllimlərdən 4-ü “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb, 1-i “Tərəqqi” medalı ilə təltif edilib, 2-si isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.
Liseydə şagirdlərə hər həftə mənəvi dəyərlərlə bağlı keçilən həmin seminarlarda da qızlara ailə dəyərləri, əxlaqi və insani keyfiyyətlər aşılanır. Tədris müəssisəsində həm məişət işlərinin öyrədilməsi, həm də milli mətbəximizin aşılanması məqsədilə “Kulinariya”, tarixən ana və nənələrimizin yaratdıqları milli naxışların yaşadılması və öyrədilməsi üçün “Tikiş­­-toxuculuq”, qədim el sənəti olan xalçaçılığın öyrədilməsi və yaşadılması məqsədilə “Xalçaçılıq” dərnəkləri təşkil edilib. Bütün bunlar böyüməkdə olan gənc qızların hər birinin gələcəkdə gözəl ana və ailə qayğıları ilə yaşayan əsl qadın kimi formalaşmasında mühüm əhəmiyyətə malikdir.
Liseydə dərslər ümumtəhsil məktəblərinin tədris proqramı əsasında keçilir. Şagirdlər isti yemək və çayla təmin olunurlar. Günün ikinci yarısında keçilən məşğələlərdə şagirdlərə növbəti günün dərslərinin hazırlanmasında köməklik göstərilir.
Burada vaxtaşırı olaraq şagirdlərin muzeylərə ekskursiyası, şeir, rəsm, inşa yazı və dram müsabiqələri, əl işlərindən ibarət müxtəlif sərgilər təşkil edilir. Eyni zamanda muxtar respublika üzrə təşkil edilən yaradıcılıq sərgilərində də liseyin şagirdləri fəal iştirak edirlər.
Məktəbdə şagirdlər asudə vaxtlarını dəyərləndirmək üçün şahmatla və idmanla da məşğul olurlar. Liseyin idmana böyük maraq göstərən şagirdlərinin müxtəlif yarışlarda iştirakları təmin edilir.
Tədrisin yüksək səviyyədə qurulmasının nəticəsidir ki, liseyin hər il ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan məzunlarının sayı artır. Son 5 il ərzində məktəbin məzunlarından 49-u 500-700 intervalında bal toplayıb. Lisey fəaliyyətə başlayandan bu tədris ilinədək məzunlardan 5-i qızıl, 3-ü gümüş medala, 16-sı isə fərqlənmə attestatına layiq görülüb. 2016-2017-ci tədris ilinin məzunu Günnar Fərəcova ali məktəblərə qəbul imtahanlarında 691 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb və topladığı bala görə muxtar respublika birincisi olub. Ötən tədris ilində isə liseyi 48 məzun bitirib ki, onlardan da 1-i qızıl, 1-i gümüş medala, 4-ü fərqlənmə attes­tatına layiq görülüb, 13-ü isə 500-700 intervalında bal toplayıb.
Bu il fənn olimpiadalarında XI sinif şagirdləri Adilə Babayeva Riyaziyyat fənni üzrə I, Türkan Qurbanova Riyaziyyat və Jalə Rəhimli isə Biologiya fənni üzrə II yerə sahib olublar. Həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən “Sabahın tədqiqatçıları” layihəsində liseyin IX sinif şagirdi Nuray Məmməd­ovanın “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının minerallığının təyini” adlı layihəsi Moskvada keçirilən məktəblilərin “Elmə start” VIII Beynəlxalq elmi-tədqiqat və yaradıcılıq müsabiqəsində onlayn şəkildə iştirak edərək II yerin qalibi olub, medal və diploma layiq görülüb.
Liseydə təlim ümumi orta və tam orta təhsil pillələrində aparılır. Ümumtəhsil məktəbinin ibtidai təhsil pilləsini yaxşı və əla qiymətlərlə başa vuran qızların liseyə qəbulu hər tədris ilinin sonuna yaxın Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən seçmə üsulla, imtahan yolu ilə aparılır.
2020-2021-ci tədris ilində V sinifdə təhsil alacaq qız şagirdlərin liseyə sənəd qəbuluna artıq start verilib. Sənəd qəbulu mayın 29-dək davam edəcəkdir. İyunun 11-də test formatında müsabiqə yolu ilə Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri üzrə keçiriləcək imtahanlarda ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.
Hər il liseyə müraciət edənlərin sayı əvvəlki illərə nisbətən daha da artmaqdadır. Ümidvarıq ki, ötən illərdə olduğu kimi, bu il də imtahanlarda fəallıq müşahidə edəcəyik. Müsabiqədə iştirak etmək üçün səylə hazırlaşan hər bir şagirdə uğurlar arzulayırıq.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR