17 Fevral 2020, Bazar ertəsi

Şərurda çoxlarının “İsa müəllimin məktəbi” adlandırdığı Muğanlı kənd tam orta məktəbində 16 il bundan əvvəl olmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun: “Muğanlı kənd tam orta məktəbi “Muzey məktəb”dir, çox istərdim ki, bu məktəbin gördüyü işlər muxtar respublikanın, hətta Azərbaycan Respublikasının bütün məktəblərində həyata keçirilsin” kimi dəyərli qiymətinin reallığa söykəndiyini görmüşdüm. Şair-publisist, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, Prezident mükafatçısı İbrahim Yusifoğlunun “Bir ömrün sorağında” kitabını vərəqlədikdən sonra isə həmin məktəbin 34 il direktoru vəzifəsində çalışmış, məktəbi təkcə Şərur rayonunda, muxtar respublikada deyil, ölkəmizdə tanıtmış Azərbaycan Respublikasının Əməkdar müəllimi İsa Hüseynovla – bu tanınmış ziyalı, el ağsaqqalı ilə yenidən görüşmək, onun ömür yoluna işıq salmaq istəyi ürəyimdə baş qaldırdı. Yadıma ulu öndər Heydər Əliyevin çox qiymətli bir fikri düşdü: “Veteranlar bizim qızıl fondumuzdur” və o anda onu da düşündüm ki, nə yaxşı bu gün həmin qızıl fonda böyük ehtiram göstərilir, onlar ağsaqqal yaşlarında da bizə gərək olduqlarını görürlər.

 Bütün şərurluların böyük hörmət və ehtiram göstərdikləri İsa müəllim ömrünün 69-cu ilindədir. Bu yaşda da özünü gümrah hiss edir, tez-tez məktəbə gedir, həmkarları ilə görüşür, məsləhətlərini verir. İbrahim Yusif­oğlunun ona həsr etdiyi “Müəllim ömrü” şeiri yadıma düşür:

Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.

Müəllim ömrünə yazılmış uğurlara asanlıqla nail olunmayıb. Bu uğurların arxasında yuxusuz gecələr, yaradıcılıq axtarışları, sınanılmış təcrübənin və yeniliklərin tətbiqi dayanıb. Kollektivdə kollektivçilik keyfiyyətləri yaratmaq bacarığı, işıq görünən hər kiçik tövsiyəni belə həyata keçirmək, təhsilin səviyyəsini yüksəltməyə xidmət edən yeni üsullardan istifadə İsa müəllimin iş prinsipləri sırasında olub. Fəaliyyəti əvəzsiz qalmayıb. 1994-cü ildə “Ali kateqoriyalı müəllim” adına layiq görülüb, 1995-ci ildə rəhbərlik etdiyi məktəbin iş təcrübəsi yayılıb, bülleten buraxılıb, bir neçə kitabda və mərkəzi mətbuat səhifələrində fəaliyyətinə yüksək qiymət verilib. 2004-cü ildə Azərbaycan müəllimlərinin qurultayına nümayəndə seçilib, 2006, 2008, 2010, 2014, 2015-ci illərdə məktəbin məzunlarının ali məktəbə qəbulunun nəticələrinə görə Muğanlı məktəbinin adı ölkənin ən yaxşı məktəbləri sırasına daxil edilib. 2010-cu il Muğanlı məktəbinin tarixinə qızıl hərflərlə yazılıb. Belə ki, təhsil ocağı “İlin 50 ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olub. Bu məktəbin 10-dan çox məzunu fəlsəfə və elmlər doktoru, hüquq-mühafizə orqanlarının yüksək­rütbəli əməkdaşı, iş adamıdır.
2005-2015-ci ildə 20-dək məzun 500-700 intervalında bal toplayıb, həmin dövrdə Muğanlı kəndindən 23 ailənin bütün övladları ali məktəb bitirib. İyirmiyədək şagird ölkə üzrə keçirilən fənn olimpiadalarında layiqli yerlər tutub.
Müəllim və şagirdlərə verilən fəxri fərmanların isə sayı-hesabı bilinmir...
... 2002-ci ildə “Sabah” nəşriyyatında Cavad Cavadlının çapdan çıxmış “Direktor olmaq istəyirsənsə...” adlı kitabında oxuyuruq: “Məktəbdə möhkəm nizam-intizam bərqərardır. Müəllimlər şagirdlərə şəxsi nümunədirlər. Onlar proqram materiallarını şagirdlərə dərindən mənimsətmək üçün var-qüvvələrini sərf edirlər. Təhsilin fərdiləşdirilməsi, demokratikləşdirilməsi keçmiş təlim metodlarından birdəfəlik əl çəkməyə şərait yaradıb. Məktəb psixoloqunun köməyi ilə hər bir şagirdin fərdi xüsusiyyətləri müəyyənləşdirilir. Maraq kursları məqsədyönlü şəkildə keçir. Açıq dərslər müəllimlərin yaradıcılığını, səriştəsini, öz üzərlərində necə çalışmalarını öyrənməyə imkan verir. Bütün bunlara İsa Hüseynov ciddi diqqət yetirir. O öz işini bu və bu kimi istiqamətlər üzrə qurub...”
Belə sətirlərə kitablardan, digər mətbuat orqanlarında dərc olunmuş yazılardan əlavələr gətirə bilərik. Ancaq istəyirik ki, İsa müəllim özü söhbət etsin:
– Naxçıvan ölkəmizin elə bir bölgəsidir ki, həmişə qayğıya ehtiyacı olub. Tarixin müxtəlif dönəmlərinə nəzər salsaq, bu ehtiyacın vaxtilə heç orta səviyyədə belə ödənilmədiyini görərik. Yalnız ümummilli liderimiz Heydər Əliyev respublikamıza hakimiyyətə gələndən sonra regiona olan münasibət kökündən dəyişdi. O illərdə Naxçıvanın inkişafının təməli qoyuldu. Bu inkişafa yeni vüsət verən daha böyük yüksəlişə isə 1995-ci ildən başlanıldı. Bu gün muxtar respublika həyatının elə bir sahəsi yoxdur ki, orada genişhəcmli layihələr həyata keçirilməsin, uğurlar qazanılmasın. Dahi öndərlə başlanılan yol bu gün qədim diyarı sürətli tərəqqiyə gətirib çıxarıb.
İsa müəllim Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar” sözlərini xatırladaraq söhbətinə davam edir:
– Muxtar respublikamızın sakinləri torpağa bağlı, zəhmətdən qorxmayan, necə deyərlər, daşdan pul çıxarmağı bacaran insanlardır. Üstəgəl, Naxçıvan öz yeraltı və yerüstü sərvətləri, bərəkətli və məhsuldar torpaq sahələri ilə ölkə səviyyəsində ən zəngin bir diyardır. Gəlin görək, bu gün həmin sərvətlərdən necə istifadə olunur? Burada da bir məsələni xatırlamağa dəyər: iş təkcə onunla bitmir ki, muxtar respublikada güclü iqtisadiyyata nail olmaq üçün geniş potensial var. Məsələ bu potensialdan necə istifadə etməkdir ki, bunun da son illərdə öz həllini tapması hesabına iqtisadiyyatımız xeyli güclənib. Bu gün bir qarış torpağımız belə əkilməmiş qalmır. Kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilir. Hər il muxtar respublikada genişmiqyaslı meliorasiya tədbirləri həyata keçirilir, regiona yeni kənd təsərrüfatı texnikaları gətirilir. Taxılçılığın, kartofçuluğun, heyvandarlığın və digər sahələrin inkişafı üçün yardımlar verilir. Digər tərəfdən yeni emal və istehsal sahələrinin fəaliyyəti genişləndirilir. Bu müəssisələrin məhsulları daxili bazarda yerli istehsalın çəkisini artırıb. Bəzi məhsullarımız ixrac olunur. Rəqabətədavamlı məhsul istehsalı üçün layihələr həyata keçirilir. Külli miqdarda kreditlər verilir. Bu isə sosial-iqtisadi sahədə xüsusi çəkisi olan sahibkarlığın inkişafında mühüm amillərdən biridir, həm də minlərlə yeni iş yerinin açılmasına şərait yaradır. Bir iş yeri isə bir ailənin yaşayış səviyyəsinin yüksəlməsi deməkdir. Dövlətin dayağı onun insanlarıdır. İnsanların ehtiyacının ödənilməsi isə onların muxtar respublikada güclü iqtisadiyyata nail olunmasında fəallığını artırıb. Güclü iqtisadiyyatı olan diyarda inkişafı bütün sahələrdə görmək mümkündür.
Sözünü kəsmək istəməsəm də, ona bu sualı verməkdən özümü saxlaya bilmirəm:
– Bəs təhsil sahəsi necə?
– Uzun illər bu sahədə çalışmışam. Onu bilirəm ki, təhsilin dünənini bu günü ilə müqayisə etməyə dəyməz. Bəzən düşünürəm: muxtar respublikanın elə bir ucqar dağ və sərhəd yaşayış məntəqəsi yoxdur ki, orada təhsilin inkişafı üçün nə isə edilməsin. Hələ belə ünvanlarda şəhərdə, rayon mərkəzlərində tikilmiş məktəb binalarından seçilməyən, ən azından ikimərtəbəli binaları demirəm. Bu ünvanlarda necə şərait yaradılıb? – sualının cavabı birmənalıdır. Müasir kompüter dəstləri, elektron lövhələr, zəngin kitab fondu olan kitabxanalar, idman zalları... Hansını deyim? Distant təhsil, interaktiv dərslər. Məhdud fiziki imkanlıların cəmiyyətə inteqrasiyası ilə bağlı görülən işlər dünən kiminsə yuxusuna belə girməzdi.
Bu gün elə bir orta təhsil müəssisəsi yoxdur ki, oradan ali məktəblərə qəbul olmasın. Bütün bunlar qədim diyarımızda təhsilin prioritet vəzifə olduğunu bir daha təsdiqləyir. Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri və qarşıda duran məsələlər barədə keçirilən müşavirə, eləcə də hər il ali məktəblərə yüksək ballarla qəbul olunan tələbələrlə görüşlərin təşkili onu deməyə əsas verir ki, muxtar respublikada artıq kəmiyyət yox, daha çox təhsilin keyfiyyəti diqqətə çəkilir.
Elə digər sahələrdə də, necə deyərlər, baş verən böyük inqilabi dəyişikliklər bu gün qəlbimizi fərəhlə doldurur. Burada da düşünməli olursan: Naxçıvan elə Naxçıvandır, torpaqları, təbii sərvətləri, soyuq qışı, isti yayı olan Naxçıvan. Bəs niyə sovet dönəmində bu işlərin heç 10-15 faizinə bərabər iş görülməyib? O illərdən bu qədim diyara nə qalıb? Hər beşillikdən bir-iki məktəb, mağaza və ya o vaxtın kolxoz və ya sovxoz idarələrinin binaları. Bu gün muxtar respublikada bir ildə ovaxtkı beşillikdən beş dəfə artıq işlər görülür.
İsa müəllim bildirir ki, Naxçıvanın hər bir guşəsi onun üçün əzizdir. Ən azından bu yurd yeri ölkəmizi dünyada tanıdan ulu ­öndərin Vətənidir. Bu gün dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasətə böyük ehtiramın ifadəsidir ki, Naxçıvan özünün firavan günlərinə qovuşub. İndi Şahbuzun ən ucqar dağ kəndində tikilmiş məktəb binası Culfa şəhərinin mərkəzində tikilmiş təhsil ocağının binasından seçilmir. Bütün bunlar muxtar respublika rəhbərinin Naxçıvanın hər bir guşəsinə eyni qayğı, eyni məhəbbətlə yanaşmasının ifadəsidir.
Həmsöhbətim doğulub boya-başa çatdığı Şərurun dünəni və bu gününü də konkret faktlarla müqayisə edir: – Bir vaxtlar ucqar əyalət yaşayış məntəqəsindən seçilməyən bu yurd yeri müasirlik donundadır. 60-dan yuxarı kənd yaşayış məntəqəsi olan rayonun bütün idarə, müəssisə və təşkilatları müasir iş şəraiti ilə təmin edilən yeni binalarda fəaliyyət göstərir. Rayon mərkəzindəki Heydər Əliyev prospektindəki park şərurluların ən çox üz tutduğu ünvanlardan biridir.
Coğrafi relyefinə görə Şərurun kəndləri aran və dağlıq zonalarda, Araz qırağında yerləşir. Qürurverici hal ondadır ki, bu gün Şərurun yaşayış məntəqələrinin hamısına müasir yollar salınıb, körpülər tikilib, yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri həyata keçirilib. Kənd təsərrüfatının inkişafına yaşıl işıq yandırılıb. Bütün bunlar şərurluların qurub-yaratmaq əzmini yüksəldib, onların yaşayış səviyyəsini xeyli yaxşılaşdırıb.
İsa müəllim onu da dilə gətirir ki, Şərurun son illərdəki tarixinə qızıl hərflərlə yazılan ən böyük hadisələrdən biri də Günnüt kəndinin erməni qəsbkarlarından alınmasıdır. Həmsöhbətim bunun muxtar respublikamızda aparılan çoxillik ordu quruculuğu nəticəsində mümkün olduğunu bildirərək deyir ki, rayonun inzibati xəritəsində özünəməxsus yer tutan bu yaşayış məntəqəsi əkinçilik, maldarlıq, arıçılıq üçün münbit torpaqlara malikdir. Artıq o kənddə də qaynar həyatın bərpası muxtar respublikada vətənpərvərliyin, doğma yurd yerlərinə bağlılığın göstəricisidir, – deyən İsa müəllim əsarətdə olan digər torpaqlarımızın da geri alınacağını böyük əminlik və ruh yüksəkliyi ilə vurğulayır.
Bu vaxt həyat yoldaşı Bəsti xanım süfrəyə çay gətirir. 50 ilə yaxın birgə ömür sürən bu insanların övladlarını da cəmiyyət üçün gərəkli fərdlər kimi yetişdirdiklərini düşünürəm. İsa müəllimdən onlar barədə danışmağı xahiş edəndə nurlu çöhrəsinə təbəssüm qonur:
– 2 oğul, 3 qız böyütmüşük. Hamısı ali təhsil alıb, ailə qurublar. Hər iki oğlum orta məktəbi fərqlənmə attestatı ilə bitirib, Azərbaycan Tibb Universitetinə daxil olub, orada da göstərilən etimadı doğruldublar. Qızlarımın biri Naxçıvan Dövlət Universitetini, ikisi Naxçıvan Müəllimlər İnstitutunu bitirərək atalarının yolu ilə gedir, müqəddəs müəllim peşəsində çalışırlar.
İsa müəllimlə söhbət bir el ağsaqqalının ürək sözlərini yadıma saldı: televizoru açırsan, haradasa məktəb, haradasa həkim ambulatoriyası, hərbi hissə üçün əsgər yataqxanası, ucqar dağ kəndində xidmət mərkəzi və ya nasos stansiyasının açılışını görürsən. Açılışlara toplanan insanların üzləri gülür, çöhrələri təbəssümə bürünür. Bu təbəssüm muxtar respublikanın inkişafını ən yüksək səviyyədə təmin edən, bu qədim diyarı intibaha qovuşduran Ali Məclis Sədrinə minnətdarlıq ifadəsidir.
İsa Hüseynovun söhbətində nə qədər böyük həqiqət olduğunu isə, əziz oxucu, sən də təsdiq edərsən. Çünki sən də düzgün seçilmiş yolun necə gedildiyini görürsən, bu yol sənin həyatında da böyük dəyişikliklər yaradıb, sən də üzündə təbəssüm o açılışlarda iştirak edirsən və təbii ki, bu yolun əbədi olmağını arzulayırsan. Bu yolda hər bir naxçıvanlı öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərir. Bilir ki, bütün bunlar onu, onun ailəsinin, qohum-əqrəbasının, sənin, mənim, hamımızın sabahı üçündür. İsa Hüseynov da həyatını belə qurub. Onun ömrünə yazılanlar bir ziyalı həyatının yaşantılarıdır və İsa müəllimi hamımız üçün sevimli insana çevirib.

 Muxtar MƏMMƏDOV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR