04 Avqust 2020, Çərşənbə axşamı

Bu gün ölkəmizdə ulu öndərimiz Heydər Əliyevin adını daşıyan ünvanlar hər bir azərbaycanlı üçün ən müqəddəs yerlərdir. Bütün mənalı həyatı və fəaliyyəti boyu canından artıq sevdiyi Azərbaycanın çiçəklənməsi, güclü dövlətə çevrilməsi üçün çalışan və ideyalarını gerçəkləşdirən görkəmli dövlət xadiminin parlaq obrazı hər birimiz üçün daimi və əbədidir. Doğulub boya-başa çatdığı, ölkəmiz üçün taleyüklü qərarlar qəbul etdiyi Naxçıvanda da dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirildiyi ünvanlar az deyil. Onlardan biri də Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdir. 

2014-cü il sentyabr ayının 2-də Naxçıvan şəhərinin Babək məhəlləsində yeni məktəb binasının istifadəyə verilməsi təkcə təhsil ictimaiyyətinin deyil, bütün muxtar respublika sakin­lərinin sevincinə səbəb oldu. Açılış mərasimində ulu öndər Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev də iştirak edirdi. Bu, sadəcə, bir məktəb binasının istifadəyə verilməsi deyildi, ümummilli liderimizin təşəbbüsü ilə tikilən və həm də onun adına ucaldılan bir abidənin açılışı idi. Açılış mərasimində iştirak edən dövlət başçısı deyib: “Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu həm memarlıq baxımından gözəl binadır, eyni zamanda burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun”. 

Ölkə başçısının bu sözlərini pedaqoji kollektiv özünün fəaliyyət proqramına çevirib. Bu səbəbdəndir ki, hər tədris ili yüksək nəticələrlə başa çatır. İlk ən böyük nəticə isə məktəbin 2007-2008-ci tədris ilinin yekununa görə ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmasıdır. Heydər Əliyev adına tam orta məktəbin muxtar respublikada digər təhsil ocaqları üçün bir nümunə səviyyəsinə çatması, tədrisin və təlim-tərbiyə prosesinin təşkilində burada əldə olunmuş təcrübənin geniş şəkildə yayılması ciddi əsaslar yaratdığına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” 2014-cü il 21 avqust tarixli Sərəncam imzalayıb. Həmin sərəncama əsasən ok­tyabr ayının 22-də məktəbin 10 illiyi təntənəli şəkildə qeyd edilib.

Dörd mərtəbədən ibarət olan məktəbdə 60 sinif komplekti, 5 elektron lövhəli sinif, 3 kompüter otağı, kimya, biologiya və fizika laboratoriyaları, kitabxana, hərbi kabinə, 2 şahmat sinfi və müəllimlər otaqları, emalatxana və idman zalı vardır. Hazırda 1279 şagirdin təhsil aldığı məktəbdə 94 müəllim çalışır.
Sinif otaqları və fənn kabinələrində yaradılan şərait dərslərdə əyaniliyin təmin olunmasına imkan verir. Bütün bunlar, ilk növbədə, şagirdlərin yüksək səviyyədə təhsil almasına, Azərbaycançılıq ideyalarına sadiq, müstəqil və yaradıcı düşünən gənc kimi yetişməsinə geniş imkanlar açır. Məktəbin kompüter otaqlarında 57 kompüter dəsti quraşdırılıb, internetə çıxış təmin olunub. Həmçinin elektron lövhəli siniflərdə və laboratoriyalarda da müasir tədris imkanları yaradılıb, elektron dərsliklər və əyani vəsaitlərlə təminat yüksək səviyyədə təşkil olunub. Tədris ocağının kitabxana fondunda 18 minə qədər dərslik və bədii ədəbiyyat müəllim və şagirdlərin istifadəsinə verilib.
Məktəbin direktoru Elmira Həsənova qeyd etdi ki, kollektiv bu təhsil ocağında müstəqil dövlətimizin gələcəyi üçün bilikli, vətənpərvər, müstəqilliyimizin keşiyində durmağı vətəndaşlıq borcuna çevirən gənclər yetişdirilməsi məqsədilə bütün imkanlarını səfərbər edir. Müəllimlər unutmurlar ki, burada görülən hər bir iş ulu öndərin adına, Onun ideyalarına layiq olmalıdır. 15 il ərzində məktəbi yüksək qiymətlərlə bitirənlərdən fərqlənmə attestatı, “Qızıl” və “Gümüş” medal alan məzunlar etimadı yüksək səviyyədə doğruldurlar. Məktəbin şagirdlərindən birinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl ­kitabı”na salınıb.

Təhsil ocağının qazandığı uğurlar belə deməyə əsas verir ki, pedaqoji kollektiv məsuliyyətini dərindən dərk edir, işini dahi rəhbərin adına layiq səviyyədə qurmağa səy göstərir. Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin statistik məlumatlarında Heydər Əliyev adına tam orta məktəb ölkəmizin ən yaxşı məktəbləri sırasında layiqli yerini qorumaqdadır.
Məzunlar 2018-2019-cu tədris ilində də məktəbin tarixinə yeni uğurlar yazıblar. Təhsil ocağını bitirmiş 63 məzundan 4-ü fərqlənmə attestatına, 2-si “Qızıl”, 2-si isə “Gümüş” medala layiq görülüb. Məzunların 56-sı ali, 2-si orta ixtisas məktəblərinə qəbul olunub. İmtahanlarda 15 abituriyent 500-700 arası bal toplayıb. Tələbə adını qazananlardan biri Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb.
2011-2019-cu illər ərzində 15 şagird ümumrespublika olimpiadalarında qalib olub, Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanlarını alıb. Ölkə üzrə şahmat çempionatında Nəsrin Babayeva mükafata layiq görülüb. Tayfur Əliyevin uğurlarını isə bütün naxçıvanlılar bilirlər.
Artıq 2019-2020-ci tədris ilinin I yarımili başa çatmaqdadır. Heydər Əliyev adına tam orta məktəbin kollektivi qarşıdan gələn qəbul imtahanlarında yeni uğurlar qazanmaq üçün bütün qüvvəsini səfərbər edib. Bu tədris ili məzun olacaq 60 məktəbli dərs, dərnək və əlavə məşğələlərdə on bir il elmin sirlərini öyrəndikləri müəllimlərindən son bilgilərini alırlar. Müəllimlər isə çəkdikləri zəhmətin yenə də hədər getməyəcəyinə inanırlar.
Yeri gəlmişkən onu da qeyd edək ki, qazanılan uğurlarda başlıca sima olan müəllimlərin əməyi layiqincə qiymətləndirilib. Məktəbin 5 müəllimi Azərbaycan Respublikasının, 5 müəllimi isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adlarına layiq görülüb, 4 müəllimi “Tərəqqi” medalı ilə təltif edilib, 1 müəllim isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.
Ulu öndərimiz Heydər Əliyev ­deyirdi: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Heydər Əliyev adına tam orta məktəbin kollektivi görkəmli dövlət xadiminin bu tövsiyəsini əldə rəhbər tutaraq qazandığı nailiyyətləri son hədd hesab etmir. Yaradılan şərait, göstərilən diqqət və qayğı müqabilində rekord uğurlara nail olmaq əzmi ilə çalışır. Məktəbin uğuru isə cəmiyyətin uğurudur.

 Muxtar MƏMMƏDOV