15 Yanvar 2021, Cümə

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “Abituriyent-2020: buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar keçirilib.
Abituriyentlərin imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı onların məlumatlandırılması məqsədilə keçirilən seminarda Təhsil Nazirliyinə birbaşa tabe müəssisələrin və Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan 110 şagird iştirak edib.

Seminarda Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərova “2020-2021-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı və 2020-ci ildə keçiriləcək qəbul imtahanının tarixləri”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova “Buraxılış və qəbul imtahanlarına hazırlıq, ixtisas seçimi zamanı nələrə diqqət etməli”, Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin psixoloqu Nubar Abdullayeva “Abituriyentlərə imtahanqabağı psixoloji dəstək” mövzularında çıxış ediblər. Qeyd olunub ki, artıq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ildə keçiriləcək ali və orta ixtisas müəssisələrinə qəbul imtahanlarının təqvimi təsdiq olunub. Abituriyentlər buraxılış və qəbul imtahanlarına yaxşı hazırlaşmalı, nəticələrə uyğun düzgün ixtisas seçimi etməlidir.
Onlar topladıqları bala uyğun ali təhsil müəssisəsini düzgün seçməlidirlər. Unutmamalıdırlar ki, imtahanqabağı psixoloji hazırlıq, diqqətin toplanması, stresdən azad olmaq yolları, düzgün qurulmuş hazırlıq prosesi və pozitiv düşüncə, əməl edilməli olan qida rasionunun seçilməsi hər bir məzun üçün vacib məqamlardan hesab olunur. Bütün bunlara düzgün və vaxtında əməl etmək isə hər bir abituriyentin uğur qazanmasına səbəb olan başlıca amillərdəndir.
Bildirilib ki, buraxılış və qəbul imtahanlarına hazırlaşmaq üçün əvvəlcə düzgün, sistemli bir hazırlıq proqramına sahib olmaq lazımdır. İmtahan zamanı vaxtdan səmərəli istifadəetmə, abituriyentin imtahanda bildiyi testdən başlaması onun stress və həyəcanının azalmasına, diqqətini daha asanlıqla toplamasına kömək edəcəkdir.
Seminarda abituriyentlərə buraxılış və qəbul imtahan qaydaları ilə bağlı məlumat verilib və onlara imtahan zamanı qadağan olunan hərəkətlər izah edilib.
Sonda mövzularla bağlı suallar cavablandırılıb, abituriyentlərə imtahanqabağı əlavə tövsiyələr verilib.
Qeyd edək ki, abituriyentlər üçün təşkil olunan seminar muxtar respublikanın rayonlarında da keçiriləcək.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR