09 Aprel 2020, Cümə axşamı

Dünən Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında “Naxçıvanın muxtariyyəti: tarix və müasirlik” mövzusunda interaktiv dərs keçilib.

 Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü ərəfəsində təşkil olunan interaktiv dərsdə AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli muxtariyyətin Azərbaycanın siyasi tarixində əhəmiyyəti, Naxçıvanın muxtariyyət statusu, inkişaf yolu və müstəqillik illərində bu qədim diyarda müxtəlif sahələrdə fasiləsiz aparılan irimiqyaslı quruculuq və abadlıq işləri haqqında məlumat verib.

Bildirilib ki, 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılması bu qədim diyarın gələcək müqəddəratının həlli, ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından çox mühüm siyasi əhəmiyyətə malikdir. Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmışdır. Bu mənada, ulu öndər Heydər Əliyevin Naxçıvanın Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi muxtariyyəti böyük tarixi nailiyyət adlandırması təsadüfi deyildir.

Bildirilib ki, günbəgün gözəlləşən, tarixin canlı salnaməsinə çevrilən ulu diyarımızın bu gününü müstəqillik illərindən əvvəlki dövrü ilə müqayisə edəndə onun, sözün həqiqi mənasında, özünün yeni inkişaf mərhələsini yaşadığı aydın görünür. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında hərtərəfli və dayanıqlı inkişafa nail olunub, rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək genişmiqyaslı quruculuq işləri aparılıb, yeni sosial obyektlər, inzibati binalar istifadəyə verilib, istehsal sahələri yaradılıb, yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Naxçıvanın hər bir sakini quruculuğun, sosial-iqtisadi inkişafın və davamlı yüksəlişin real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Vurğulanıb ki, Naxçıvan muxtariyyət tarixinin 96-cı ildönümünü doğma Vətənimizə və xalqımıza qazandırdığı böyük nailiyyətlərlə qeyd edir. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan hər gün tikilib qurularaq, ucalıb inkişaf edərək böyük sabahlara doğru inamla yol gedir. Bütün bunlar isə muxtariyyətin bəhrələri olmaqla yanaşı, həm də muxtar respublika rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsidir.
İnteraktiv dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR