24 Fevral 2020, Bazar ertəsi

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir”. Dahi rəhbərin bu deyimində böyük həqiqət var və O, bütün fəaliyyəti boyu uşaqlara xüsusi qayğı ilə yanaşıb. Ulu öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda uğurla davam etdirilir. Naxçıvan şəhərində, rayon mərkəzlərində yeni bağça binaları inşa olunur, mövcud olanlar yenidən qurulur, onların maddi-texniki bazaları gücləndirilir. Məktəbyaşlı uşaqların orta məktəbə hazırlanması, onlarda ilkin vərdişlərin yaradılması və düzgün istiqamətləndirilməsi üçün tədbirlərin həyata keçirilməsi hamımız tərəfindən yüksək dəyərləndirilir. Valideynlər öz uşaqlarını əminliklə belə müəssisələrə etibar edirlər. Uşaq bağçalarında tərbiyə alan balacalar məktəbə gedərkən öz fəallıqları ilə seçilir, məktəbdaxili intizam qaydalarını bilirlər. Belə bağçalardan biri də Şərur şəhərində fəaliyyət göstərir. Bu günlərdə həmin bağçada oldum.

Məktəbəqədər tərbiyə müəssisəsinin müdiri Günel Əliyeva söhbət zamanı həm bir sakin, həm də qadın kimi muxtar respublikamızda fəaliyyət göstərən uşaq bağçalarında hərtərəfli şəraitin yaradılmasını fidanlara göstərilən ən böyük qayğı kimi dəyərləndirildiyini bildirdi. Öyrəndik ki, bu bina 2010-cu ildə istifadəyə verilib. 3 mərtəbədən ibarət bağça 250 yerlikdir və burada 2 körpə, 4 orta, 3 böyük, 4 məktəbəqədər hazırlıq qrupları var. Uşaqların təlim-tərbiyəsi ilə 30 tərbiyəçi müəllim, 16 xadimə-dayə məşğul olur. Bağçanın həyətində əyləncə qurğuları quraşdırılıb körpələrin ixtiyarına verilib. Bağçada camaşırxana, yataqxana, məşq zalı var.
Məktəbəqədər tərbiyə müəssisəsində xüsusi qayğıya ehtiyacı olan 3 uşaq diqqətimizi çəkdi. Həmin uşaqlar məktəbəqədər hazırlıq qrupundadır. Onlarla fərdi hazırlığa üstünlük verilir.
Öyrəndik ki, hər qrup üçün otaq ayrılıb, məşğələ cədvəli tərtib edilib. Uşaqlara yaşlarına müvafiq olaraq müxtəlif ibtidai bilgilər verilir, əyləncəli oyunlar təşkil edilir, şeirlər öyrədilir, nağıllar danışılır. Bütün bunlar isə uşaqların nitq qabiliyyətini formalaşdırır, onların söz ehtiyatını artırır. Bağçada komandalar şəklində keçirilən yarışlar uşaqlara həm də ilkin kollektivçilik hissləri aşılayır. Bu baxımdan idman məşğələləri onların daha çox xoşuna gəlir.

Qabiliyyət və bacarığı ilə seçilən uşaqların əl işləri hazırlamalarına, rəsm çəkmələrinə diqqətlə yanaşılır, kağızdan, plastilindən düzəldilmiş müxtəlif nümunələrdən ibarət sərgilər təşkil olunur. Bağçanın fəal üzvlərindən olan Gülnur Əliyeva, Zəhra Əliyeva, Zeynəb Məmmədli və başqalarının maraqlı rəqslərinə də tamaşa etdik.
Uşaqlar ulu öndərimizə, doğma yurdumuza həsr olunmuş şeirləri bədii qiraət etdilər, nağıllar söylədilər. Bir sözlə, bağçada onların dünyagörüşünün hərtərəfli formalaşdırılması, məktəbəhazırlıq səviyyəsinin artırılması və mənalı istirahətləri üçün lazımi şərait yaradılıb. Onu da öyrəndik ki, uşaqlar üçün ekskursiyalar təşkil edilir, zəngin təbiətimizlə tanışlıq diqqət mərkəzində saxlanılır.
Bağçaya cəlb olunmuş uşaqların sağlam və yerli ərzaq məhsulları ilə təchizatına da nəzarət olunur.
Burada görüşdüyümüz valideyn Pərinaz Tağıyeva bildirdi ki, bağçada yaradılan şərait övladlarımızın sağlam böyüməsinə xidmət edir. Muxtar respublikamızda uşaqlarımıza göstərilən dövlət qayğısından qürur duyuram.
Bağçadan və buradakı şən, xoşbəxt uşaqlardan ayrılarkən Ali Məclis Sədrinin uşaqlarla bağlı dəyərli fikirlərini xatırladım: “Uşaqlara qayğı göstərmək, onları himayə etmək gələcəyimizə hesablanmış tədbirlərdir. Ona görə də məktəbəqədər tərbiyə müəssisələrində uşaqların tərbiyəsi, onlara ilkin biliklərin dərindən öyrədilməsi, məktəbə hazırlanması və əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır”.
Haqqında bəhs etdiyimiz Şərur şəhərindəki bağçaya uşaqlarını etibar edən valideynlər də bunu görür, yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirirlər.

Günay İBRAHİMOVA
Naxçıvan Dövlət Universitetinin II kurs tələbəsi

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR