31 Mart 2020, Çərşənbə axşamı

Fevralın 20-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərində yerləşən Cəlil Məmmədquluzadənin ev-muzeyi arasında keçilən interaktiv dərsdə qeyd olunub ki, dahi yazıçının Naxçıvan şəhərindəki ev-muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılıb. Həmçinin Cəlil Məmmədquluzadənin vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə xatirə muzeyləri də istifadəyə verilib.

Bildirilib ki, çoxəsrlik tarixə malik olan Azərbaycan ədəbiyyatının inkişafında böyük Azərbaycan yazıçı-dramaturqu Cəlil Məmmədquluzadənin mühüm xidmətləri olub. O, Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynayıb, bütöv bir ədəbi məktəb formalaşdırıb. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış ustad Mirzə Cəlilin ərsəyə gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. 

Diqqətə çatdırılıb ki, sovet dövründə yaradıcılığı və şəxsiyyəti ideologiyanın təhriflərinə məruz qalan görkəmli yazıçı-publisistin irsi ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində toplanılaraq nəşr edilib, ciddi tədqiqatların obyektinə çevrilib. Ölməz ədibin övladı qədər sevdiyi və bütün ömrünü həsr etdiyi “Molla Nəsrəddin” jurnalının faksimelesinin latın qrafikalı Azərbaycan əlifbası ilə yeni tərtibatda, nəfis şəkildə çap edilməsi də müstəqillik dönəmində ədibin irsinə və şəxsiyyətinə göstərilən misilsiz ehtiramı nümayiş etdirir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında görkəmli ədibin adı və xatirəsi daim əziz tutulub, əsərləri, o cümlədən ikicildlik “Seçilmiş əsərləri” yeni tərtibatda nəşr edilib. Görkəmli yazıçının həyat və fəaliyyətinə həsr edilmiş simpozium və elmi konfranslar keçirilib, ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik “Naxçıvan” jurnalının bir nömrəsi Cəlil Məmmədquluzadəyə həsr olunub, adını daşıyan muzeylərin ekspozisiyaları zənginləşdirilib. Həmçinin ədibin “Hekayələr”i Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilib. Əsərləri daim teatrların repertuarlarında olub, böyük tamaşaçı rəğbəti qazanıb. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 17 yanvar tarixli “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən görkəmli ədibin yubileyinin dövlət səviyyəsində keçirilməsi, onun Naxçıvan şəhərindəki ev-muzeyi, adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrı və teatr binasının qarşısındakı əzəmətli heykəli Cəlil Məmmədquluzadə şəxsiyyətinə göstərilən ehtiramın bariz nümunəsidir.
Dərsdə vurğulanıb ki, Cəlil Məmmədquluzadənin əsərləri bu gün – Azərbaycanın müstəqilliyi dövründə də öz aktuallığını qoruyub saxlayıb.
İnteraktiv dərs 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR